Ana Sayfa > Siyasət > Azərbaycan-Gürcüstan tərəfdaşlığı: Cənubi Qafqazda siyasi sabitlik, iqtisadi inteqrasiya və geostrateji işbirliyi faktoru
Azərbaycan-Gürcüstan tərəfdaşlığı: Cənubi Qafqazda siyasi sabitlik, iqtisadi inteqrasiya və geostrateji işbirliyi faktoru18-04-2025, 12:47. Yazar: sevinc1 |
![]() Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüşlər və səsləndirilən bəyanatlar iki ölkə arasında mövcud olan yaxın münasibətlərin bariz nümunəsinə çevrilib. Bu səfər qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji və nəqliyyat sahələrində birgə layihələrin reallaşdırılmasıdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi layihələri Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin bəyanatda vurğuladığı kimi, bu layihələr Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın təbii qaz ixrac etdiyi 12 ölkədən biri olan Gürcüstan bu prosesin mühüm iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu və liman infrastrukturunun inkişafı Orta Dəhliz çərçivəsində regionun nəqliyyat-logistika xəritəsini yenidən formalaşdırır. Bu marşrut Şərq və Qərb arasında qısa, təhlükəsiz və səmərəli alternativ olaraq beynəlxalq yükdaşımaların həcmini artırmaqda xüsusi əhəmiyyətə malikdir. Cənubi Qafqazda tranzit imkanlarının artırılması və bu dəhlizlərin rəqabət qabiliyyətinin yüksəldilməsi hər iki ölkənin prioritetlərində əks olunub. Azərbaycan və Gürcüstanın regional sabitliyin təmin olunmasında ortaq mövqeyi təqdirəlayiqdir. İki ölkənin sülhün təşviqində birgə səyləri sabit və proqnozlaşdırıla bilən mühitin formalaşmasına xidmət edir. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Dövlətlər arasında yüksəksəviyyəli təmasların intensivliyi, fəal siyasi dialoq və qarşılıqlı dəstək bu münasibətlərin əsas sütunları sırasındadır. İkitərəfli səfərlərin ardıcıl xarakter daşıması, liderlər səviyyəsində aparılan müntəzəm müzakirələr əməkdaşlığın davamlılığını təmin edir. Regional və qlobal çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması isə strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev mətbuata bəyanatında bir sıra vacib məqamları qeyd edərək ölkələrimiz arasında mövcud olan dərin dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirib. Dövlət başçısının sözlərinə görə, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar: “Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir”. Azərbaycan və Gürcüstan arasında parlamentlərarası dostluq qrupları, XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya iki ölkə münasibətlərinin çoxşaxəli istiqamətlərini və sabit inkişafını təmin edən mexanizmlər sırasındadır. Dövlətlər arasında imzalanmış 119 sənəd müxtəlif sahələrdə tərəfdaşlığın hüquqi çərçivəsini təmin edir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməklə, ortaq maraqların qorunmasında ardıcıl və prinsipial siyasət yürüdür. Prezident İlham Əliyevin dost Gürcüstana etdiyi mütəmadi səfərlər strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verib. Dövlət başçısı bu ölkəyə indiyədək 11 dəfə – 1 dövlət, 1 rəsmi və 9 işgüzar səfər həyata keçirib. 2023-cü il oktyabrın 8-də baş tutan son işgüzar səfər isə tərəfdaşlıq münasibətlərinin davamlı xarakter daşıdığını göstərir. Nəticə etibarilə, Gürcüstan Prezidentinin bu səfəri iki dost və strateji tərəfdaş ölkə arasında etimada, qarşılıqlı maraqlara və ortaq məqsədlərə əsaslanan münasibətlərin daha da dərinləşməsinə təkan verir. Regional sabitlik, iqtisadi inteqrasiya və davamlı əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bu kimi yüksək səviyyəli səfərlər regional sülhün və inkişafın təşviqinə xidmət edən əhəmiyyətli addımlar kimi dəyərləndirilir. Bədəl Bədəlov Milli Məclisin deputatı Geri dön |