Ana Sayfa > Ölkə > Mingəçevirdə Novruz bayramı böyük təntənə ilə qeyd olundu

Mingəçevirdə Novruz bayramı böyük təntənə ilə qeyd olundu


Bu gün, 00:14. Yazar: sevinc1
Mingəçevirdə Novruz bayramı böyük təntənə ilə qeyd olundu

Mart ayının 18-də baharın müjdəçisi olan Novruz bayramı münasibəti ilə Novruz şənliyi keçirilmişdir.
Səməd Vurğun meydanında baş tutan tədbir Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ümumtəhsil ocaqları, YAP Mingəçevir şəhər təşkilatının və Mingəçevir Bələdiyyəsinin sədrlərinin və üzvlərinin, idarə, müəssisə və təşlikatların təmsilçilərinin, kommunal təsərrüfatların kollektivlərinin, şəhid ailələrinin üzvlərinin, əmək veteranlarının, birinci və ikinci Qarabağ müharibəsi veteranlarının, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir rəngarəngliyi ilə yadda qaldı.

Öncədən Dədə Qorqud və Bahar qız maraqlı təqdimatları ilə şəhər sakinlərinə baharın gəlişini xəbər verib. Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında maraqlı kompozisiyalar, Novruzun atributları olan Dədə Qorqudun, Bahar qızın söhbətləri, Keçəlin, Kosanın məzhəkələri, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mingəçevir nümayəndələyinin mədəniyyət müəssisələrinin kollektivlərinin təqdimatında muğamlar, lirik mahnılar, Ü.Hacıbəyov adına musiqi məktəbinin ansamblının çıxışları, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir sektorunun uşaq gənclər inkişaf mərkəzinin şagirdlərinin rəngarəng rəqsləri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Mingəçevir şəhər nümayəndəliyinin nəzdindəki idman məktəbinin yetirmələrinin təqdimatında idman oyunları tədbirə xüsusi çalarlar verirdi. Kəndirbazların çıxışları isə uşaqları daha çox cəlb edirdi.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz torpaqlarımızı azad etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Bu, Azərbaycanın möhtəşəm qələbəsinin daha bir təqdimatıdır. Birinci və ikinci Qarabağ müharibələrində, aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2023-cü ilin sentyabr ayındakı antiterror əməliyyatlarında, sərhəd bölgələrimizin qorunması zamanı vətənimizin igid övladları qəhrəmanlıqlar göstəriblər, şəhidlərimiz olub, qazilərimiz, veteranlarımız igidliklər göstəriblər. Bunun nəticəsi olaraq bu il Azərbaycanın bütün bölgələrində, azad olunmuş bütün rayonlarda, qəsəbələrdə Novruz bayramı böyük coşqu ilə qeyd olunur, həm də keçmiş məcburi köçkünlər öz ata yurdlarına qayıtmağın sevincini yaşayırlar. Bu, Azərbaycanın uzun illərdən sonra əldə etdiyi qələbənin, Zəfərin təntənəsidir, xalqımızın qürur yeridir, fəxarətidir.

Bayramınız mübarək, qoy elimizdə həmişə bu cür bayramlar yüksək əhval ruhiyyə ilə, təntənə ilə qeyd olunsun.
Sonra sərgilərə baxış olub. Mingəçevir Dövlət Universitetinin, Tibb Kollecinin və Turizm Kollecinin kollektivlərinin fəaliyyət proqramını əks etdirən sərgi bu təhsil ocaqlarında yüksək səviyyəli tədrisin aparıldığını, vətənimizə layiqli mütəxəssislər hazırlandığını nümayiş etdirirdi. Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir sektorunun nəzdindəki şəhər liseylərinin, tam orta təhsil müəssisələrinin təqdim etdiyi sərgidə əl işləri, uğurları əks etdirən mükafatlar, rəsmlər, Novruzu təmsil edən səmənilər, şirniyyatlar, qoğallar, şəkərburalar, paxlavalarla dolu xonçalar, məktəblilərin təqdim etdiyi kompozisiyalar insanda xoş əhval ruhiyyə yaradırdı. İdman oyunları zamanı uşaq və gənclər də bacarıqlarını nümayiş etdirirdilər.
Novruz tonqalının alovlandırılması şənliyə xüsusi çalarlar qatdı, hər kəs bir birini təbrik edərək baharın gəlişi münasibəti ilə səmimi arzularını çatdırdı.
Beləcə, bayram tədbiri iştirakçıların xatirəsində xoş iz buraxdı.
Geri dön