Ana Sayfa > Parlament > Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib
Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü keçirilib16-04-2025, 16:41. Yazar: sevinc1 |
![]() Aprelin 16-da Milli Məclisdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin ölkəmizdə səfərdə olan Sloveniya Parlamentinin Sloveniya-Azərbaycan dostluq qrupunun rəhbəri Bojan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə ölkələrimizin uğurlu sosial-iqtisadi inkişafı, xalqlarımız arasında səmimi münasibətlərin mövcudluğu qeyd olunub. Bildirilib ki, qısa müddət ərzində hər iki ölkənin müstəqilliyi dönməz xarakter alıb, mütərəqqi parlamentarizm ənənələri formalaşıb, xalqlarımız milli və mənəvi yüksəlişə nail olublar. Söhbətdə vurğulanıb ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti və davamlı islahatlar sayəsində Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bu gün hərtərəfli inkişaf edən, qlobal transmilli layihələri reallaşdıran, beynəlxalq səviyyədə böyük nüfuza malik müasir dövlətə çevrilib. Hazırda ölkəmiz etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Fikir mübadiləsi zamanı ölkələr arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolu qeyd edilib. Bildirilib ki, Azərbaycan və Sloveniya qanunverici orqanlarında yaradılmış parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə səmərəli fəaliyyəti əməkdaşlığın möhkəmlənməsinə öz layiqli töhfəsini verməkdədir. Dostluq qruplarının mütəmadi görüşlərinin, parlament komitələri arasında əlaqələrin qurulmasının, beynəlxalq səviyyədə qarşılıqlı dəstəyin təşviqinin vacibliyindən söhbət açılıb. Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və uğurlu antiterror tədbirləri nəticəsində erməni işğalına son qoyulduğu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyi diqqətə çatdırılıb. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla həyata keçirildiyini söylənilib. Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların regionda dayanıqlı sülh və davamlı əməkdaşlıq üçün əlverişli şərait yaratdığı vurğulanıb. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, elm, kənd təsərrüfatı, mədəni, turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. Azərbaycan və Sloveniyanın qarşılıqlı şəkildə bütün sahələrdə əməkdaşlığın inkişafında və ikitərəfli əlaqələrin şaxələndirilməsində maraqlı olduqları və bunun üçün geniş potensial imkanların mövcudluğu bildirilib. Tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair müzakirələr aparılıb. Görüşdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Heydər Əsədov, Malik Həsənov, Əlibala Məhərrəmzadə, Sloveniya nümayəndə heyətinin üzvləri, hər iki ölkənin səfirləri və digər rəsmi şəxslər iştirak ediblər. Geri dön |