Ana Sayfa > Manşet / Siyasət > Keçmiş məcburi köçkünlər xoşbəxt həyatlarına qovuşurlar

Keçmiş məcburi köçkünlər xoşbəxt həyatlarına qovuşurlar


28-03-2025, 14:08. Yazar: sevinc1
Keçmiş məcburi köçkünlər xoşbəxt həyatlarına qovuşurlar

Xalqa verdiyi sözün sahibi olan Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə çevirdi və bu gün işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələri qurularaq 30 il məcburi köçkün həyatını yaşamış insanlar öz doğma yurdlarına qaytarılır. Dövlət başçımız torpaqlarımızda erməni işğalı ilə heç vaxt barışmayacağımızı və keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış yerlərinij onların müvəqqəti yaşayış yerləri olduğunu bildirirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidən qurma və abadlıq işlərinin həcmi ermənilərin 30 ildə viran qoyduğu ərazilərin yenidən canlanması deməkdir. Ermənistan torpaqlarımızı işğal edəndə bilirdi ki, azərbaycanlılar gec-tez öz doğma yurdlarına geri qayıdacaqlar. Ona görə də 30 ildə daşı-daş üstündə qoymayaraq dağıtmaq və talamaqla məşğul oldular. Bu, həm də onların bu torpaqların əzəli sakinləri olmadığının göstəricisi idi. Çünki yurdunun sahibi olan heç kəs belə dağıntı və talan etməzdi. Necə ki, azərbaycanlılar öz yurdlarından məcburi köçkün düşəndə özləri ilə heç nə götürməyərək evlərin qapılarını qıfıllayıb çıxmışdılar. Ermənilər isə ərazilərimizi tərk edəndə unitazları belə apardılar və qalan yerlərə də od vurub getdilər.

Erməni vəhşiliklərinin ən böyük göstəricisi Ağdam şəhəridir. Ağdam "Qafqazın Xirosiması" adlandırılır. Dövlət başçımızın Sarıcalı kəndinin sakinləri ilə görüşü zamanı qeyd etdiyi kimi, Xirosima atom bombası ilə dağıdılmışdısa, Ağdam isə erməni barbarlığı ilə xarabalığa çevirilib. Ermənilər şəhəri dağıdaraq daşları belə aparıb satdılar. Məsciddə isə donuz saxlamaqla, ümumiyyətlə, islam dinini təhqir etdilər. Bizim isə Ağdamı yenidən qurub bərpa etməyə başlayanda ilk ucaltdığımz bina məscid oldu. Bu, bizim dinimizə və milli mənəvi dəyərlərimizə verdiyimiz böyük dəyərin göstəricisidir.

Bugün Ağdam dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Burada yaşayış massivləri, sosial infrastruktur və iş yerləri yüksək səviyyədə yenidən qurulur. Ümumiyyətlə, Şərqi Zəngəzur və Qarabağ sıfırdan yenidən qurulur və bütün tikinti işlərini dövlətimiz öz gücü hesabına həyata keçirir. 44 günlük Vətən müharibəsində qələbəmizi öz gücümüzlə qazandığımız kimi yenidənqurma və bərpa işləri də öz gücümüzlə reallaşdırırıq.

İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifəsidir. Qəhrəman ordumuz Ali Baş Komandanın döyüş tapşırıqlarını yüksək səviyyədə icra edərək bu qələbəni bizə qazandırdı. Ordumuz döyüş meydanında mərdcəsinə vuruşaraq düşməni təslim etdi. Ermənistan 30 il ərzində bir santimetr belə torpağımızı bizə qaytarmamağa çalışdı. Onlar arxasında dayanan qüvvələrdən güc alırdılar. Amma Müzəffər ordumuz nəinki Ermənistanı, həm də onun arxasında 30 il dayanaraq torpaqlarımızda işğalın davam etdirilməsinə dəstək verən qüvvələri məğlub etdi. Çünki onlar Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar.

Ordumuz Ermənistandan fərqli olaraq mülki insanlara qarşı müharibə aparmadı. Hətta Şuşanı işğaldan azad etdikdən sonra 15 minə yaxın erməni ordusu mühasirəmizə düşmüşdü və biz onların hamısını məhv edə bilərdik. Amma biz humanistlik nümayiş etdirdik və üç tərəfli bəyanat imzalayaraq müharibəni dayandırıb onlara ərazilərimizi tərk etməsinə şərait yaratdıq. Ordumuzun qəhrəmanlığı sayəsində bir güllə atmadan Ağdam, Laçın və Kəlbəcər rayonlarımızı işğaldan azad edə bildik. Üç ildən sonra isə torpaqlarımızda erməni separatizminin kökünü kəsdik. Ermənilər isə torpaqlarımızı işğal edəndə heç bir rəhm göstərmədilər. Silahsız mülki insanlara qarşı soyqırımlar törətdilər. Dinc insanları qətlə yetirərək onların cansız bədənlərini təhqir etdilər və kütləvi şəkildə basdırdılar. Şəhərlərimiz və kəndlərimizə qarşı barbarlıq etdilər. Biz isə torpaqlarımızı könüllü tərk etmək istəyənlərə yol açdıq və bir nəfərin burnunu belə qanatmadıq. Təbii ki, bu, xalqımızın böyüklüyüdür.

Bu gün öz gücümüzə işğaldan azad olunmuş ərazilərdə bu həcmdə yenidənqurma və bərpa işləri görən dünyada ikinci bir ölkə yoxdur. Azərbaycan isə Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bütün hədəflərə nail olunur. 30 il məcburi köçkün həyatı yaşamış insanlar öz doğma yurdlarına qayıdırlar və xoşbəxt həyatlarına qovuşurlar. Dövlət başçımız Novruz bayramında Həsənriz kəndinin sakinlərinə evlərin açarlarını təqdim edərək sevindirmişdisə, Ramazan bayramı ərəfəsində isə Sarıcalıları sevindirdi. Ümumiyyətlə, bu günə qədər 13 yaşayış məntəqəmiz yenidən qurularaq öz sahiblərinin istifadəsinə verilib. İlin sonuna qədər isə Ağdam şəhəri, Xıdırlı və Kəngərli kəndləri də öz sakinlərini qarşılayacaq.

Sarıcalıda bütün infrastruktur ən müasir şəkildə yenidən qurulub. Bu kənddə işğaldan əvvəl 239 ev vardısa, indi 425 ev tikilərək insanlar məskunlaşacaqlar. Tikilən hər bir evə 12 sot həyatyanı sahəsinin ayrılması və digər ərazilərdə də təsərrüfat işləri görmək üçün layihələrin icrası doğma yurdlarına qayıdan şəxslərin yaşayış və iş məsələlərinin kompleks şəkildə həll olunması deməkdir. Suqovuşan və Sərsəng su anbarları erməni işğalı altında olduğu illərdə bizi təsərrüfat işlərinin görülməsində də böyük problemlərlə qarşılaşdırmışdı. Amma bu gün Ağdamın Xaçınçay su anbarı da yenidən qurulub, təsərrüfatlararası kanalların bərpası işləri aparılır və 100 min hektardan çox ərazilər dövriyyəyə qaytarılır. Çünki torpaqlar öz sahiblərinə qayıtdığı kimi su resurslarımız da öz sahiblərinə qayıdıb. İşğaldan azad olunmuş ərazilər cənnətə çevrilməkdədir.

Azər BADAMOV,
Milli Məclisin deputatı

Geri dön