Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan-Şimali Makedoniya münasibətləri strateji tərəfdaşlığa hədəflənib ”

Novruzəli Aslanov: “Azərbaycan-Şimali Makedoniya münasibətləri strateji tərəfdaşlığa hədəflənib ”


Bu gün, 13:46. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycan-Şimali Makedoniya münasibətləri strateji tərəfdaşlığa hədəflənib ”

“Bu gün Azərbaycan özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. Xüsusilə ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu Azərbaycanın Avrasiya məkanında mövqelərinin daha da möhkəmlənməsinə zəmin yaradır ki, bu da öz növbəsində ölkəmizlə əməkdaşlıq əlaqələri qurmaq istəyən dövlətlərin sayını artırır. Məlumdur ki, Azərbaycanın Avropa ölkələri ilə münasibətlərində önəmli əməkdaşlıq istiqamətlərindən biri məhz qaz sahəsidir. Bir çox Avropa ölkələri Cənub Qaz Dəhlizi layihəsinin üzvləridir və bu layihənin reallaşmasında çox önəmli rol oynayıblar. Artıq neçə müddətdir ki, Azərbaycan qazı bu ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Lakin Azərbaycan bütün dost ölkələrlə məhz ikitərəfli əlaqələrin inkişafı məsələsini də hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümlədən respublikamızın Cənub-Şərqi Avropa və Balkan yarımadası ölkələri ilə ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan-Şimali Makedoniya əlaqələrinin inkişafında yeni mərhələnin başlanmasını son bir neçə ay ərzində müşahidə edilən proseslərə əsaslanaraq demək olar. Keçən ilin sonlarından Azərbaycan qazının artıq Şimali Makedoniyanın bazarına çatdırılması bu istiqamətdə atılmış mühüm addım oldu. Cari ilin mart ayının 11-də isə Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfər etməklə ölkələrarası münasibətlərdə yeni mərhələnin başlanğıcını qeyd etmiş oldu.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.


Daha sonra fikirlərini davam etdirən deputat bildirib ki, iki ölkə arasında siyasi dialoqun dinamik xarakter alması ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm zəmin yarandığını göstərir: “Martın 11-də Azərbaycanın və Şimali Makedoniyanın dövlət başçıları mətbuata bəyanatlarla etdikləri çıxışlarında birmənalı olaraq bildirdilər ki, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün həm potensial imkanlar, həm də siyasi iradə mövcuddur. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin iyun ayının 28-də qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmışdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu gün ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Dövlət başçılarının artıq ikinci dəfə görüşmələri də bunu təsdiq edir. Ölkələrimiz arasında keçən ilin sonlarından əsası qoyulmuş energetika sahəsində əməkdaşlıq isə əlaqələrin bütün digər sahələri üçün də geniş perspektivlər açır. Diqqətəlayiq haldır ki, öz bəyanatında Şimali Makedoniya Respublikasının Prezidenti qarşıdakı illərdə ölkələrimiz arasında daha güclü əməkdaşlığa nail olunacağına əmin olduğunu və öz Azərbaycan ilə Strateji Əməkdaşlığa dair Sazişin imzalanması üçün heç bir maneə görmədiyini bəyan etmişdir” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb.
Geri dön