Ana Sayfa > Manşet / Siyasət > "Azərbaycan qadınlarının yalnız ailə həyatında deyil, həm də ictimai-siyasi sahədə mühüm rolu vardır" -

"Azərbaycan qadınlarının yalnız ailə həyatında deyil, həm də ictimai-siyasi sahədə mühüm rolu vardır" -


Bu gün, 15:31. Yazar: sevinc1
"Azərbaycan qadınlarının yalnız ailə həyatında deyil, həm də ictimai-siyasi sahədə mühüm rolu vardır" -

"Azərbaycan qadınları tarixin bütün dövrlərində cəmiyyətin aparıcı qüvvələrindən biri olmuş, siyasi-iqtisadi və mədəni sahələrdə mühüm rol oynamışdır. Azərbaycan xanımları yalnız ailə ocağının qoruyucusu deyil, həm də döyüşçü, dövlət xadimi və ziyalı kimi tanınmış, ictimai-siyasi sahədə mühüm rolunu vardır".

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Millət vəkili bildirib ki, 1918-ci ildə Şərqdə ilk dəfə seçib-seçilmək hüququ əldə etməsi onların cəmiyyətin inkişafına verdiyi davamlı töhfələrin göstəricisidir:

"Bu hüquq qadınların dövlət idarəçiliyinə və digər sferalarda daha fəal rol oynamasına imkan yaratmışdır. XX əsrin əvvəllərində maarifçilik hərəkatının güclənməsi ilə qadınların təhsilə marağı artmış, onların elm və mədəniyyət sahələrində fəaliyyəti genişlənmişdir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində qadın hüquqlarının qorunması, gender siyasətinin gücləndirilməsi və qadınların sosial-iqtisadi sferalarda daha geniş yer tutması istiqamətində mühüm addımlar atılmışdır. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Bu bəyannamə qadınların siyasi, iqtisadi və sosial sferalarda rolunun artırılmasını nəzərdə tutur. Müstəqil Azərbaycanın Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan bu mükəmməl və mütərəqqi sənəd qadın və kişilərin bərabər hüquqlarını təmin edir. Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Ulu Öndərin gender siyasəti Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla təkmilləşdirilərək ən yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilib və bu qurum hazırda uğurla fəaliyyət göstərir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qəbul olunmuş qanunlar bu istiqamətdə həyata keçirilən müdrik siyasətin bariz nümunələrindəndir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva respublikamızın dinamik inkişafının təmin edilməsində, həmçinin qadınların ölkəmizin ictimai-siyasi həyatında fəallığının artırılmasında misilsiz xidmətləri olmuşdur".

B.Bədəlov diqqətə çatdırıb ki, bu gün Azərbaycan qadınları parlamentdə, hökumət qurumlarında, biznes sektorunda, elmi və mədəni sahələrdə mühüm mövqelər tutur: "Qadınlar ölkənin bütün sahələrində olduğu kimi, Milli Məclisdə də uğurla təmsil olunur, həmçinin xanımlar müxtəlif beynəlxalq forumlarda və təşkilatlarda fəal şəkildə iştirak edərək ölkənin maraqlarını qətiyyətlə müdafiə edirlər. Qadınlar ordu və hüquq-mühafizə sistemində də mühüm rol oynayırlar. Xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, tibb xidmətində və digər hərbi sahələrdə yüzlərlə qadın fəaliyyət göstərir. Onlar döyüş meydanlarında da öz şücaətləri ilə seçilmişlər".

aia.az
Geri dön