Ana Sayfa > Manşet / Siyasət / Özəl > Azər Kərimli: Heydər Əliyev Azərbaycan dilinin inkişafında öz imzası olan tarixi şəxsiyyətdir
Azər Kərimli: Heydər Əliyev Azərbaycan dilinin inkişafında öz imzası olan tarixi şəxsiyyətdirDünən, 14:12. Yazar: sevinc1 |
![]() Minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müxtəlif təzyiqlərə məruz qalsa da öz varlığını qoruyub saxlamışdır. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Həmin dövrdə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da sürətləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bəyan etdi. Mövzu ilə bağlı millət vəkili Azər Kərimliyə müraciət etdik. A.Kərimli dedi: “Dövlətçiliyin inkişafında dövlət və ana dili uğrunda apardığı mübarizə çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dil quruculuğu siyasətinin əsasını təşkil etmişdir. Məhz buna görə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə dövlətçiliyin əsas atributu olan Azərbaycan dilinin inkişafında Heydər Əliyev öz imzası olan tarixi şəxsiyyətdir.” 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyev 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu. Millət vəkili Azər Kərimli bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşağıdakı işləri həyata keçirib. “Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında təsbit olunub, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalardan fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışan respublika rəhbəri başqalarına nümunə olub.” 1995-ci ildə qəbul edilən müstəqil dövlətmizin Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Azər Kərimli Ulu öndərin hər zaman dillə bağlı məqamlara xüsusi diqqət yetirdiyini, bunun bariz nümunəsinin isə 29 dekabr 2000-ci ildə yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində dediyi fikirlər olduğunu bildirdi: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qramatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.” Geri dön |