Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Dostluq və qardaşlıq tarixində önəmli bir gün

Dostluq və qardaşlıq tarixində önəmli bir gün


Bu gün, 13:56. Yazar: sevinc1
Dostluq və qardaşlıq tarixində önəmli bir gün

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Dərin tarixi köklərə malik olan Azərbaycan və Türkiyə strateji tərəfdaşlığı bir millətin mübarizə əzminin, dostluq və qardaşlığın ən bariz nümunəsidir.
İlk dəfə Azərbaycan Prezidenti, Ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilmiş "Bir millət, iki dövlət" ifadəsi iki ölkə arasındakı əlaqələrin strateji əsasını təşkil etməklə yanaşı, həyatın bütün sahələrində birlik və qardaşlığın simvoluna çevrilmişdir.
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri SSRİ-nin dağılmasından və Azərbaycanın 1991-ci ildə müstəqillik qazanmasından sonra yenidən bərpa olunmuş, imperiyanın xalqları bir-birindən ayırma prosesinə son qoyulmuşdur. Lakin bu illərdə Azərbaycanın yaşadığı çətinliklər ölkənin inkişafına ciddi şəkildə əngəl törədirdi. Belə bir vaxtda Ermənistanın tətbiq etdiyi blokada Naxçıvanın vəziyyətini ağırlaşdırır, enerji təchizatında ciddi problemlərin yaranmasına səbəb olurdu. Nəticədə Azərbaycan təcrid və blokada məngənəsində qalan Naxçıvanı təmin etmək üçün məcburən qazı İrandan alırdı. Bakı ilə Tehran arasında imzalanmış razılaşmaya əsasən, Naxçıvana qaz tədarükü svop mexanizmi ilə həyata keçirilirdi. Belə ki, Azərbaycan İranın şimal bölgələrinə qaz ötürür, əvəzində isə həmin həcmdə qaz İrandan Naxçıvana verilirdi. Türkiyə ilə saziş imzalanana qədər Bakının Naxçıvana alternativ qaz marşrutu yox idi və bu, İrana öz şərtlərini diktə etmək imkanı verirdi.
2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə dair saziş imzalandı və bu, Naxçıvanın İrandan enerji asılılığına son qoyacaq bir strategiyanın başlanğıcı oldu. Layihə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyədə təsdiqləndi və Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının dərinləşməsinin mühüm hissəsinə çevrildi.
Və nəhayət, 5 mart 2025-ci ildə İğdır-Naxçıvan qaz xəttinin açılışı ilə çoxdan arzulanan, gözlənilən bir proses başa çatmış oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi və bir millətin bütövləşmə mücadiləsinin və qardaşlığının simvoluna çevrildi.
Açılış mərasimində çıxış edən ölkəmizin başçısı cənab İlham Əliyev bu mərasimi “Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün” adlandıraraq dedi: “Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir.”
Dövlətimizin rəhbəri qeyd etmişdir ki, Türkiyə və Azərbaycanın reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirir, eyni zamanda Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz Türkiyədən başqa da 11 ölkənin enerji təhlükəsizliyini təmin edir. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu Türk dünyasını birləşdirmək yolunda ən uğurlu addımlardan biri hesab edilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasının həyata keçirilməsi istiqamətində atılan addımların bu gün real həqiqətə çevrilməsi yeni bir tarixi prosesin başlandığını göstərir. Bu prosesin memarları isə cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğandır. Hər iki rəhbərin qardaşlıq və birlik yolunda atdıqları addımlar, həyata keçirdikləri strategiya öz bəhrəsini verməkdədir.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Zəngəzur dəhlizinin açılması yolunda əngəllərin aradan qaldırılmasına da təsir edəcəkdir. Çünki bu qaz kəməri təkcə enerji layihəsi deyil, Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən strateji bir addımdır. Bu layihənin reallaşması Azərbaycanın regionda mövqeyini gücləndirməklə yanaşı, Ermənistanın blokada siyasətini iflasa uğradır. Azərbaycan və Türkiyənin bu uğurlu əməkdaşlıq modeli Cənubi Qafqazın gələcək enerji və nəqliyyat marşrutlarını müəyyənləşdirir, Ermənistanın dəhlizi bağlamaq cəhdləri getdikcə çətinləşir. Bu da öz növbəsində Azərbaycanın geosiyasi qələbəsi olmaqla bərabər, regionda güc balansını Bakı və Ankaranın xeyrinə dəyişdirir.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni geosiyasi reallıqlar fonunda həyata keçirən ölkəmizin başçısı cənab İlham Əliyevin strategiyası düşünülmüş, ölçülüb-biçilmiş siyasətin iqtisadi inkişafa töhfəsi ilə yanaşı, atılan addımların dostluq, qardaşlıq simvoluna çevrilməsi, tarixə yazılan gün kimi əbədiləşməsi bundan sonra da davam edəcəyinə şübhə yeri qoymur.
Geri dön