Ana Sayfa > Manşet / Siyasət > “ Azərbaycan-Gürcüstan əlaqələri dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa əsaslanır”.
“ Azərbaycan-Gürcüstan əlaqələri dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa əsaslanır”.18-04-2025, 10:49. Yazar: sevinc1 |
![]() Azərbaycanla Gürcüstan arasındakı əlaqələr dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa əsaslanır. İki dövlət məhz bu prinsiplərdən çıxış edərək, demək olar ki, bütün sahələrdə fəal əməkdaşlıq edir, beynəlxalq səviyyədə bir-birini dəstəkləyir və birgə infrastruktur layihələri həyata keçirirlər. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi də iki dövlət arasındakı əlaqələrin yüksək səviyyəsindən xəbər verdi. Qeyd edək ki, Cənubi Qafqazın bu iki dövləti və onların xalqları hər zamanı mehriban qonşuluq və sülh şəraitində yaşayıblar. 1991-ci ildə müstəqilliklərini bərpa etdikdən sonra məhz tarixi sınaqlardan çıxan Azərbaycan və Gürcüstan arasında möhkəm təməllər üzərində dövlətlərarası münasibətlər təşəkkül tapmışdır. İki ölkə əlaqələrinin daha da inkişafında isə xalqımızın Ulu Öndəri Heydər Əliyevin böyük xidmətləri olub. Belə ki, Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə bu ölkəyə rəsmi səfər etməsi Azərbaycan Gürcüstan münasibətlərində yeni pəncərə açmış və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri yaradılmışdı. Cənab Prezident İlham Əliyev xarici siyasətdə Gürcüstanla əlaqələrə xüsusi diqqət yetirir. Eyni fikirləri Gürcüstanın ali siyasi rəhbərliyi barədə də söyləmək mümkündür. Bunu ötən dövrdə iki dövlətin rəhbərlərinin qarşılıqlı səfərlərinin dinamikası və münasibətlərdəki keyfiyyət dəyişiklikləri də təsdiq edir. İndiyədək Prezident İlham Əliyev Gürcüstana 11 dəfə (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər edib. Eyni zamanda Gürcüstanın əvvəlki prezidentləri və baş nazirləri dəfələrlə Azərbaycanda səfərdə olublar. Təbii ki, hər bir səfər əlaqələrin daha da inkişafı, siyasi, iqtisadi və humanitar sferalarda daha da genişlənməsi, yeni əməkdaşlıq əlaqələrinin yaranması ilə nəticələnibdir. Bir məsələni də ayrıca qeyd etməliyik ki, Azərbaycan dövləti Gürcüstana hər zaman real əməldə əsl dost münasibəti göstərmiş, o cümlədən, bu ölkənin çətin vaxtlarında ona böyük dəstək veribir. Məsələn, vaxtilə Gürcüstanda enerji böhranı yarananda Azərbaycan dərhal kömək əlini uzatmışdı və bunu zaman-zaman gürcü siyasilər də etiraf ediblər. Gürcüstanın ərazi bütövlüyü məsələsi ilə bağlı da Azərbaycan daim prinsipiallıq nümayiş etdirmiş, dost və qonşu dövlətin mövqeyini birmənalı şəkildə dəstəkləmişdir. Azərbaycan həm də Gürcüstana ən çox sərmayə yatıran ölkələr sırasında yer alır. SOCAR-ın xətti ilə bu ölkədə görülən işlər onun iqtisadiyyatının inkişafına, dövlət büdcəsinin formalaşmasına böyük töhfələr verir. Respublikamızın reallaşdırdığı enerji və nəqliyyat layihələri isə Gürcüstanla münasibətlərin daha da inkişafına böyük təsir göstərib. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Cənub Qaz Dəhlizinin inşası Azərbaycanla Gürcüstan arasındakı siyasi və iqtisadi əlaqələri tamamilə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Prezident İlham Əliyev aprelin 16-da Mixeil Kavelaşvili ilə birlikdə mətbuata bəyanatla çıxışında enerji və nəqliyyat layihələrinin əhəmiyyətinə xüsusilə toxundu. Bu layihələrin həm Azərbaycan və Gürcüstan, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığını deyən Prezident İlham Əliyev onu da bildirdi ki, bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız və Gürcüstansız təsəvvür etmək mümkün deyil: «Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil». Azərbaycanın və Gürcüstanın nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı layihələr də ikitərəfli əməkdaşlığa xidmət etməklə yanaşı, regionun hüdudlarını aşır və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Şərq və Qərb arasında qısa, operativ, səmərəli və təhlükəsiz bağlantı yaradan nəhəng nəqliyyat infrastrukturudur. Mətbuata bəyanatla çıxışında cənab Prezident İlham Əliyev çox düzgün olaraq qeyd etdi ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunan nailiyyətlər, yeni inşa edilən dəmir yolları həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Dövlətimizin başçısının söylədiyi kimi əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədədir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. O cümlədən regional təhlükəsizliklə bağlı məsələlərdə Azərbaycanla Gürcüstan vahid mövqedən çıxış edirlər. Gürcüstan Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən əlaqələrin hazırki vəziyyəti və qarşıda dayanan vəzifələrə dair mühüm bəyanatlar səsləndirildi. Bu sırada Mixeil Kavelaşvilinin ölkəsinin həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olması barədə fikirlərini də xüsusi qeyd etməliyik. Bununla da Gürcüstan strateji tərəfdaş kimi Azərbaycanın regionda yaratdığı reallıqlara dəstək verdiyini bir daha bəyan etdi. Bundan başqa, Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlığın intensivləşdiyini bildirən Gürcüstan Prezidentinin buna görə cənab İlham Əliyevə təşəkkür etməsi isə bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin müdrik və qətiyyətli siyasəti rəsmi Tbilisi tərəfindən də dərin ehtiramla qarşılanır. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini bu il Azərbaycana etmişdi. Gürcüstan Prezidentinin də ilk səfərini Azərbaycana gəlməsi rəsmi Tbilisinin respublikamızla münasibətlərə böyük önəm verdiyini və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirməkdə və genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq isə ikitərəfli əməkdaşlığın əsasını təşkil edir. Geri dön |