Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir”

Adəm İsmayıl Bakuvi: “Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir”


Bu gün, 09:44. Yazar: sevinc1
Adəm İsmayıl Bakuvi: “Azərbaycanın bütün qlobal təşəbbüsləri özündə ən mühüm bəşəri dəyərləri ehtiva edir”

“Artıq ikinci ildir ki, qədim torpaqlarımıza öz mübarək qədəmlərini basan Novruzun özü də Azərbaycan xalqı qədər sevinir. Çünki uzun illərin həsrətindən sonra ölkəmizin bütün şəhər və qəsəbələrində, kəndlərində, rayon və bölgələrində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun artıq istisnasız hər bir guşəsində də Novruzu bu torpaqların əsl sahibləri qarşılayır. 2023-cü ilin oktyabr ayının 15-də Xankəndidə müqəddəs bayrağımızı ucaldan, həmin il noyabrın 8-də tarixi Qələbəmizin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qəbul edən Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu qədim Azərbaycan şəhərində Novruz tonqalını alovlandırdı və xalqı bayram münasibətilə təbrik etdi. Təəssüflər olsun ki, Xankəndidə, Pənahəli xanın saldığı bu Azərbaycan şəhərində erməni millətçiləri təkcə işğal dövründə deyil, ondan əvvəlki dönəmdə də ağalıq edirdilər. Səbəb də bu idi ki, cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız olaraq, heç bir hüquqi, siyasi və demoqrafik zəmin olmadan burada muxtar vilayət yaradılmışdır və məhz bu ədalətsiz, absurd qərardan sonra xalqımızın problemləri başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında isə Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək müvəqqəti də olsa, o vaxt öz çirkin niyyətlərini həyata keçirə bilmişdir. Bu məsələdə ermənilərə o zaman da, indi də dəstək verən bütün xarici qüvvələr də bu qanlı cinayətlərə görə məsuliyyəti onlarla bölüşürlər.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.

Fikirlərini davam etdirən müsahibimiz həmçinin bildirib ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməklə uzun illər boyunca dünyanın bir çox paytaxtlarından gələn və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını iddia edən mesajların əsassız olduğunu sübut etdi: “30 ilə yaxın davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan öz ərazilərinin sülh yolu ilə işğaldan azad edilməsinə nail ola bilmədi. Bunun əvəzində isə, cənab Prezident İlham Əliyevin dediyi kimi, işğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Lakin Azərbaycan öz Prezidentinin iradəsi, xalqın birliyi və ordusunun rəşadəti ilə sübut etdi ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayırsa və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol da məhz elə hərbi yoldur. Lakin Ermənistan II Qarabağ Müharibəsinin nəticələrindən dərs almadı. Buna görə də Azərbaycan öz gücünü göstərmək məcburiyyətində qaldı və uğurla keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır və Ermənistanın arxasında hansı qüvvələr dursalar belə, ölkəmzi, dövlətimizi öz məqsədindən heç nə yayındıra bilməz.”

Daha sonra politoloq Novruz bayramının fəlsəfəsi və mahiyyəti ilə bağlı fikirlərini bölüşərək bunları deyib: “Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə, Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Novruzun mahiyyətində duran fəlsəfi prinsiplərdən biri də dörd ünsür – dörd bayram çərşənbəsi bağlılığıdır. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbəni – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bu gün Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Sevindirici haldır ki, Novruz bu gün artıq həm də beynəlxalq statusa malik olan bir bayramdır. Belə ki, 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramı UNESCO tərəfindən təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Beləliklə, Azərbaycanın beynəlxalq təşəbbüsləri bütün bəşəriyyətin rifahına xidmət edir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.




Geri dön