Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Cavid Qurbanov prezidentin qərarına belə münasibət bildirdi

Cavid Qurbanov prezidentin qərarına belə münasibət bildirdi


19-09-2015, 11:51. Yazar: admin

Cavid Qurbanov prezidentin qərarına belə münasibət bildirdi
Sentyabrın 18-də prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarıldı. Bu sərəncamdan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovla əlaqə saxlayıb ondan müsahibə aldıq.

- Cavid müəllim, son dəyişiklik hansı ehtiyacdan yarandı?

- Bu, cənab prezidentin qərarıdır. Yəqin belə məsləhət görüb.

- Bununla bağlı siz təkliflə çıxış etməmisiz?

- Xeyr. Mənim təklif etməyimə gərək yoxdur. Bu işlər cənab prezidentin müstəsna hüquqlarına daxildir.

- Bu dəyişiklik dəmir yol təsərrüfatının işində müsbət dönüş yaradacaqmı?

- Yəqin ki, yaradacaq. Biz də çalışmalıyıq müsbət dəyişiklər olsun. Bu, idarəetmənin təkmilləşməsidir.

- Gələcəkdə rəhbərlik etdiyiniz quruma nazirlik statusu verilə bilərmi?

- Bu haqda bir söz deyə bilmərəm. Həm də bunun nə fərqi var. Prezident bizə bu sahəni tapşırıbsa, nazirlik olmadan da o tapşırığı can-başla yerinə yetirib dövlət başçısının etimadını doğrultmaq lazımdır.

- Bu sərəncamdan sonra yəqin dəmir yoluna ayrılan vəsaitdə də artacaq...

- Məsələ ondadır ki, dəmir yolu özü pul qazanmalıdır. Sadəcə hazırda dünyada daşımaçılıqdan əldə olunan gəlirlər azalıb. Hardasa 30-40 faizə qədər enib gəlirlər. Amma bu sahənin yeniləşməsi lazımdır. Çalışmaq lazımdır ki, beynəlxalq yüklərin daşınmasında biz də iştirak edək. İpək yolu işə düşsün, Bakı-Tbilisi-Qars dəmir yolu tezliklə açılsın. Bu sahədə işlər artıq yekunlaşmaq üzrədir. Şimal-cənub marşrutunun inkişafı ilə məşğul olmaq lazımdır. Yəqin ki, möhtərəm cənab prezident bunları nəzərə alıb və bu cür qərar qəbul edib. Hər halda mən belə başa düşürəm.

- Cavid müəllim, sərnişindaşımada keyfiyyət dəyişikliyi nə zaman olacaq? Vaqon parkının yenilənməsindən, xidmətin artırılmasından tutmuş, qatar bələdçilərinin sərnişinlərlə davranışına qədər çox ciddi məsələlər var.

- Bəli, sizinlə tam razıyam, bunlar çox ciddi məsələlərdir. Bilirsiniz, bu sadalananları mütləq etmək lazımdır. Mən buna təkcə bu struktura rəhbərlik edən məmur kimi yanaşmıram, həm də bir vətəndaş kimi yanaşıram. Nəinki sərnişindaşımada, bütövlükdə dəmir yolu sistemində köklü dəyişikliklər olmalıdır. Sürət artmalıdır, rahatçılıq, komfort olmalıdır, vaqonların keyfiyyəti yüksəldilməlidir, bələdçi heyətinin xidmətində, davranışında müsbət dönüşə nail olunmalıdır.

- Bələdçilərin mədəni səviyyələrinin artırılması üçün nə nəzərdə tutulur?

- Onlara kurslar keçiriləcək. Bələdçilərə sərnişinlə mədəni davranışın yolları öyrədiləcək. Biz müəyyən kriteriyalara uyğun gəlməyən, kobud, mədəni səviyyəsi aşağı olan bələdçilərlə vidalaşmalı olacağıq. Bələdçilər sərnişinlərlə bəzən 8-10 saat təmasda olurlar. Biz elə etməliyik ki, sərnişin bu uzun müddətlik yolçuluqda xidmətdən razı qalsın. Bunun üçün də ciddi işləməli, ölkə başçısının etimadını tam doğrultmalıyıq.

