Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanın regional sülh strategiyası

Azərbaycanın regional sülh strategiyası


26-03-2025, 12:22. Yazar: sevinc1
Azərbaycanın regional sülh strategiyası

Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan arasında baş tutan görüş regionda strateji dinamikanı yenidən qiymətləndirmək üçün mühüm siqnaldır. Görüş zamanı təhlükəsizlik və ticarət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, xüsusilə də Ukrayna və Cənubi Qafqazda sülhə dəstək çağırışı diqqət çəkib.

Bu kontekstdə Azərbaycanın regional siyasəti və strateji mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan son illərdə Cənubi Qafqazda sabitliyin qorunması, region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm addımlar atıb. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq Azərbaycanın liderliyi və diplomatik təşəbbüsləri nəticəsində formalaşıb.
Azərbaycanın bu prosesdə əsas rolu iki istiqamətdə özünü göstərir. Onlardan birincisi və ən vacibi sülh və təhlükəsizlik təşəbbüsləridir. Azərbaycan Ermənistanla normallaşma prosesini irəlilədərək, Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının formalaşmasına çalışır. Sevindirici haldır ki, bu kontekstdə Azərbaycan Prezidentinin "sülh müqaviləsinin tezliklə imzalanması" ilə bağlı çağırışları beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
İkincisi Türkiyə-Azərbaycan əməkdaşlığı və regional inteqrasiyadır. Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın regional güc balansında daha aktiv rol oynamasına imkan verir. Şuşa Bəyannaməsi bu əməkdaşlığı daha da möhkəmləndirib və Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında həlledici faktor kimi çıxış edir.
Bundan başqa, görüşdə iqtisadi əməkdaşlıq məsələləri də ön plana çıxıb. Azərbaycan son illərdə ABŞ və Türkiyə ilə ticarət əlaqələrini gücləndirib. Xüsusilə, enerji sahəsində əməkdaşlıq Qərb ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biri olaraq, Türkiyə ilə birlikdə strateji layihələr həyata keçirir.

Azərbaycanın iştirak etdiyi Zəngəzur dəhlizi layihəsi həm Türkiyə, həm də ABŞ üçün böyük əhəmiyyət daşıyır. Bu layihə təkcə regional nəqliyyat marşrutu deyil, həm də Avropa ilə Asiyanı birləşdirən iqtisadi arteriya rolunu oynayacaq. ABŞ-ın regiona marağının artması, Türkiyənin isə bu məsələdə aktiv rol alması Azərbaycanın geosiyasi və iqtisadi mövqeyini daha da gücləndirir.

Bu kontekstdə millət vəkilləri Azərbaycanın xarici siyasət prioritetlərini beynəlxalq platformalarda daha fəal müdafiə etməli, ölkəmizin Cənubi Qafqazda sülh və sabitlik siyasətində oynadığı rolu ön plana çıxarmalıdır. Azərbaycan parlament diplomatiyası çərçivəsində ABŞ və Türkiyə ilə əlaqələri daha da möhkəmləndirmək üçün siyasi və iqtisadi dialoqların genişləndirilməsinə çalışmalıdır.
Hadisələri diqqətlə analiz etdikdə görürük ki, nəticə etibarilə, ABŞ-Türkiyə görüşündə müzakirə olunan məsələlər Azərbaycanın regional siyasəti ilə birbaşa bağlıdır. Azərbaycanın sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahəsindəki təşəbbüsləri regionda sabitliyin təmin olunması üçün əsas açarlardan biri olaraq qalmaqdadır.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Geri dön