Ana Sayfa > Siyasət > Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan onun dilidir

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan onun dilidir


Dünən, 17:19. Yazar: sevinc1
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan onun dilidir

Dil – sadəcə ünsiyyət vasitəsi deyil, bir millətin yaddaşı, kimliyi, ruhu və tarixidir. Hər bir xalqın milli-mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında və gələcək nəsillərə ötürülməsində dilin rolu əvəzolunmazdır. Azərbaycan xalqının tarixində bu həqiqətin canlı nümunəsini Ulu Öndər Heydər Əliyevin ana dilinə olan dərin sevgisində, onun qorunması və inkişafı uğrunda apardığı mübarizədə aydın şəkildə görmək mümkündür. Əsrlər boyunca müxtəlif imperiyaların tərkibində yaşamış xalqımız öz dilini, milli-mənəvi dəyərlərini itirmədən bu günə qədər gəlib çatmışdırsa, bu, ilk növbədə ana dilimizə göstərilən sədaqət və məhəbbət nəticəsində mümkün olmuşdur. XX əsrin ikinci yarısında, xüsusilə 1970-ci illərdə SSRİ-nin imperiya siyasətinin daha da gücləndiyi bir dövrdə milli dillərin sıxışdırılması, rus dilinin tək hakim dil kimi təqdim olunması cəhdləri müşahidə olunurdu. Belə bir siyasi mühitdə Azərbaycan dilinin qorunması, hətta onun dövlət dili kimi Konstitusiyada təsbit olunması, hər hansı sıravi rəhbərin deyil, yalnız böyük siyasi iradə sahibi olan, öz xalqını dərindən sevən və onun tarixi məsuliyyətini çiyinlərində daşımağı bacaran şəxsiyyətin – Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, dil bir xalqın varlığını yaşadan əsas faktordur. Dövlətin, millətin inkişafı üçün iqtisadi və hərbi qüvvə nə qədər vacibdirsə, mənəvi əsaslar da bir o qədər önəmlidir. Azərbaycan dili, məhz bu mənəvi sütunun ən önəmli dayağıdır. Müstəqilliyimizin rəmzlərindən biri olan dilimiz, milli himnimiz, gerbimiz və bayrağımız qədər müqəddəsdir. Bu müqəddəslik anlayışı yalnız mədəni deyil, həm də siyasi məna daşıyır. Çünki xalqın birliyini təmin edən əsas vasitələrdən biri onun ortaq dilidir. Dilin güclənməsi isə millətin özünüdərkinin, milli ideologiyanın, vətənpərvərliyin inkişafında mühüm rol oynayır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bu gün Azərbaycan Respublikasında aparılan dövlət dil siyasəti, məhz Ulu Öndərin yaratdığı ideoloji xəttin davamıdır. Ana dilində təhsil hüququ, Azərbaycan dilinin bütün rəsmi və ictimai sahələrdə istifadəsi, media və nəşriyyatların milli dildə fəaliyyət göstərməsi, dilin normativ bazasının təkmilləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər Heydər Əliyev siyasi məktəbinin milli-mənəvi dəyərlərə bağlılığının bariz nümunəsidir. Daha da önəmlisi, bu siyasət yalnız daxili idarəçilik baxımından deyil, xarici siyasi müstəvidə də milli maraqların qorunmasının bir hissəsidir. XXI əsrin qloballaşma çağırışları fonunda bir çox xalqlar öz dil və mədəni kimliklərini itirmək təhlükəsi ilə üz-üzə qalarkən, Azərbaycan dövləti ana dilini gücləndirməklə milli təhlükəsizlik kontekstində strateji addımlar atmaqdadır. Bu, həm də Azərbaycanın diaspor siyasətinə birbaşa təsir edir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli köklərə bağlı qalması, doğma dillərində düşünməsi və danışması, ana dilində təhsil alması üçün yaradılan şərait milli birliyin qorunması üçün mühüm amildir. Ulu Öndər Heydər Əliyevin siyasi irsində ana dilinə olan münasibət təkcə nostalji və romantik hisslərin ifadəsi deyil, həm də milli dövlət quruculuğunun əsas prinsiplərindən biri kimi qəbul olunurdu. O, bu istiqamətdə düşünülmüş, ardıcıl və sistemli tədbirlər həyata keçirmiş, Azərbaycan dilinin yalnız qorunması deyil, həm də inkişaf etdirilməsi, zənginləşdirilməsi üçün hüquqi və institusional zəmin yaratmışdır. Bütün bu faktlar göstərir ki, dil yalnız ədəbi və mədəni varlıq deyil – o, siyasi atributdur. Dövlət dili statusunun hüquqi təsbiti, bu statusun gündəlik həyatda tətbiqinin təmin olunması, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilməlidir. Nəticə olaraq qeyd etmək lazımdır ki, xalqın milli-mənəvi dəyərlərinin əsasını təşkil edən dil, dövlətçiliklə, siyasi iradə ilə və strateji düşüncə ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevin ana dilimizə verdiyi dəyər, onun qorunması və inkişafı uğrunda apardığı mübarizə müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün möhkəm ideoloji və mənəvi bünövrə formalaşdırmışdır. Bu gün biz onun uzaqgörən siyasətinin bəhrəsini yaşayırıq və bu bünövrə üzərində daha güclü, daha vətənpərvər cəmiyyət qurmağa davam edirik.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Geri dön