Ana Sayfa > Manşet / Siyasət > "Azərbaycanın Yaşıl Enerji strategiyası, keçid və hədəflər isə atılan addımların olduqca məntiqli olduğunu təsdiq edir"

"Azərbaycanın Yaşıl Enerji strategiyası, keçid və hədəflər isə atılan addımların olduqca məntiqli olduğunu təsdiq edir"


11-04-2025, 11:15. Yazar: sevinc1
"Azərbaycanın Yaşıl Enerji strategiyası, keçid və hədəflər isə atılan addımların olduqca məntiqli olduğunu təsdiq edir"

Bugünkü qlobal çağırışlar fonunda enerji təhlükəsizliyi təkcə iqtisadi inkişafın deyil, həm də milli təhlükəsizliyin təməl sütunlarından birinə çevrilmişdir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.” Bu prinsip Azərbaycan dövlətinin enerji siyasətində rəhbər tutulan əsas yanaşmalardan biridir. Aprelin 4-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının 2025-ci il iclasları isə bu siyasətin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.

Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi,Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Müsahibimiz deyib ki, Cənub qaz dəhlizi enerji əməkdaşlığında yeni dövrünü yaşayır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, regionun enerji xəritəsini dəyişdirmiş, Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynamışdır. Cənab Prezident İlham Əliyev çıxışında bu platformanın əhəmiyyətini belə xarakterizə etmişdir: “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır.” Bu dəhliz təkcə təbii qazın nəqli üçün deyil, həm də istehsalçı, tranzit və istehlakçı ölkələr arasında əməkdaşlıq ruhunun formalaşması üçün effektiv bir platformadır. Prezident İlham Əliyev əlavə edib: “Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir.” Bu sözlər isə təbii ki, Azərbaycanın bölgələrarası enerji körpüsü rolunu təsdiq edir. Azərbaycanın Yaşıl Enerji strategiyası, keçid və hədəflər isə atılan addımların olduqca məntiqli olduğunu təsdiq edir. Dünyada yaşıl enerji transformasiyası sürətlənərkən, Azərbaycan da bu prosesdə öz mövqeyini möhkəmləndirməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan enerji keçidi strategiyası, ölkəmizin bərpa olunan enerji sahəsində liderliyini təmin etməyi qarşıya məqsəd qoyur. Dövlət başçısı bu istiqamətdə atılan addımları belə izah edir: “2030-cu ilədək enerji sektorunda yaşıl enerji həllərinə yatırılan sərmayələr, ölkənin dayanıqlı inkişafına, həmçinin beynəlxalq təzyiqlərə qarşı dirənəkliliyinə mühüm təsir edəcək.” Azərbaycan bu istiqamətdə 6 giqavatlıq günəş və külək enerjisi istehsalı hədəfi ilə çıxış edir. Bu hədəf yalnız daxili enerji balansının diversifikasiyasını təmin etməyəcək, həm də Avropa və Asiya arasında yaşıl enerji ixracçısı statusunun formalaşmasına yol açacaq. Cənab Prezident bunu belə əsaslandırır: “Azərbaycan xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.”
“Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.” Bərpa olunan enerji həm də ekoloji və sosial gəlirlik deməkdir. Yaşıl enerji siyasətinin mühüm tərəflərindən biri də onun ekoloji və sosial təsirləridir. Bərpa olunan enerji mənbələri ətraf mühitin qorunmasını təmin etməklə yanaşı, həm də iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və regional inkişaf üçün imkanlar açır. Bu baxımdan azad edilmiş ərazilərdə həyata keçirilən enerji layihələri xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək və hidroenerji potensialı əsasında artıq konkret layihələr icra olunur. Bu layihələr Azərbaycanın “yaşıl enerji zonası” statusunu daha da möhkəmləndirəcək.. Avropa ilə yeni enerji dialoquna gəldikdə deməliyəm ki, Azərbaycanın enerji siyasəti artıq yalnız hidrokarbon ixracına əsaslanmır. Hazırda Avropa ilə yaşıl enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir.” Bu məsuliyyət çərçivəsində Xəzər dənizində dəniz külək enerjisi, həmçinin Zəngəzur dəhlizi boyunca yaşıl enerji dəhlizinin formalaşması kimi layihələr gündəmdədir. Avropa İttifaqı ilə bu sahədə tərəfdaşlığın dərinləşməsi Azərbaycanın “yaşıl enerji ixracçısı” kimi statusunu daha da möhkəmləndirəcək. Azərbaycanın enerji siyasəti artıq ənənəvi enerji daşıyıcılarının ixracı ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində də çoxşaxəli və strateji bir kursa malikdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu siyasət daxili enerji təhlükəsizliyinin təminatı, regional əməkdaşlığın gücləndirilməsi və ekoloji davamlılığın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Enerji siyasətindəki bu yeni mərhələ Azərbaycanın beynəlxalq enerji arenasında lider və etibarlı tərəfdaş mövqeyini daha da gücləndirəcək. Yaşıl enerji üzrə atılan addımlar ölkəmizi ekoloji cəhətdən məsuliyyətli, iqtisadi cəhətdən isə çevik və rəqabətqabiliyyətli enerji aktoruna çevirəcəkdir-deyə M. Manafov fikrini tamamlatıb.
Geri dön