Ana Sayfa > Manşet / Siyasət / Özəl > Türkiyə-İsrail münasibətlərində Azərbaycanın unikal rolu
Türkiyə-İsrail münasibətlərində Azərbaycanın unikal rolu18-04-2025, 16:07. Yazar: sevinc1 |
![]() “Azərbaycan, Türkiyə ilə İsrail arasındakı münasibətlərdə unikal mövqe tutur. Coğrafi, mədəni və siyasi baxımdan bu iki ölkəyə yaxınlığı ilə seçilən Azərbaycan, tərəflər arasında balans yaradan, diplomatik körpü funksiyasını yerinə yetirən və regional sabitliyə töhfə verən nadir dövlətlərdən biridir. Azərbaycanın bu rolu həm regionun gələcəyi, həm də Türkiyə-İsrail münasibətlərinin sağlam zəmində inkişafı baxımından əhəmiyyətlidir.” Bu fikirləri siyasətçi Elçin Əliyev Türkiyə-İsrail münasibətlərini şərh edərkən aia.az-a verdiyi açıqlamasında bildirib. Elçin Əliyev əlavə olaraq bildirib ki: “Son illərdə beynəlxalq siyasətdə mürəkkəb dinamika müşahidə olunur və bu kontekstdə Yaxın Şərq regionunda baş verən proseslər, xüsusilə də Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsi və sonradan normallaşma istiqamətində atılan addımlar dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Bu iki regional güc arasındakı əlaqələrin inkişafında mühüm təsir göstərən amillərdən biri də Azərbaycanın oynadığı unikal və strateji roldur. Azərbaycan Qafqaz regionunun enerji və nəqliyyat yollarının kəsişməsində yerləşən, müsəlman və türk dünyasının üzvü olan, eyni zamanda İsraillə yüksək səviyyəli münasibətlər quran yeganə ölkələrdən biridir. Bu xüsusiyyətlər Azərbaycanın həm Türkiyə, həm də İsrail üçün etibarlı tərəfdaş kimi çıxış etməsinə şərait yaradır. Azərbaycanın Türkiyə ilə "dostluq" prinsipi üzərində qurulan münasibətləri son dərəcə dərin və çoxşaxəlidir. Eyni zamanda, İsraillə strateji əməkdaşlıq, xüsusilə müdafiə, kəşfiyyat və energetika sahəsində olan əməkdaşlıqlar ölkəmizi İsrail üçün Yaxın Şərqdə önəmli tərəfdaşlardan birinə çevirib. Bu iki münasibət modeli Azərbaycanı həm Ankaranın, həm də Təl-Əvivin güvəndiyi bir aktora çevirir. Türkiyə ilə İsrail arasında gərginlik yaşandığı dönəmlərdə Azərbaycan neytral və balanslaşdırılmış siyasət yürütməklə iki ölkə arasında birbaşa olmasa da, dolayı körpü rolunu oynayıb. Diplomatik münasibətlərin soyuq olduğu dövrdə də, Azərbaycan hər iki tərəflə strateji tərəfdaşlığını qoruyaraq, münaqişənin kəskinləşməməsinə töhfə verib. Azərbaycanın dünyəvi və multikultural dövlət modeli həm Türkiyədə, həm də İsraildə müsbət qarşılanır. Yəhudi icmasının Azərbaycanda tarix boyu sülh və rifah içində yaşaması və bu gün də tam hüquqlu vətəndaşlar kimi fəaliyyət göstərməsi Təl-Əviv tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan yəhudi dünyasında da xüsusi hörmətə malikdir. Eyni zamanda Azərbaycan İsraillə sıx əməkdaşlığına baxmayaraq, Fələstin məsələsində beynəlxalq hüquq çərçivəsində ədalətli mövqe sərgiləyir. Bu isə Türkiyənin Fələstin məsələsindəki həssaslığına uyğun gəlir və Ankara ilə Bakı arasında bu sahədə ziddiyyət deyil, tamamlayıcılıq yaradır. Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində neytral, lakin aktiv mövqeyi İsrail-Türkiyə münasibətlərinin müəyyən qədər diplomatik yumşaldılmasında dolayı rol oynaya bilər.” Geri dön |