Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev: “BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik”.

Prezident İlham Əliyev: “BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik”.


Bu gün, 17:30. Yazar: sevinc1
Prezident İlham Əliyev: “BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik”.

Dövlət başçısı İlham Əliyev “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bu əminliyi ifadə etdi ki, Forum və onun üzvləri xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə yanaşmalar irəli sürəcəklər
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başladı. Martın 15-dək davam edəcək Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonaq iştirak edir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə bərabər, keçirildiyi məkan baxımından da geniş təhlil edilir, diqqətdə olur. 2012-ci ildən təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.
erçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfə verir. 44 günlük müharibədə Azərbaycanın hərbi və siyasi qələbəsi xarici siyasətində önəm verdiyi bu prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır.
İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır. Dövlət başçısı İlham Əliyevin diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni əməkdaşlıq formatı yaratdı. Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışındakı çıxışında da bu reallıqlara bir daha diqqəti yönəltdi. Bildirdi ki, Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar. Cənab İlham Əliyev çıxışında XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından da bəhs etdi. Vurğuladı ki, Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, həmçinin 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq. Biz Cənubi Qafqazda sülh qurmalıyıq. Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
Azərbaycan tarixi Zəfərdən dərhal sonra regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üşün qarşı tərəfə sülh təklifini etdi. O vaxtdan 4 ildən çox zaman keçməsinə baxmayaraq sülh müqaviləsinin imzalanması prosesi hələ də uzanır. Qeyd etdiyimiz kimi, Ermənistan müqavilənin imzalanması ilə bağlı şərtlərlə razılaşıb onun imzalanmasında maraqlı olsa da himayədarları müxtəlif vasitələrlə prosesin uzanmasına səy göstərirlər. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Ermənistanın silahlandırılması Azərbaycan dövlətinin haqlı narazılığına səbəb olur, sərt bəyanatları ilə mövqeyini həmin prosesin iştirakçılarına çatdırır. Cənab İlham Əliyev Forumda da bu məsələyə diqqət yönəltdi. “Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz: “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik - 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir.” Dövlət başçısı onu da vurğuladı ki, Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir. Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında.
XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayır. Burada aparılan diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək. Bakı bir daha strateji dialoq mərkəzi kimi çıxış edərək dünyanın diqqətini mühüm qlobal problemlərə yönəldir. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı bu tədbirin uğurlu nəticələr verəcəyinə əminlik yaradır. XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribunaya çevriləcək.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön