Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Azərbaycan bankları iflic durumda - BÖHRAN

Azərbaycan bankları iflic durumda - BÖHRAN


19-09-2015, 11:55. Yazar: admin
Azərbaycan bankları iflic durumda - BÖHRAN
Azərbaycan bankları iflic durumda
Ölkədə fəaliyyət göstərən kommersiya banklarının bəzisinin fəaliyyətində problemlər yaranıb. Əsas problemlərdən biri kimi isə maliyyə çatışmazlığı göstərilir. İstehlak kreditlərinin həcminin getdikcə azalması, əhalinin əmanət yerləşdirməyə maraq göstərməməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu səbəbdən də bankların bəzisi xidmət şəbəkəsini mümkün qədər kiçiltmək və ixtisarlar aparmaq məcburiyyətindədir.

Xidmət şəbəkəsini yenidən komlekləşdirməyə qərar vermiş banklardan biri də "Bank Respublika"dır. Məlumatlı mənbə iddia edir ki, dəyişikliklərə artıq başlanılıb və bu proses, hələ ki, qərb bölgəsini əhatə edir. Məlumata görə, "Bank Respublika"nın Goranboy şöbəsi artıq fəaliyyətini dayandırıb. Bu filialın əhatə etdiyi dairənin Gəncə filialına verildiyini deyən mənbə hazırda təhvil-təslim işlərinin aparıldığını da bildirib: "Orada heç bir əməliyyat aparılmır. Filialı Gəncəyə birləşdirirlər. İşçi heyətinin taleyi barədə isə heç bir məlumat yoxdur".

"Azərfaks"ın əməkdaşı məsələ ilə bağlı "Bank Respublika"nın baş ofisi ilə əlaqə saxlayıb. Bankın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ramil Bayramov Goranboy filialının hazırda öz işini davam etdirdiyini deyib.

Lakin bankın Goranboy filialının müdiri Toğrul Sadıqov məlumatı təsdiqləyib. O, saytın əməkdaşı ilə söhbətində Goranboy filialının Gəncə filialına birləşdirildiyini deyib. T.Sadıqov işçi heyəti ilə bağlı hansı qərar verildiyinə dair sualı da cavabsız qoymayıb. Onun sözlərinə görə, filialların birləşdirildiyi barədə işçilərə məlumat verilib: "Çalışacağıq ki, onları digər filiallarda işlə təmin edək".

Ekspert Samir Əliyev isə məsələ ilə bağlı bildirib ki, bəzi bankların belə bir addıma gedəcəkləri əvvəldən məlum idi: "Gözləntilərimiz özünü doğruldur. Sentyabr-oktyabr aylarında bank sektorunda ixtisarı proqnozlaşdırmışdıq. Yəqin ki, bu, bağlanacaq sonuncu filial olmayacaq. Digər banklarda da filialların bağlanmasını və ya ixtisarları müşahidə edəcəyik. "Bank Respublika" proseslərə həmişə çevik reaksiya verən bankdır. Bank sektorunda baş verəcək narahatlıqları bu bankın davranışından müşahidə etmək olar. Əgər onlar filial birləşməsinə gediblərsə, deməli, digər banklarda vəziyyət daha pisdir və onlar da prosesə qoşulacaq".

Qeyd edək ki, ekspertlər ilin sonunadək bir sıra bankların bağlanacağını proqnozlaşdırırlar. Bildirilir ki, ilin sonuna qədər 15-20 bank bağlana bilər. Ekspertlərin fikrincə, devalvasiyanın zərər vurduğu əsas sahə bank sektorudur. Bu səbəbdən bankların maliyyə vəziyyəti pisləşib. İxtisarlar, filialların bağlanması istisna edilmir. Bunun qarşısını neftin bahalaşması ala bilər.
Musavat.com
Geri dön