Ana Sayfa > Parlament > Milli Məclisin deputatı onlayn iclasda iştirak edib
Milli Məclisin deputatı onlayn iclasda iştirak edibBu gün, 15:28. Yazar: sevinc1 |
![]() Parlamentlərarası İttifaq və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin birgə təşkilatçılığı ilə “Yeni Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrin həyata keçirilməsi: parlamentlər iqlim gündəliyini necə irəli apara bilərlər?” mövzusunda onlayn iclas keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclasda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29-da BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli iqlim çempionu Nigar Arpadarai bildirib ki, iqlim dəyişikliyi dövrümüzün ən ciddi problemlərindən biridir və onun həlli yüksək səviyyədə əməkdaşlıqla yanaşı, cəmiyyətin bütün qruplarının cəlb olunmasını tələb edir. Bu gün keçirilən müzakirənin COP29-dan bir neçə ay sonra baş tutduğunu qeyd edən komitə sədrinin müavini, Bakı Maliyyə Məqsədinin (BMM) təklif etdiyi yeni qlobal hədəflərə diqqəti çəkib. O vurğulayıb ki, BMM əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyub. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Diqqətə çatdırılıb ki, Azərbaycanın COP29 Sədrliyinin apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələyib. Bildirilib ki, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülən 14 təşəbbüs həm dövlətlər, həm də özəl sektor və digər tərəfdaşlar tərəfindən dəstəklənib. Bundan əlavə, onlayn iclasda COP29 çərçivəsində Parlamentlərarası İttifaq ilə Milli Məclisin birgə təşkil etdiyi Parlament Görüşünün əhəmiyyəti qeyd olunub, qanunverici orqanların iqlim məsələlərinin həllində iştirakının vacibliyi vurğulanıb. Sonda Nigar Arpadarai, COP30-a hazırlıq prosesi ilə bağlı məlumat verərək, ölkələrin Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrinin təqdim edilməsinin əsas məsələlərdən biri olduğunu qeyd edib. Geri dön |