Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Beynəlxalq məsələlərə yeni yanaşma tərzinin formalaşmasında XII Qlobal Bakı Forumu əhəmiyyətli rol oynayacaq”

Novruzəli Aslanov: “Beynəlxalq məsələlərə yeni yanaşma tərzinin formalaşmasında XII Qlobal Bakı Forumu əhəmiyyətli rol oynayacaq”


Bu gün, 14:57. Yazar: sevinc1
Novruzəli Aslanov: “Beynəlxalq məsələlərə yeni yanaşma tərzinin formalaşmasında XII Qlobal Bakı Forumu əhəmiyyətli rol oynayacaq”

“Bu günlərdə Bakı yenidən dünyanın diqqət mərkəzindədir. 13-15 mart 2025-ci il tarixlərində keçirilən XII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər, əldə olunacaq nəticələr bütün beynəlxalq ictimaiyyət üçün son dərəcə maraqlı olmaqla bərabər, eyni zamanda da bir çox ölkələrin bundan sonrakı fəaliyyət planlarına da məhz Bakı Forumunun nəticələrinə uyğun müəyyən düzəlişlər oluna bilər. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin martın 13-də Forumun gedişi zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində ilk cavablandırmalı olduğu sual da məhz bu beynəlxalq tədbirin nəticələri ilə bağlı gözləntilərinə dair oldu. İlk növbədə dövlətimizin başçısı Forumda 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısının iştirak etdiyini, bu şəxslərin böyük təcrübəyə və biliyə malik olduqlarını vurğuladı. Qeyd olundu ki, məhz bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda tədbir iştirakçılarının ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşmələri çox vacibdir. Cənab Prezident iştirakçılar arasında müxtəlif fikirlərin kombinasiyasının mövcud olduğunu, onların heç də üst-üstə düşmədiyini və bunun özünün artıq müsbət hal olduğunu xüsusi olaraq diqqətə çatdırdı və vurğuladı ki, beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Bakı Forumu əhəmiyyətli rol oynayır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.


Daha sonra deputat cənab Prezident İlham Əliyevin müasir dövrdə bəşəriyyərin üzləşdiyi əsas çağırışlar barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edərək bunları deyib: “Keçən əsrin ortalarında baş vermiş İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəninin, müəyyən olunmuş qaydaların bu gün artıq mövcud olmadığı bir şəraitdə yeni qaydaların müəyyənləşdirilməsi vacibdir və biz bu prosesi hazırda izləyirik. Öz müsahibəsində cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxundu və bildirdi ki, bundan sonra beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası hələ heç kəsə məlum deyil. Aydın olan yalnız odur ki, ilk növbədə, istənilən bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Dövlət başçımızın səsləndirdiyi son dərəcə maraqlı fikirlərdən biri də bu oldu ki, bundan sonra ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, daha çox ikitərəfli münasibətlərə əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Bütün bu deyilənlərlə yanaşı, cənab Prezident İlham Əliyevin müsahibəsində Cənubi Qafqazın gələcəyinə dair gözləntiləri ilə bağlı ifadə etdiyi fikirlər əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edir. Onilliklər ərzində Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu vurğulayan dövlət başçısı bu gün artıq növbəti silahlı münaqişələri istisna edəcək effektiv təhlükəsizlik mexanizmlərinin yaradılmasının və sovet dönəmində olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmağın zəruri olduğunu bildirdi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön