Ana Sayfa > Siyasət > Azərbaycan-Gürcüstan münasibətləri yeni prioritetlər üzrə inkişaf edir

Azərbaycan-Gürcüstan münasibətləri yeni prioritetlər üzrə inkişaf edir


18-04-2025, 10:06. Yazar: sevinc1
Azərbaycan-Gürcüstan münasibətləri yeni prioritetlər üzrə inkişaf edir

Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin inaqurasiyadan sonra Azərbaycana ilk səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşləri və mətbuat üçün bəyanatlar ölkələrimiz arasında əməkdaşlığın geniş potensialının olduğunu göstərir. Səfər zamanı hər iki ölkənin rəhbərləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlər imzalanıb.

Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev bəyan edib ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Bakı və Tbilisi beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bu illər ərzində icra olunan uğurlu layihələr yalnız regionu deyil, daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, birgə həyata keçirilən neft-qaz, nəqliyyat və kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Yəni, artıq elə bir reallıq yaranıb ki, biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.

Ümumiyyətlə, Azərbaycan və Gürcüstan münasibətləri çox dərin ənənələr üzərində qurulub. Tarixə nəzər yetirdikdə də görürük ki, xalqlarımız əsrlər boyu dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Əminliklə demək mümkündür ki, iki ölkə arasındakı əməkdaşlıq tarixi ənənələrə söykənir və dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Belə ki, Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Bu baxımdan Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.

Bu gün Azərbaycan-Gürcüstan münasibətləri yeni prioritetlər üzrə inkişaf edir. İki dost ölkənin çağırışları da, problemlər də eynidir. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyir və bir-birimizin yanındayıq. 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər.

İki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan ilk beşlikdə yer alır.

Bütövlükdə, Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Geri dön