Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Uzaqgörən və müdrik siyasət perspektivlər vəd edir

Uzaqgörən və müdrik siyasət perspektivlər vəd edir


Bu gün, 10:15. Yazar: sevinc1
Uzaqgörən və müdrik siyasət perspektivlər vəd edir

Əziz Ələkbərli
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Azərbaycanın son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir.
Belə əməkdaşlıqda maraqlı olan dövlətlərdən biri də Şimali Makedoniyadır. Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrinin qurulmasında mühüm rol oynayır. Qeyd edək ki, Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin il də Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Şərqi Avropada cərəyan edən hadisələr, xüsusən Rusiya və Ukrayna arasındakı müharibə Avropanın enerji təhlükəsizliyinə ciddi təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir. Belə bir vəziyyətdə Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Baş verən hadisələr fonunda Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkovanın martın 10-da ölkəmizə rəsmi səfəri hər iki dövlət arasında münasibətlərin inkişafından xəbər verir.
Martın 11-də cənab İlham Əliyevlə xanım Qordana Silyanovska-Davkovanın təkbətək görüşündən sonra mətbuata verdikləri bəyanatlarda səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq getdikcə daha dərin xarakter alacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında qeyd etmişdir ki, “Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq.”
Cənab Prezident eyni zamanda qeyd etmişdir ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur.
Belə bir məqamda xarici siyasətin düzgün qurulması, qaz ixracı ilə yanaşı, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin yeni siyasi tərəfdaşların sayının çoxalması ölkəmiz üçün prioritet məsələyə çevrilmişdir. Bu məslələrə diqqət yönəldən ölkə başçısı qeyd etmişdir ki, “Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm.”
Cənab Prezidentin uzaqgörən və müdrik siyasəti nəticəsində Balkan ölkələri ilə sıx əməkdaşlığın yaradılması, inkişaf etdirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsi ölkəmizin dünya birliyində mövqeyinin daha da yüksəlməsinə, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri ilə ticarət, nəqliyyat və tranzit əlaqələrinin qurulmasına mühüm təkan verəcəkdir.
Geri dön