Ana Sayfa > Siyasət / Manşet > Elnur Hüseynzadə necə girov götürülüb?

Elnur Hüseynzadə necə girov götürülüb?


3-02-2017, 10:47. Yazar: Sevinc
Elnur Hüseynzadə necə girov götürülüb?






Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq, silahlı qüvvələrin təmas xəttinin şimal istiqamətində, Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma nəticəsində Azərbaycan ordusunun əsgərinin əsir düşdüyünü bildirib. Lakin bu xəbər Ermənistanın növbəti yalanı, təxribatıdır.

“AIA.AZ” xəbər verir ki, “Yeni Müsavat”ın bu haqda yayımladığı materiala görə, Ermənistan mətbuatında yayılan məlumatda qeyd olunub ki, guya döyüş fevralın 1-i təxminən saat 15:00-da baş verib. Əsir düşmüş əsgər isə 1995-ci ildə Bərdə rayonunda anadan olmuş sıravi Elnur Hüseynzadədir.

Yayılan bu məlumatlara Azərbaycan Müdafiə Nazirliyinin reaksiyası gecikmədi və məsələ ilə bağlı nazirlik ard-arda iki açıqlama yaydı. Belə ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub: “Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”.

Yayılan növbəti açıqlamada isə aşağıdakılar bildirilib: “Erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir. Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür.

Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E. Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil".

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, məsələ ilə bağlı bir sıra suallar ortaya çıxır: “İstənilən halda əgər Elnur Hüseynzadə Bərdə rayon sakinidirsə, sual yaranır ki, vətəndaş necə ermənilər tərəfindən girov götürülüb. Yəqin ki, bütün bunlar aydınlaşdırılacaq. Ancaq məni ən çox narahat edən məsələ odur ki, biz şəhid əsgərimizin Ermənistanla mübarizəsini apardığımız zaman növbəti bir Azərbaycan vətəndaşı düşmən əlinə keçib. Kimliyindən asılı olmayaraq, bu məsələ çox ciddi araşdırılmalıdır. İşə hərtərəfli yanaşmaq lazımdır və məsələyə hüquqi qiymət verilməlidir. Necə olub ki, Azərbaycan vətəndaşı Ermənistan hərbiçiləri tərəfindən girov götürülüb? Ermənistan tərəfindən istənilən təxribat mümkündür. Onlar hər bir vasitəyə əl ata bilərlər. Müdafiə Nazirliyinin açıqlamasında deyildiyi kimi, Elnurun əlinə silah da verib, hərbiçi paltarı da geyindirə bilərlər. Əgər Elnur Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu olubsa, demək, onda ən azından xidmətdə olduğu hərbi hissə ilə bağlı az da olsa məlumat var”.

Ü. Cəfərov qeyd edib ki, qarşıdakı günlərdə bir çox məsələlər aydınlaşacaq: “Hələ ki məsələnin tam məğzi bəlli deyil. Ermənistan mətbuatının verdiyi məlumata görə, onlar Elnur Hüseynzadənin ailəsinə müraciət ediblər ki, övladlarına görə narahat olmasınlar. Əslində isə mətbuatlarında bizi faşist kimi təqdim edən ermənilərin özləri bəlkə də analoqu olmayan faşist hərəkəti nümayiş etdirirlər. Rəhmətə gedən şəhid əsgərimiz Çingiz Qurbanovla bağlı əməllərini buna misal kimi göstərə bilərik. Anlaşılandır ki, müharibə aparan ölkədə əsir də, itkin düşən də ola bilər. Hər halda bu, çox ağrılı bir xəbərdir. Mülki vətəndaşdı, necə girov alıblar? Bu kimi suallara da yəqin ki, yaxın günlərdə aydınlıq gətiriləcək”.
Geri dön