Ana Sayfa > Özəl > Prezident İlham Əliyev: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər”.

Prezident İlham Əliyev: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər”.


17-04-2025, 16:30. Yazar: sevinc1
Prezident İlham Əliyev: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər”.

Dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa söykənən Azərbaycan - Gürcüstan münasibətləri bu gün özünün ən yüksək zirvəsinə çatıb. Tarixin sınaqlarından keçən bu münasibətlər həm də sıx regional əməkdaşlığın parlaq nümunəsidir. Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini məhz Azərbaycana etməsi də dostluğun və tərəfdaşlığın növbəti təzahürü olmaqla, Cənubi Qafqazın bu iki dövləti arasındakı əlaqələrin yüksək səviyyədə olmasından xəbər verdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan və gürcü xalqları arasındakı əlaqələrin tarixi qədim və zəngindir. Hələ 1918-ci ildə hər iki xalq müstəqil dövlətlərini yaratmış və onlar arasında siyasi-diplomatik münasibətlər qurulmuşdu. Eləcə də sovet illərində Azərbaycanla Gürcüstan arasında dərin iqtisadi və mədəni əlaqələr mövcud olmuş, hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır.
Müstəqillik illərində isə əlaqələr tarixi təməllərə, o cümlədən iki xalq arasındakı dostluğa əsaslanaraq tamamilə yenidən formalaşmışdır. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi səfərindən sonra münasibətlər yeni inkişaf dövrünə qədəm qoymuşdur. Həmin səfər zamanı Azərbaycanla Gürcüstan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalanmışdır. 1997-ci ildə isə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılmışdır. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıqlar isə əlaqələri daha da möhkəmləndirmişdir.
Həm Gürcüstan, həm də Azərbaycan bölgədə dayanıqlı təhlükəsizliyin təmin olunmasına çalışır, bu istiqamətdə bütün imkanlarını səfərbər edirlər. Əvvəldə qeyd etdiyim enerji və nəqliyyat layihələrinin həyata vəsiqə alması da bir növ Azərbaycan və Gürcüstanın regionda təhlükəsizliyi daha da möhkəmləndirmək niyyətlərindən irəli gəlir.

Elə bu istiqamətdə maraqların üst-üstə düşməsinin nəticəsidir ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi günlərində Gürcüstan dövləti Azərbaycanın milli maraqlarına toxuna biləcək addım atmadı. Mixeil Kavelaşvilinin Bakıda Gürcüstanın həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olduğunu bəyan etməsi isə iki dövlət arasındakı strateji tərəfdaşlığın növbəti təcəssümü oldu və bir daha təsdiq etdi ki, rəsmi Tbilisi Azərbaycanın yaratdığı reallıqları dəstəkləyir.
Azərbaycan və Gürcüstan strateji əhəmiyyətli regionda yerləşməklə, qlobal əhəmiyyətli enerji, nəqliyyat, kommunikasiya layihələrinə imza ataraq bölgədə sabitliyin təmin olunmasına, bir çox ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına töhfə verməkdədir. Bu nəhəng layihələrin icrası daha geniş coğrafiya üçün böyük önəm daşıyır, ikitərəfli əməkdaşlığın inkişafına xidmət etməklə yanaşı, regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön