Ana Sayfa > Özəl > Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir17-04-2025, 17:06. Yazar: sevinc1 |
![]() Cənubi Qafqaz regionu tarixi, geosiyasi və iqtisadi baxımdan həmişə mühüm əhəmiyyətə malik olub. Bu strateji ərazidə sabitliyin və təhlükəsizliyin təmin olunması təkcə region ölkələrinin deyil, həm də Avropa və Asiyanın marağındadır. Azərbaycan və Gürcüstan bu baxımdan regionda sülhün və sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional əməkdaşlığın inkişafına mühüm töhfələr verir. İki ölkə arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi nəhəng enerji və nəqliyyat layihələri regionun iqtisadi inkişafını təmin etməklə yanaşı, həm də siyasi sabitliyin qorunmasında mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin son görüşləri zamanı da bu məsələlər xüsusi vurğulanıb. Hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi, ərazi bütövlüyü məsələsində ortaq mövqe nümayiş etdirməsi regionun sabit gələcəyinə yönəlmiş siyasi iradənin təzahürüdür. Azərbaycan və Gürcüstanın Orta Dəhliz layihəsindəki birgə rolu, liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi, həmçinin Orta Asiya ilə Avropa arasında alternativ tranzit imkanlarının yaradılması bu əməkdaşlığın iqtisadi dəyərini artırmaqla yanaşı, təhlükəsizlik və qarşılıqlı asılılığı da gücləndirir. Eyni zamanda, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü dəstəkləyərək, ortaq mövqe nümayiş etdirirlər. Cənubi Qafqazın keçmişdə münaqişə və qarşıdurmalarla yadda qalan tarixinin arxada qalması, bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün Azərbaycan və Gürcüstanın atdığı addımlar nümunəvi xarakter daşıyır. Bu dostluq və əməkdaşlıq modeli gələcəkdə də regionun rifahı və təhlükəsizliyi üçün mühüm baza olacaqdır. Ümumilikdə götürsək, Azərbaycan və Gürcüstan arasında mövcud olan bu yaxın əməkdaşlıq modeli digər qonşu dövlətlər üçün nümunə ola bilər. Regionda sabitlik, rifah və təhlükəsizlik yalnız qarşılıqlı etimada və birgə fəaliyyətə əsaslanan əməkdaşlıq mühitində mümkündür. Cənubi Qafqazın gələcəyi məhz belə birlik və qarşılıqlı anlaşma ilə qurula bilər. Azərbaycanın sülhə və təhlükəsizliyə verdiyi töhfə qürurverici olmaqla yanaşı, gələcək nəsillər üçün də sabit və firavan bir Cənubi Qafqaz vəd edir. Rəvanə Kərimova, Nəsimi Rayon Gənci. Geri dön |