Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin “Euronews” müsahibəsindən əsas mesajlar

Prezident İlham Əliyevin “Euronews” müsahibəsindən əsas mesajlar


Dünən, 11:23. Yazar: sevinc1
Prezident İlham Əliyevin “Euronews” müsahibəsindən əsas mesajlar

Prezident İlham Əliyevin “Euronews” kanalına verdiyi müsahibə həm qlobal, həm də regional səviyyədə Azərbaycanın mövqelərini əks etdirən əhəmiyyətli bir çıxış oldu. Bu müsahibə Azərbaycanın gələcək strategiyalarını və beynəlxalq məsələlərə yanaşmalarını göstərməklə yanaşı, milli maraqların prioritetliyini də vurğuladı.

Azərbaycan son illərdə qlobal müzakirə platformasına çevrilərək beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumların keçirildiyi mərkəzlərdən biri olub. Ölkənin geosiyasi mövqeyi, diplomatik uğurları və təşəbbüsləri bu prosesdə həlledici rol oynayıb. Azərbaycanın belə möhtərəm tədbirlərə evsahibliyi etməsi onun beynəlxalq nüfuzunun artmasına, qlobal müzakirələrdə fəal iştirakına və bəşəri problemlərin həllinə töhfə verməsinə şərait yaradır.
Prezident Əliyev XII Qlobal Bakı Forumunun qlobal məsələlərə yeni yanaşma formalaşdırmaqda oynadığı rolu xüsusi qeyd etdi. Dünyanın müxtəlif ölkələrindən 50-dən çox dövlət və hökumət rəhbərinin iştirak etdiyi bu Forum beynəlxalq gündəlikdə duran məsələlərin dərin təhlil olunduğu mühüm bir platforma kimi önə çıxartdı.

Azərbaycan son illərdə həm regional, həm də qlobal siyasətdə önəmli aktorlardan birinə çevrilib. Ölkənin strateji coğrafi mövqeyi, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasəti onun beynəlxalq nüfuzunu gücləndirib. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yalnız Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanda da təsir gücünü artırıb.

Prezident İlham Əliyev dünya nizamının əsaslı şəkildə transformasiya dövründə olduğunu vurğuladı. O, beynəlxalq hüququn selektiv tətbiqi ilə qarşılaşan Azərbaycan kimi ölkələr üçün daxili resurslara və milli gücə əsaslanmağın həyati əhəmiyyətini ifadə etdi. Müsahibə əsnasında Cənubi Qafqazın tarixən qarşıdurma məkanı kimi xarakterizə olunması və hazırkı nisbətən sakit dövrün qorunmasının vacibliyi qeyd edildi. Prezident Əliyev daha güclü təhlükəsizlik mexanizmlərinin yaradılmasının zəruriliyini vurğuladı və regional problemlərin həlli üçün təcrübədən istifadə olunmalı olduğunu söylədi. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir.

Azərbaycanın milli maraqlarını daim prioritet olaraq qəbul etməsi, Prezident İlham Əliyevin çıxışında əsas yerlərdən birini tutdu. Ölkənin öz resurslarına güvənərək gələcəyini qurduğu, suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyi vurğulandı. İkinci Qarabağ müharibəsindən ötən beş ilə baxmayaraq, Ermənistanla hələ də sülh sazişinin imzalanmadığı bildirildi. Prezident Əliyev sülh sazişinin regional sabitlik üçün əsas amil olduğunu qeyd etdi. Müsahibədə Azərbaycanın öz taleyinin sahibi olduğu və digər ölkələrin də bu yanaşmanı mənimsəməsi gərəkdiyi fikirləri ön plana çıxdı. Beynəlxalq yardımın etibarsız olacağı və suverenliyə təsir edə biləcəyi nəzərə alınaraq, hər bir dövlətin öz daxili resurslarına güvənməsinin vacibliyi vurğulandı. Həmçinin, Dövlət başçısı müsahibəsində birmənalı şəkildə vurğuladı ki, milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı.

Prezident İlham Əliyevin “Euronews” müsahibəsi Azərbaycanın milli maraqlarını qorumaq üçün atdığı müstəqil addımları və qlobal arenada oynadığı lider rolunu nümayiş etdirdi. Müsahibədə səslənən fikirlər, Azərbaycanın həm daxili, həm də beynəlxalq məsələlərdəki praqmatik və gələcəyə yönümlü yanaşmasını bir daha göstərdi.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini

Geri dön