Ana Sayfa > Siyasət > Ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayram

Ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayram


Bu gün, 11:52. Yazar: sevinc1
Ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayram

Novruz bayramı: Sülhü və tolerantlığı özündə tərənnüm edən bayram. Artıq beşinci ildir ki, xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını yüksək əhval-ruhiyyə ilə təntənəli şəkildə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın erməni işğalında olan torpaqlarımız işğaldan azad olundu və ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Bu gün xalqımızın milli bayramları və o cümlədən Novruz bayramı Vətən torpağının hər yerində təntənəli şəkildə qeyd olunur. Bayram tonqalları yandırılır. Novruz xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə yaşadan və bu günümüzə yetirən qədim xalq bayramıdır. Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular oyadır, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadır, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllərə əsaslanır. Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı olan bu gözəl el bayramı hər dəfə gəlişi ilə ömrümüzü bəzəyir. Novruz çərşənbələrinin hər birində insana uğur və xoşbəxtlik gətirən rəmzləri, ümid və inamı görürük. Bu mənada Novruz insanın öz başlanğıcına qayıdışıdır. O, insan oğlunu qəlbən inanır ki, öz xoşbəxtliyini, uğura doğru yolun başlanğıcını həyatı əmələ gətirmiş dörd ünsürdə tapa bilər. Buna görə Novruzun dörd çərşənbəsinin hər biri bu ünsürlərlə bağlıdır.
“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olan Bahar bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq şəkildə özündə etdirir.

İlqar Şahverdiyev
Laçın rayon B.Məmmədov adına Minkənd kənd tam orta məktəbinin direktoru
Geri dön