Ana Sayfa > Manşet / Gündəm / Özəl / Ölkə / Seçilənlər-9 > Novruz həmrəyliyimizin və milli-mənəvi birliyimizin təcəssümüdür
Novruz həmrəyliyimizin və milli-mənəvi birliyimizin təcəssümüdürDünən, 10:58. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcamsı İdarə Heyətinin sədri Xalqımızın hər il sevə-sevə qeyd etdiyi Novruz bayramı bütün dövrlərdə xalqımızın təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd etdiyi ən böyük milli bayramımızdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, milli birliyimizi təmin edir. Təsadüfi deyil ki, Novruz bayramı bütün bayramlarımız içərisində “Bayram” titulu daşıyan yeganə bayramdır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Novruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, 2010-cu ildən Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib. Novruz bayramı bütövlükdə azərbaycançılıq ideyalarının söykəndiyi yüksək mənəvi və əxlaqi dəyərlərlə zəngindir. Ümumazərbaycan mədəniyyətinin yaranıb formalaşmasında, inkişafında və yüksəlməsində onun böyük rolunun həqiqi mənasını hələ bütöv şəkildə öyrənildiyinə hökm vermək, təbii ki, mümkün deyildir. Novruzun Azərbaycan xalqının, Azərbaycan dilinin və xalqımıza məxsus zəngin kulturoloji dəyərlərin qorunub saxlanmasında mühüm rolu olmuşdur. ![]() Dahi şəxsiyyət Heydər Əliyev çıxışlarında bayram barədə belə söyləyirdi: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigardır, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdr...” Sevindirici haldır ki, Ümummilli liderin qoyduğu bu ənənə onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayramın gəlişi ilə bağlı xalqa ünvanladığı təbriklər, bayram şənliklərinə qatılması, Bakının qədim meydanındakı tonqalı alovlandırması, əhali ilə bayramlaşması bayram ovqatını daha da artırmaqla yanaşı, onun özünün söylədiyi kimi, hər bir Azərbaycan vətəndaşının yanında olduğunu bir daha göstərir. Bu milli birlik, bolluq və bərəkət bayramını beşinci dəfədir ki, Azərbaycan xalqı doğma Qarabağda qeyd edir, bayram tonqalları ölkənin hər bir kəndində, şəhərində alovlanır. Cənab Prezident İlham Əliyev Novruz bayramı münasibətilə təbriklərində xalqımızın 30 il ərzində bu gözəl anları yaşamaq üçün səbrlə gözlədiyini xüsusilə vurğulamışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilib. Daha dəqiq desək, 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Bu gün Azərbaycanı yeni zirvələrə doğru inamla aparan Prezident İlham Əliyev yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan bu ümumxalq bayramını həmişə yüksək qiymətləndirir. Hər dəfə xalqımızı Novruz bayramı münasibətilə təbrik edən dövlətimizin başçısı azərbaycançılıq məfkurəsi işığında dünyanın bütün guşələrində yaşayan soydaşlarımıza həmrəyliyimizin rəmzi olan bu el bayramı münasibətilə bol sevinc, ruzi-bərəkət, firavanlıq arzulayır. Yurdumuza qədəm qoyan Novruzun xoş gəlişi göstərir ki, uzaqgörən siyasi lider İlham Əliyevin rəhbərliyi və varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq. Bayramınız mübarək olsun! ![]() Geri dön |