Ana Sayfa > Manşet / Siyasət / Özəl > Zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri

Zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri


17-04-2025, 13:28. Yazar: sevinc1
Zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri

Dünya ölkələrində yeni seçilən prezidentin fəaliyyətə başladıqdan sonra ilk rəsmi səfərini hansı ölkəyə etməsi xüsusi siyasi məna və önəm daşıyır. Bu cür səfərlər həmin dövlətin səfər etdiyi ölkəyə verdiyi önəm və ya o ölkənin dövləti üçün xüsusi yerini göstərir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir: “Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.”

Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olmuşdur. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar. Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur.

Bütün zamanlarda Azərbaycan və Gürcüstanın siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşüblər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. 1993-cü ilin iyununda hakimiyyətə qayıtmış Heydər Əliyevin xarici siyasət sahəsindəki ilk addımlarından biri də məhz mövcud Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafını normal məcraya salması oldu. Hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri iki ölkə arasında əməkdaşlığın inkişafına xeyli təkan vermişdir. İki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri meqalayihələrin reallaşmasında özünü aydın göstərir. Həmin təşəbbüslərin gerçəkləşməsi regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Prezident İlham Əliyevin: “Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.” Başqa sözlə, Cənub Qaz Dəhlizi və TAP layihələrinin həyata keçirilməsi ilə Gürcüstan və Avropanın enerji təhlükəsizliyində yeni mərhələnin əsası qoyulmaqla bərabər, tərəflər arasında əməkdaşlıq münasibətinin möhkəmlənməsinə əsaslı təsir göstərir.

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında deyib: “Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.”

Hazırda Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir. Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. İki ölkə arasında dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyır və bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir.

Azər Kərimli,
Milli Məclisin deputatı

Geri dön