Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova Tənzilə Narbayeva ilə görüşüb
Sahibə Qafarova Tənzilə Narbayeva ilə görüşüb17-04-2025, 19:44. Yazar: sevinc1 |
![]() Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Görüşdə “Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı”nda (Yol xəritəsi) cari il üçün nəzərdə tutulan tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilərək, qanunverici orqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib. Tənzilə Narbayeva cari ilin aprel ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil olunan Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında iştirakına görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını ifadə edərək, Daşkənd şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıb. Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 150-ci Assambleyasının uğurla təşkili və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürlərini ifadə edərək, özünün bu tədbirdə iştirak etmək məqsədilə Özbəkistana səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Spiker Sahibə Qafarova Azərbaycan və Özbəkistan parlamentləri səviyyəsində qarşılıqlı səfərlərin mütəmadi xarakter daşıdığını deyərək, bu səfərlərin və yüksək səviyyəli təmasların qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Geri dön |