Ana Sayfa > Siyasət > Qlobal çağırışlar fonunda Azərbaycanın mövqeyi

Qlobal çağırışlar fonunda Azərbaycanın mövqeyi


14-04-2025, 21:04. Yazar: sevinc1
Qlobal çağırışlar fonunda Azərbaycanın mövqeyi

9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum yalnız Azərbaycanın deyil, bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən mühüm siyasi hadisə kimi yadda qaldı. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı və çıxışı isə bu tədbiri daha da əhəmiyyətli etdi. Prezidentin səsləndirdiyi fikirlər, verdiyi mesajlar və ortaya qoyduğu prinsipial mövqe müasir dövrün mürəkkəb geosiyasi mənzərəsində Azərbaycanın öz yolunu necə müəyyən etdiyini bir daha göstərdi. Dünyada baş verən son onilliklərdəki siyasi, iqtisadi və təhlükəsizlik yönümlü proseslər göstərir ki, XX əsrdə formalaşmış beynəlxalq nizam artıq köhnəlmişdir. BMT-nin rolunun zəifləməsi, beynəlxalq hüququn tez-tez pozulması, ikili standartların hökm sürdüyü bir sistemdə “ədalət” və “bərabərlik” prinsipləri ciddi sual altına düşmüşdür. Forumda çıxış edən Prezident İlham Əliyev məhz bu reallığı dilə gətirərək, yeni dünya nizamının hansı prinsiplər üzərində qurulmalı olduğuna dair Azərbaycanın mövqeyini əsaslandırdı: davamlı sülh, beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinə riayət və qeyri-müdaxilə prinsipləri. Forumda Prezident Əliyevin çıxışı göstərdi ki, Azərbaycan indiki qeyri-müəyyən və təlatümlü dövrdə siyasi müstəqilliyini qoruyub saxlamaqla yanaşı, öz milli maraqlarını qlobal səviyyədə müdafiə etməyə qadirdir.

