Ana Sayfa > Parlament > Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmə keçirilib

Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmə keçirilib


Dünən, 18:21. Yazar: sevinc1
Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmə keçirilib

Martın 10-da parlamentdə İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmə keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dinləməni giriş sözü ilə açan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa belə mühüm mövzuda ictimai dinləmənin keçirilməsinə göstərdiyi dəstəyə görə spiker Sahibə Qafarovaya təşəkkür edib.
İctimai dinləmənin mövzusunun aktuallığından söz açan komitə sədri bu ilin fevralında Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Parlament Assambleyasının yekununda qəbul olunan Bakı Bəyannaməsində Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına ləyaqətli qayıdışının həyata keçirilməsi ilə bağlı müddəaların öz əksini tapmasının əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Ermənistandan qovulmuş azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı konsepsiyasının beynəlxalq platformalarda tanınması bu soydaşlarımızın hüquqlarının bərpası və ata-baba yurdlarına qayıtmalarının təmin olunması səylərinə böyük impuls verir.
Fazil Mustafa bu işin davam etdirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının prosesə daha fəal cəlb olunması, o cümlədən parlamentlərarası platformalarda daha fəal olmaq üçün QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edib. O deyib ki, ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu tərəfindən bir ictimai dinləmə keçirilib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov  Qərbi Azərbaycana dinc yolla və ləyaqətli şəkildə qayıdış işində QHT-lərin üzərinə düşən vəzifələr, xalq diplomatiyasında onların iştirakı, təcrübəli QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi kimi məsələlər barədə fikirlərini bildirib.
Sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin Qərbi Azərbaycan mövzusunda həyata keçirilən fəaliyyəti haqqında slaydlarla müşayiət olunan təqdimatı diqqətə çatdırıb. Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycana qayıdış konsepsiyası üzrə strategiyası, bu istiqamətdə həyata keçirilən qrant layihələri, onların məzmunu, yekunları və nəticələri barədə ətraflı məlumat verib.
Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, deputatlar Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı, Ceyhun Məmmədov, Rizvan Nəbiyev, Azər Allahverənov, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri Şəbnəm Səfərova, “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, "Azərbaycan Milli Kulinariya Assosiasiyası" İctimai Birliyinin sədri Tahir Əmiraslanov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə çıxış ediblər, fikir və təkliflərini səsləndiriblər.
Çıxışçılar Qərbi Azərbaycana qayıdışla bağlı Milli Məclisdə keçirilən dinləmələrin əhəmiyyətini qeyd ediblər, bu müzakirələrin azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə bağlı həqiqətlərin beynəlxalq müstəviyə çıxarılması, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış hüququnun beynəlxalq miqyasda tanınması, tarixi ədalətin bərpası baxımından əhəmiyyətini vurğulayıblar.
İctimai dinləmədə Qərbi Azərbaycandakı yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması, bu məsələnin beynəlxalq müstəvidə daha geniş şəkildə işıqlandırılmasında QHT-lərin, xalq diplomatiyasının rolu, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın digər aspektləri mövzusunda fikir mübadiləsi aparılıb.
Komitə sədri Fazil Mustafa müzakirələrin yekununda bugünkü ictimai dinləmədə səmərəli fikir mübadiləsinin keçirildiyini söyləyərək, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin edilməsinin aktuallığından, tədbirdə səslənən fikirlərin ictimai əhəmiyyətindən bəhs edib. O, Qərbi Azərbaycana dinc və ləyaqətli qayıdışın yaxın zamanlarda gerçəkləşdiriləcəyinə inamını ifadə edib.
Tədbirdə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, parlament Aparatının nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, aidiyyəti dövlət qurumlarının, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.



Geri dön