Ana Sayfa > Siyasət > Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsi həmişə ürəklərdə yaşayacaq

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsi həmişə ürəklərdə yaşayacaq


15-04-2025, 12:37. Yazar: sevinc1
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsi həmişə ürəklərdə yaşayacaq

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür. Zərifə xanım ən yüksək insani keyfiyyətləri, xeyirxahlığı, nəcibliyi və fədakarlığı, bir həkim kimi gözlərə nur bəxş etməsi, bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtması, bir ictimai xadim kimi yorulmaz fəaliyyəti ilə şərəfli bir ömür yaşayıb. Bu şərəfli ömür ona insanların qəlbində əbədiyaşarlıq qazandırıb. Qırx ildir ki, Zərifə xanımın nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır.
Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva üçün atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.
Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Görkəmlii alim gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.
Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Bir azca qəddi də əyildi, amma sınmadı Ulu Öndər.
Qəlbində olan Azərbaycan sevgisi bu dahi şəxsiyyəti yaşatdı. Çünki O, Azərbaycan üçün lazım idi. Allahın bu xalqı bütün bəlalardan qurtarmaq üçün bəxş etdiyi xilaskar insan oldu Heydər Əliyev. Ömrünün sonunadək canı, həyatı qədər sevdiyi Azərbaycanı ləyaqətlə təmsil etdi və aparıcı dünya dövlətləri arasında yüksək reytinqə sahib çıxmasına zəmin yaratdı. Qalan ömrünü odlar yurdunun rifahı, yüksəlişi naminə fəda etdi. Azərbaycanın hərtərəfli inkişafı üçün bütün bacarığını ortaya qoydu. Amma həmişə öz ömür-gün yoldaşının ruhunu da yanında hiss etdi, sanki ondan güc-qüvvət aldı. Fəqət 2003-cü il dekabrın 12-də talenin ağır sınaqlarından onunla birgə çıxan və bu enişli-yoxuşlu yollarda birgə addımladığı ömür-gün yoldaşına qovuşdu. Xalqımızın tarix yaddaşına həmin gün göz yaşları ilə həkk olundu.
Bu gün onların bu xalqa əmanət qoyub getdikləri övladları - ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan ləyaqətlə, yüksək siyasi bacarıqla idarə edilir və iri addımlarla uğurlu gələcəyə doğru addımlayır.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini









Geri dön