Azərbaycanın heç bir hərbi bloka qoşulmaması, balanslaşdırılmış xarici siyasəti və dünya gücləri ilə bərabərhüquqlu əməkdaşlıq qurmaq istəyi onu regionda və daha geniş miqyasda cəlbedici tərəfdaşa çevirib. Prezident İlham Əliyevin bu forumda vurğuladığı əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində daim ədalət prinsipini rəhbər tutmasıdır. Qarabağ məsələsində 30 il ərzində beynəlxalq hüququn təmin olunmamasına baxmayaraq, ölkəmiz öz torpaqlarını özü azad etdi və bu prosesdə heç bir dövlətin və ya təşkilatın hərbi dəstəyinə ehtiyac duymadı. Bu fakt artıq yeni dövrdə güc balansının dəyişdiyini və öz iradəsinə sahib olan dövlətlərin təşəbbüs göstərmək imkanlarının artdığını sübut edir. Tədbirin məhz ADA Universitetində keçirilməsi təsadüfi deyildi. Son illərdə ADA Universiteti qlobal düşüncə mərkəzinə çevrilməkdədir. Burada keçirilən forumlar, müzakirələr və siyasi dialoqlar Azərbaycanın yalnız enerji və təhlükəsizlik sahələrində deyil, intellektual və ideoloji müstəvidə də söz sahibi olduğunu nümayiş etdirir. Bu forumda müxtəlif ölkələrdən tanınmış siyasətçilərin, diplomatların və ekspertlərin iştirakı Azərbaycanın dünyadakı nüfuzunun artmasının təzahürüdür. Cənab Prezident İlham Əliyev çıxışında yaxın onilliklər üçün formalaşacaq yeni dünya nizamının əsas meyarlarını da səsləndirdi. Məlum oldu ki, Azərbaycan bu nizamda nəinki müşahidəçi, əksinə, təşəbbüskar, aparıcı və sabitlik gətirən bir aktor olmağa iddialıdır. Ətrafımızda baş verən münaqişələr, güc tətbiqinə əsaslanan siyasətlər və informasiya müharibələri fonunda Azərbaycanın sülh, əməkdaşlıq və hüquqa əsaslanan siyasəti müsbət nümunə kimi təqdim oluna bilər. Prezidentin çıxışında yer alan “dünyada artan etimadsızlıq, ikili standartlar və qeyri-sabitlik qarşısında yalnız milli maraqlara əsaslanan siyasət uğur gətirə bilər” fikri, əslində, çağdaş beynəlxalq münasibətlərin təhlili baxımından olduqca dəyərli və strateji yanaşmadır. Cənab Prezidentin bu fikirlərinə də dqqət yetirək. “Bizim Avropa Şurası ilə bağlı böyük gözləntilərimiz var idi, hesab edirdik ki, o, bizə bu məsələni beynəlxalq gündəliyə daxil etməyə yardım göstərəcək, biz bu Avropa strukturunun dəstəyini əldə edəcəyik. Çünki burada kimin qurban, kimin isə təcavüzkar olduğu aydın idi. Lakin təəssüflər olsun ki, bu, baş vermədi. Biz 2001-ci ildə Avropa Şurasına üzv seçildik və mən oradakı Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim. Təəssüflər olsun ki, biz orada ədalətli mövqeyimizin dəstəklənmədiyini gördük. Həmçinin orada çoxsaylı ermənipərəst lobbiçiləri gördük. Xatırlayıram ki, biz öz aramızda onları Azərbaycana nifrət edənlər adlandırırdıq. Bu gün də onların sayı kifayət qədərdir. Beləliklə, bizim gözləntilərimiz özünü doğrultmadı. Biz heç Parlament Assambleyasını bu işlə ciddi məşğul olmağa cəlb edə bilmədik. Bizim yeganə nailiyyətimiz 2005-ci ildə qətnamənin qəbul edilməsi oldu. Orada münaqişə və işğal məsələsi öz əksini tapmışdı. Beləliklə, burada iki fakt var idi. Birincisi, Parlament Assambleyası əsasən anti-Azərbaycan mövqeyində idi, ikincisi isə ATƏT-in Minsk qrupu istənilən təşkilatın bu məsələ ilə məşğul olmasına əngəl törədirdi. Mənə məlumdur ki, hətta ATƏT-in Minsk qrupu Strasburqa səfər edərək ABŞ, Rusiya və Fransanın vahid mövqeyini orada ortaya qoymuşdu: “Bu prosesə qarışmayın, bu, bizim inhisarımızdadır. Müdaxilə etməyin”. Məsələ məhz bundan ibarət idi.

Yəni, bu platformadan istifadə edərək bu məsələyə diqqətin yönəldilməsi ilə bağlı gözləntilərimiz özünü doğrultmadı. Bundan əlavə, AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil. Qeyd etdiyim kimi, biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik. Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər”. “Yeni dünya nizamına doğru” adlı forum həm məzmun, həm də iştirakçıların səviyyəsinə görə Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun göstəricisi oldu. Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar isə bu yeni nizamda Azərbaycanın yalnız öz torpaqlarında deyil, regionda və qlobal səviyyədə də lider rolunu davam etdirmək əzmində olduğunu göstərdi. Bugünkü mürəkkəb dünyada Azərbaycanın sabitlik adası kimi çıxış etməsi və bu sabitliyi qoruyaraq beynəlxalq əməkdaşlıq üçün yeni yollar axtarması, ölkəmizin diplomatik uğurlarının əsas sirridir. Bu baxımdan, ADA Universitetində keçirilmiş forum həm Azərbaycanın beynəlxalq gündəmi müəyyən edən ölkə olduğunu təsdiqlədi, həm də yeni dünya nizamı ilə bağlı vacib diskussiyaların ünvanına çevrildi.


Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.

Geri dön