Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-6 > Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin yeni dünya düzənində Türk Dövlətləri Təşkilatının yeri və rolu barədə səsləndirdiyi fikirlər planetimizin bu gün qurulan gələcəyinin daha firavan olmasına hesablanıb”

Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin yeni dünya düzənində Türk Dövlətləri Təşkilatının yeri və rolu barədə səsləndirdiyi fikirlər planetimizin bu gün qurulan gələcəyinin daha firavan olmasına hesablanıb”


12-04-2025, 20:09. Yazar: sevinc1
Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin yeni dünya düzənində Türk Dövlətləri Təşkilatının yeri və rolu barədə səsləndirdiyi fikirlər planetimizin bu gün qurulan gələcəyinin daha firavan olmasına hesablanıb”

Bu gün dünyada gedən yeni, çoxqütblü nizamın formalaşması prosesi planetin müxtəlif bölgələrində ciddi siyasi-iqtisadi gərginliklər, silahlı münaqişələr və hərbi qarşıdurmalarla müşahidə olunmaqdadır. Təbii ki, belə olduğu halda, dünya ictimaiyyətini yeni dünya düzəninin necə olacağına, bəşəriyyəti hansı gələcəyin gözlədiyinə dair suallar düşündürməyə və hətta narahat etməyə bilməz. Aprelin 9-da Bakıda, ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda müzakirə olunan məsələlər də bunu bir daha aydın şəkildə göstərdi. Xüsusilə forumda iştirak edən Prezident İlham Əliyevə ünvanlanan suallarda bir çox ölkələrin ictimaiyyətini narahat edən məsələlərə aydınlıq gətirmək istəyi özünü aşkar şəkildə göstərirdi. Bu gün Azərbaycan qlobal iqtisadi-siyasi təlatümlər fonunda ictimai-siyasi cəhətdən sabit, iqtisadi baxımdan dinamik inkişaf edən ölkə olaraq hər kəsin diqqətini cəlb edir. Əlbəttə ki, bu nailiyyətlər, ilk növbədə, ölkə rəhbəri tərəfindən həyata keçirilən düzgün daxili və xarici siyasət sayəsində əldə olunur. Məhz buna görə də Azərbaycan Prezidentinin müxtəlif qlobal məsələlərə dair fikirləri, münasibəti dünyada diqqətlə öyrənilir və nəzərə alınır.

Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.


Fikirlərini davam etdirən deputat qeyd edib ki, Prezident İlham Əliyevin yeni dünya düzənində Türk Dövlətləri Təşkilatının (TDT) yeri və rolu barədə səsləndirdiyi fikirlər, əslində, planetimizin bu gün qurulmaqda olan gələcəyinin daha firavan olması üçün səylərin bir qədər də gücləndirilməsinə dair çağırışdır. G.Qəhrəmanov qeyd edib ki, Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin inteqrasiyası və birgə inkişafı ilə bağlı hər zaman dəyərli təşəbbüslər irəli sürüb. Təşkilata üzv ölkələr, onların rəhbərləri dövlətimizin başçısının bu istiqamətdəki fikirlərini bölüşür və yüksək qiymətləndirirlər. Bir çox hallarda məhz Azərbaycan Prezidentinin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”, – deyən Prezident İlham Əliyev forum iştirakçılarının bu mövzuda suallarını cavablandırarkən Azərbaycanın TDT-nin maraqlarına hər zaman sadiq olduğunu və bu mövqeyin bundan sonra da heç bir halda dəyişməyəcəyini bir daha bəyan etdi. Xatırladaq ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçən il Şuşada Türk dövlətlərinin rəhbərləri ilk qeyri-formal Zirvə toplantısında bir araya gəldilər. Bununla da TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin mütəmadi keçirilməsinin ənənə halı almasına möhkəm zəmin yarandı. Prezident İlham Əliyev çıxışında yeni yaranan dünya düzənində TDT-nin mühüm, aparıcı mövqelərə sahib olması üçün bütün imkanların mövcud olduğunu, belə bir tarixi fürsəti əldən qaçırmamaq üçün səyləri birləşdirmək və daha da artırmaq lazım gəldiyini vurğulayaraq dedi: "Düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur”.
Parlamentari deyib ki, dövlətimizin başçısı Avropa İttifaqından və digər qlobal siyasi biriliklərdən fərqli olaraq, Türk Dövlətləri Təşkilatında milli-mənəvi dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və digər məsələlərdə narazılıqların olmadığını vurğulayaraq, bunun unikal bir hal kimi böyük üstünlüklər yaratdığını diqqətə çatdırdı. "Həqiqətən də təşkilata üzv ölkələrin yerləşdiyi böyük coğrafiyanı, əhali sayını və demoqrafik göstəriciləri, nəhayət hərbi imkanları nəzərə alsaq, TDT-nin ən azından Avrasiya məkanında mühüm qərarların qəbul ediləcəyi mərkəzə çevrilməsinə, əslində, heç bir ciddi, aradan qaldırılmayacaq əngəlin olmadığını görə bilərik. Əlbəttə ki, bu məqsədə nail olmaqla planetimizin bu gün qurulan gələcəyinin daha firavan olmasına möhkəm zəmin yaratmaq mümkündür", - deyə deputat qeyd edib.