- Nələr planlaşdırırsınız?

- Bunlara təkcə inzibati üsullarla nail olmaq doğru yanaşma deyil. İlk növbədə buna vətəndaş mövqeyindən, dövlətçilik prinsipindən yanaşmalıyıq. Dəmiryolçu siyasətlə məşğul olmamalıdır. Dəmiryolçu texniki məsələlərlə məşğul olmalıdır. Bu sahədə keyfiyyətin yüksəldilməsinə çalışmalıdır. İnşallah, elə edəcəyik bu işlər yoluna düşsün. Yəqin ki, tezliklə bu müsbət dəyişiklikləri görəcəksiz.

- Bakı-Sumqayıt marşrutuna buraxılan qatarların başqa istiqamətlərə də hərəkəti nəzərdə tutulubmu?

- Təbii. Yaxın vaxtlarda bu qatarların digər bölgələrə buraxılması planlaşdırılır. Bunun üçün işlər gedir. Azərbaycanı inkişaf etdirməyimiz üçün onu xain qüvvələrin məkrli planlarından qorumalıyıq. Bu işdə də cənab prezident var qüvvəsi ilə çalışır. Biz də ona yaxından dəstək verməliyik. Allah dövlətimizi qorusun. Bu ölkənin inkişafını gözü götürməyən xain qüvvələrin arzusu ürəklərində qalsın. Bəzən yas məclislərində molla dua verərkən deyir ki, Allah hamının arzusunu yerinə yetirsin. Mən də mollaya üzümü tutub söyləyirəm ki, ay molla, de, Allah hamının yaxşı arzusunu həyata keçirsin. Çünki pis arzusu, niyyəti olanlar da var. Niyə belələri üçün dua edək? Mən istəyirəm ki, bütün yaxşı arzularımız həyata keçsin. Dövlətimizə, onun rəhbərinə və millətimizə xidmət edə bilək. Sizə söz verirəm, nə qədər ki, canımda can var, çalışacam, dəmir yolunda hər şey yüksək səviyyədə olsun.

- Mətbuat yazır ki, Siz yaxın zamanlarda nəqliyyat naziri təyin ediləcəksiniz. Gerçəkdən belə bir plan varmı?

- Bilirsiniz, bəzən vəzifəyə başqa cür yanaşılır. Əslində vəzifə çox ciddi məsuliyyətdir. Bunlar ara sözləridir. Xahiş edirəm, belə şeylərə fikir verməyin. Vəzifəyə təyin edən, vəzifədən çıxaran ölkə başçısıdır. Bu işlər onun müstəsna səlahiyyətidir. Qərarları cənab prezident verir. Bilmirəm qəzetdə kim nə yazır, vallah mənim bu işlərdən xəbərim yoxdu. İnanın səmimiyyətimə, heç o haqda fikirləşmirəm. Dövlətin başçısı mənə kifayət qədər ciddi iş tapşırıb, üzərimə məsuliyyət qoyub. Mən bu an o işləri yüksək səviyyədə görüb, ortaya ciddi nəticələr qoymaq haqda düşünürəm.

- Mətbuat son sərəncamı Ziya Məmmədovun vurulması kimi təqdim edir. Bu, hazırkı nəqliyyat nazirinin səlahiyyətlərinin əlindən alınması, onun siyasi baxımdan gözdən düşməsi kimi yozulur.

- Doğru yanaşma deyil. Nazirlik təsərrüfat işi ilə yox, dövlət siyasəti ilə məşğul olmalıdır. Dəmir yolu da təsərrüfat qurumudur. Yəqin cənab prezident də fikirləşir ki, təsərrüfatla təsərrüfat qurumları məşğul olsun. Nazirlik də dövlət siyasətində iştirak etsin, konsepsiyasını hazırlayıb təqdim etsin. Yolçu getsin yolunu tiksin, dəmiryolçu öz işini görsün, dənizçi dənizçiliyini etsin. \\musavat.com\\
Geri dön