Ana Sayfa > Manşet / Siyasət > K.Nurullayeva: “Azərbaycan hər zaman tolerantlıq və sülh dəyərlərinə sadiqdir”
K.Nurullayeva: “Azərbaycan hər zaman tolerantlıq və sülh dəyərlərinə sadiqdir”7-03-2025, 08:48. Yazar: sevinc1 |
![]() Milli Məclisin deputatı Könül Nurullayeva İsveçrədə Beynəlxalq Tolerantlıq və Sülh Parlamentin 12-ci plenar sessiyasında “Firavan gələcək naminə qlobal əməkdaşlıq” mövzusunda çıxış edib. Deputat bildirib ki, Ümumdünya Sülh Xartiyasının prinsiplərini irəli aparmaq və onun tam icrasına mane olan çağırışları birlikdə həll etmək üçün bütün ölkələr məsuliyyət daşıyır. Azərbaycanın multikulturalizm və dinlərarası harmoniyanın zəngin tarixinə malik bir ölkə kimi həmişə tolerantlıq və sülh dəyərlərinə sadiq olduğunu vurğulayan K.Nurullayeva qeyd edib ki, regional münaqişələr və qlobal gərginliklər fonunda mövcud çağırışlara baxmayaraq, biz daim müxtəlif mədəniyyətlər və etnik qruplar arasında dialoq, barış və birgəyaşayış mühitini təşviq etməyə çalışmışıq: “Azərbaycan sülhsevər ölkə kimi bəşəriyyətin xilasını dilindən, dinindən, milliyyətindən asılı olmayaraq xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür. Uzun illər əldə etdiyimiz təcrübəyə əsasən deyə bilərəm ki, məhz tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur”. “Ümumdünya Sülh Xartiyası tolerantlığın təşviqi üçün güclü bir təməl yaratsa da, onun tam icrası bir sıra maneələrlə üzləşir. Geosiyasi gərginliklər, münaqişələr və həll olunmamış mübahisələr davamlı sülh və barış prosesini əngəlləyərək, bölücülük və düşmənçiliyi təşviq edir” deyən K.Nurullayeva qeyd edib ki, bu çağırışları effektiv şəkildə həll etmək üçün Xartiyanın prinsiplərini reallığa çevirmək məqsədilə konkret addımlar atılmalıdır: “Münaqişələrin dialoq və diplomatik yollarla həll edilməsi üçün hökumətlərarası əməkdaşlığın gücləndirilməsi vacibdir. Bununla yanaşı, tolerantlığa qarşı artan təhdidlərin izlənilməsi və onların qarşısının alınması üçün mexanizmlər qurulmalıdır.” Deputat Azərbaycanın 30 ilə yaxın müddətdə üzləşdiyi işğal siyasətinə də toxunub: “Mənim ölkəm 30 ilə yaxın işğaldan, etnik təmizləmədən əziyyət çəkib. Biz cəmiyyət olaraq sülhün nə qədər vacib olduğunu bu illər ərzində daha dərindən anlamışıq. Beş il əvvəl 2020-ci ildə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan ərazi bütövlüyünü təmin etdi, beləliklə, regionda tam yeni reallıq yaranıb. Postmünaqişə dövründə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün ilk təşəbbüs də Azərbaycana məxsusdur. Biz sülh və birgəyaşayış naminə mövcud imkanları düzgün dəyərləndirməliyik”. K.Nurullayeva eyni zamanda sülh mədəniyyətinin formalaşdırılmasında təhdilin roluna da toxunub. Qeyd edib ki, erkən yaşlardan etibarən uşaqlarda qarşılıqlı anlaşma, hörmət və dialoqu təşviq edən tədris proqramları hazırlanmalıdır: “Beynəlxalq mübadilə proqramları genişləndirilməli, gənclərin müxtəlif mədəniyyətləri birbaşa təcrübədən keçirməsi təmin edilməlidir ki, bu da stereotipləri qıraraq qlobal həmrəyliyi möhkəmləndirəcək. Ekstremizm və nifrət nitqinə qarşı mübarizə üçün rəqəmsal platformalarla daha sıx əməkdaşlıq edilməli, dezinformasiya və zorakılığa çağırışların yayılmasının qarşısı alınmalıdır. Mədəni və incəsənət təşəbbüsləri vasitəsilə tolerantlığı təşviq edən vətəndaş cəmiyyəti təşkilatlarına dəstək göstərilməlidir. Qadınlar və gənclər sülh quruculuğunun əsas iştirakçıları kimi gücləndirilməli, onların danışıqlar və siyasət formalaşdırma proseslərində fəal iştirakı təmin edilməlidir ki, inklüziv və davamlı həll yolları yaradılsın”. K.Nurullayeva bildirib ki, Ümumdünya Sülh Xartiyasının prinsipləri dövlətlərin bu öhdəliklərə əməl etməsini təmin etmək üçün milli qanunvericilik vasitəsilə institutlaşmalıdır. Bunun üçün ölkələrin bu öhdəliklərə riayət etməsini izləyən və hesabat hazırlayan qlobal monitorinq qurumu yaradılmalıdır ki, səylərimiz real və ölçülə bilən dəyişikliklərə gətirib çıxarsın. Qlobal sülhə gedən yolun asan olmadığını qeyd edən deputat onu da bildirib ki, bu yolda birgə addımlamalıyıq: “Azərbaycan tolerantlığı təşviq etmək və Ümumdünya Sülh Xartiyasının effektiv icrasını təmin etmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa sadiqdir. Biz də birlikdə bu sözləri əmələ çevirməklə və siyasətlərimizi sülh və birgəyaşayış ruhuna uyğunlaşdırmaqla gələcək nəsillər üçün daha ədalətli və harmonik bir dünya qura bilərik”. Qeyd edək ki, Beynəlxalq Tolerantlıq və Sülh Parlamenti Qlobal Tolerantlıq və Sülh Şurasının parlament qoludur. Dünya üzrə milli parlamentlərin hazırkı üzvlərindən ibarət olan Parlamentin məqsədi, tolerantlıq və sülh sahəsində qlobal məsələləri araşdırmaq və yaranan problemlərin həlli üçün müvafiq tövsiyələr hazırlamaqdır. Geri dön |