Ana Sayfa > Ölkə > Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib
Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilibDünən, 18:27. Yazar: sevinc1 |
![]() Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında baş tutan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə təşkilat və müəssisələrin kollektivləri, YAP Abşeron rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər. Hər il olduğu kimi bu il də abşeronlular xalqımızın ən qədim bayramlarından olan Novruz şənliyinə xüsusi hazırlaşmışdılar. Bayramla əlaqədar Parkın hər guşəsi Novruz atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Baharın gəlişindən, təbiətin oyanışından xəbər verən səməni və insanları birliyə, mehribanlığa, şadlığa dəvət edən bayram tonqalı şənliyə xüsusi sevinc qatıb. Dədə Qorqud və Bahar Qızı iştirakçıları təbrik edərək abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Novruzun əsas simalarından olan Keçəl və Kosa uşaqları əyləndirib, onlarla oyunlar oynayıb, hədiyyələr paylayıblar. Tədbirdə bildirilib ki, 30 il əsirlikdə qalan müqəddəs torpaqlarımız düşmən tapdağından azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqu, daha möhtəşəm qeyd edir. Bu zəfəri bizlərə yaşadan, Müzəffər Ali Baş komandana və xalqımızın qəhrəman, igid oğullarına eşq olsun! Bayram şənliyinin məşəlini alovlandırmaq üçün Vətən Müharibəsi iştirakçıları meydana daxil olub və şəhid övladları ilə birgə tonqal qalayıblar. Meydanın mərkəzində alovlanan tonqalın ətrafında dövrə edən milli geyimli iştirakçılar hər kəsi Parkda yaradılan Novruz guşələrini gəzməyə dəvət edib. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə birgə park gəzintisinə çıxıb. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Daha sonra açıq havada konsert proqramı təqdim edilib. Respublikamızın tanınmış incəsənət nümayəndələrinin ifasında mahnılar oxunub. Şəhid övladlarının hazırladığı rəqs nömrələri tədbir iştirakçılarının könlünü oxşayıb. Geri dön |