Prezident İlham Əliyevin Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması ilə bağlı açıqlamaların əhəmiyyətini vurğulayan Göydəniz Qəhrəmanov deyib: “Məlumdur ki, Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması artıq çoxdan regional əhəmiyyətli məsələ statusundan çıxıb. İndi bu göstərici həm Avropanın enerji təhlükəsizliyi, həm də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin inkişafı üçün mühüm amilə çevrilib. Bu baxımdan da Azərbaycan-Ermənistan münasibətləri, sülh prosesinin hazırkı durumu Forumda müzakirə edilən məsələlərdən biri kimi tədbir iştirakçılarını ən çox maraqlandıran mövzulardan oldu. İştirakçıların diqqətini, ilk növbədə, Ermənistanın təcavüzkar separatizmlə səciyyələnən siyasətinin formalaşmasına səbəb olan tarixi məqamlara cəlb edən dövlətimizin başçısı bildirdi ki, bu prosesə Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra start verildi. “1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı”, - deyə dövlətimizin başçısı bildirdi.

"Ötən əsrin sonlarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazın nisbətən inteqrasiya olunmuş region kimi bütün bölgə xalqlarının bəhrələnə biləcəyi inkişafını mümkünsüz etdi. Halbuki, nəqliyyat marşrutları, eyni zamanda, enerji resursları sayəsində bu, baş verə bilərdi. Bütün bu seqmentlərdə Azərbaycanla Gürcüstan arasında mövcud olan əməkdaşlıq nümunəsi də bunu təsdiqləyir. Lakin Ermənistan işğal və təcavüz siyasəti yürütməklə özünü Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkə olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları sahələrində Azərbaycandan gedən bütün tranzit xəttlər hazırda Gürcüstandan keçir. Əlbəttə ki, Ermənistan da bu prosesin bir hissəsi ola bilərdi. Lakin onlar iqtisadi və siyasi müstəqilliklərini cəfəng “böyük Ermənistan” xəyalına qurban verdilər. Azərbaycan 2020-ci ildə tarixi Zəfərlə başa çatdırdığı Vətən müharibəsi və 2023-cü ildə keçirdiyi birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, separatçılığın kökünü kəsdi, sərhədlərinin toxunulmazlığını təmin etdi. Ölkəmiz bu gün, ilk növbədə, məhz öz regionumuzda davamlı sülhə və inkişafa nail olmaq üçün ciddi şəkildə çalışır. Bununla belə, hadisələrin bundan sonra hansı məcrada inkişaf edəcəyi məhz Ermənistanın yanaşmasından daha çox asılı olacaq. Ölkəmizin Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözləntiləri məlumdur. Əgər Ermənistan sabitlik və inkişafda maraqlıdırsa, bunu Azərbaycanın irəli sürdüyü haqlı tələbləri qəbul edərək sülh sazişini imzalamaqla göstərəcək. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə haqlı və dəyişməz mövqeyini bir daha bəyan edərək bildirdi ki, Ermənistanla sülh sazişi imzalandığı təqdirdə, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq və bu, Ermənistana verilən ən böyük tarixi fürsətdir”, – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Geri dön