Ana Sayfa > Manşet / Siyasət > Qadın hüquqlarının müdafiəsi: gender siyasətinin mühüm aspekti

Qadın hüquqlarının müdafiəsi: gender siyasətinin mühüm aspekti


Bu gün, 15:41. Yazar: sevinc1
Qadın hüquqlarının müdafiəsi: gender siyasətinin mühüm aspekti

Tarixi ənənələr, mədəniyyət və sosial struktur baxımından qadınlar hər zaman ailənin və cəmiyyətin inkişafında fəal rol oynamışlar. Onlar ailə dəyərlərinin qorunmasında mühüm vəzifələr daşıyırlar. Eyni zamanda, qadınların həyatın müxtəlif sahələrində göstərdikləri mübarizə və zəhmət onların gücünü və əzmini nümayiş etdirir. Bu xüsusiyyətlər Azərbaycan qadınlarının cəmiyyətdə mövqeyini möhkəmləndirərək gələcək nəsillərə örnək olmuşdur.

XX əsrin əvvəllərində Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçki hüququ əldə etdilər. 1918-ci ildə qadınlara seçib-seçilmək hüququnun verilməsi onların cəmiyyətin idarə olunmasında daha fəal iştirakına imkan yaratdı. Qadınların ictimai-siyasi arenada iştirakı zamanla daha da genişlənərək ən yeni dövrün qanunvericilik fəaliyyətində öz əksini tapdı.

Ulu Öndər Heydər Əliyev müstəqillik illərində qadın hüquqlarının müdafiəsi üçün bir çox hüquqi-normativ aktlar təsdiqləyib, çoxsaylı fərman və sərəncamlar imzalayıb. Azərbaycan Respublikasının Konstitusiyası heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Məhz Ümummilli Liderin təşəbbüsü ilə hazırlanan bu ali hüquqi sənəddə qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. Beləliklə, demokratik cəmiyyət quruculuğunda qadınların fəal iştirakı ilə bağlı hüquqi baza yaradılıb, bu faktorlar bütün sferalarda gender siyasətinin inkişafına töhfə verib.

Azərbaycan bir sıra beynəlxalq təşkilatların qadın hüquqları ilə bağlı konvensiyalarına qoşulub, bu faktorlar ölkədə qadınların sosial-iqtisadi və siyasi sahələrdə irəliləməsi üçün əlverişli zəmin yaradıb. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib. Ulu Öndərin müvafiq Fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi və digər mühüm addımlar gender siyasətinin effektivliyini təmin edib.

Ulu Öndərin müəyyən etdiyi uğurlu gender siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində ölkəmizdə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təminatı ilə bağlı böyük uğurlar əldə olunub. Dövlət başçısının 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.

Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı 5 mart 2025-ci il tarixli məktubunda qeyd edib: “Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gender siyasətinin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyət xüsusilə vurğulanmalıdır. Birinci xanım hər zaman qadınların yüksək intellektual potensialını nümayiş etdirir və onların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakını təşviq edir. O, qadınların hüquq və azadlıqlarının genişləndirilməsi, eyni zamanda onların sosial-iqtisadi sferalarda daha güclü rol oynaması üçün zəruri tədbirlər həyata keçirir.

Birinci vitse-prezident kimi çıxışında “Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm. İnanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğruldacağam” söyləyən Mehriban xanım Əliyeva ötən dövrdə göstərdiyi fədakarlıqla verdiyi sözə sadiq qaldı.

Qadınlarımız daim milli-mənəvi dəyərlərə sadiq qalaraq ölkəmizin sosial-iqtisadi həyatında, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm rol oynayırlar. Xanımlar, həmçinin dövlət idarəçiliyi, hüquq və qanunvericilik sistemində uğurla təmsil olunur, müdafiə və ordu sahəsində mühüm xidmətlər göstərirlər. Azərbaycan Ordusunda yüzlərlə qadın cəsarətlə xidmət edərək Vətən qarşısında vəzifələrini şərəflə yerinə yetirirlər.

Təqdirəlayiq haldır ki, Azərbaycan qadınları mübarizliyi, zəngin mənəvi-intellektual potensialı və dövlətçiliyə sədaqəti ilə fərqlənir, ölkənin inkişafına mühüm töhfə verirlər. Xanımların mənəvi gücü və əldə etdikləri böyük nailiyyətlər yeni nəsillərə ilham verərək, onlara motivasiya və ruhlanıdırıcı bir qaynaq olur.

Asif Əsgərov
Milli Məclisin deputatı

Geri dön