Ana Sayfa > Özəl > Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün də uğurla davam etdirilir.
Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün də uğurla davam etdirilir.Bu gün, 00:23. Yazar: sevinc1 |
![]() Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Seçki hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Həyatımızın bəzəyi olan qadınlara tale ana olmaq, övladlarını cəmiyyət üçün gərəkli bir insan kimi böyüdüb tərbiyə etmək səadəti nəsib edib. Bu zərif cinsin nümayəndələri həm də cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər. Müstəqil ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Azərbaycan Prezidentinin sərəncamı ilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi və bu qərarın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanması da Azərbaycan qadınına etimadın nə qədər yüksək olduğunu bir daha təsdiqləyir. XX əsr dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını XX əsrdə - istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər ” Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir . Onu da xüsusilə qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun olaraq öz təşkilatlarını yaratdılar. Bu gün respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Fürsətdən istifadə edərək, Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir , onlara möhkəm cansağlığı , ailə xoşbəxtliyi , işlərində uğurlar arzulayıram . Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |