Ana Sayfa > Siyasət > Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini dövlət dili kimi təsbit etdi və siyasi iradənin təntənəsini göstərdi

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini dövlət dili kimi təsbit etdi və siyasi iradənin təntənəsini göstərdi


Dünən, 17:01. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyev  Azərbaycan dilini dövlət dili kimi təsbit etdi  və siyasi iradənin təntənəsini göstərdi

1970-ci illərin ortalarında SSRİ-də milli dillərin sıxışdırılması siyasəti daha da sərtləşmişdi. Bu cür siyasi və ideoloji mühitdə ana dilinin qorunması və inkişafı uğrunda danışmaq belə böyük cəsarət tələb edirdi. Məhz bu cür mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli kimliyini, mədəni irsini və ana dilini qorumaq naminə misilsiz cəsarət göstərərək, dil məsələsində qəti mövqe nümayiş etdirdi. 1930-cu illərdə dil məsələsini gündəmə gətirənlərin ağır repressiyalara məruz qalması hələ də kollektiv yaddaşda idi. Lakin Heydər Əliyev heç bir təzyiqdən çəkinmədən Azərbaycan dilini yüksəklərə qaldırdı. Bu, təkcə cəsarət deyil, həm də Vətənə, xalqa və milli dəyərlərə sadiqliyin bariz nümunəsi idi. Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması, Ümummilli Liderin siyasi iradəsinin, strateji düşüncəsinin və xalqına olan dərin sevgi və hörmətinin nəticəsi idi. 1978-ci il 27 aprel tarixi, Azərbaycan dili üçün dönüş nöqtəsi oldu. Bu təşəbbüs, sadəcə hüquqi sənəddə bir cümlənin yer alması deyil, Azərbaycanın milli-mədəni varlığının tanınması və qorunması istiqamətində böyük bir siyasi qələbə idi. Bu qərar, həm SSRİ rəhbərliyinə qarşı susqun müqavimət, həm də milli ruhun yaşadılması üçün zəruri zəmin idi. Ulu öndər Heydər Əliyev təkcə həmin dövrün deyil, gələcəyin də lideri idi. O, çox gözəl bilirdi ki, dil milli kimliyin təməlidir və dövlət müstəqilliyi uğrunda mübarizədə əsas dayaqlardan biri olacaq. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyası layihəsinin müzakirəsində onun “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” təklifi gələcək müstəqil Azərbaycanın hüquqi, mənəvi və siyasi əsaslarının qurulmasında həlledici rol oynadı. Bu addım, sonralar Azərbaycan Respublikasının dövlət atributları və milli özünüdərk prosesi üçün baza funksiyasını daşıdı. Ulu öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, hər bir xalqı xalq edən onun dili, milli-mənəvi dəyərləridir. Azərbaycan dili, milli kimliyimizin qoruyucusu, mədəni yaddaşımızın daşıyıcısıdır. Dövlət rəmzlərimiz olan himn, gerb və bayraq kimi, dilimiz də müqəddəsdir və toxunulmazdır. Bu yanaşma, dövlət idarəçiliyində mədəniyyət və mənəviyyata verilən yüksək önəmin bariz nümunəsi kimi tarixə düşmüşdür. Ulu Öndər Heydər Əliyev dilimizə dövlət dili statusunun verilməsi ilə kifayətlənmədi. O, bu istiqamətdə ardıcıl və məqsədyönlü mübarizə apardı. O, SSRİ Konstitusiyası çərçivəsində təhsil hüququnun dil seçimində əksini tapmasının zəruriliyini vurğulayaraq, ana dilində təhsilin qorunmasını əsas hədəf kimi irəli sürdü. Onun bu fikirləri ana dilinin hüquqi müstəvidə müdafiəsi və təşviqi üçün əsaslı arqumentlər idi. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan dilinin inkişafı üçün mühüm tədbirlər həyata keçirildi. Dilçi alimlərə göstərilən xüsusi diqqət, ana dilində nəşrlərin artırılması və maarifləndirici tədbirlərin genişləndirilməsi bu siyasətin təməl daşı oldu. Bu, dövlət siyasətində milli dəyərlərin, xüsusilə də ana dilinin prioritetlər sırasında yer aldığını nümayiş etdirirdi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən, dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülsə də, Ulu Öndər Heydər Əliyev bu məsələdə də qəti mövqe nümayiş etdirdi. Onun "Azərbaycan dili ilə fəxr edə bilərik" fikri, xalqın milli qürurunun və özünüdərk hissinin ən bariz ifadəsi idi. Nəticədə, Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit olundu. Bu, milli ruhun qələbəsi idi. Ulu öndər Heydər Əliyev, dilimizin keçmişi ilə yanaşı, bu günkü durumu və qarşılaşdığı çətinlikləri də hər zaman diqqətdə saxlamışdır. Bu məqsədlə o, 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı və Dövlət Dil Komissiyasını yaratdı. Bu fərmanla dövlət dilinin tətbiqi sahəsində sistemli işlərin görülməsi üçün hüquqi və təşkilati baza yaradıldı. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il 9 avqust tarixində imzalanan Fərmana əsasən hər il 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu, ana dilimizə və onun simvolik daşıyıcısı olan əlifbamıza verilən dəyərin rəmzidir. 2002-ci il 30 sentyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə Heydər Əliyev dil siyasətinin hüquqi ifadəsidir. Qanun, Azərbaycan dilinin qorunması, işlədilməsi və dünya azərbaycanlılarının dil ehtiyaclarının ödənilməsi üçün əsas hüquqi mexanizmləri müəyyən etmişdir. Bu, Ulu Öndərin dil siyasətinin davamlılığını təmin edən mühüm sənəddir. Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması təkcə hüquqi bir məsələ deyil, milli ideologiyanın təməl sütunlarından biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin ana dili uğrunda apardığı mübarizə, bu siyasətin dövlət idarəçiliyi səviyyəsində prioritetə çevrilməsi və gələcəyə hesablanmış qərarlarla təmin olunması, milli dövlətçiliyin formalaşmasında əvəzsiz rol oynamışdır. Bu gün müstəqil Azərbaycan Respublikası, məhz bu tarixi zəmin üzərində inamla irəliləyir.


Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.

Geri dön