Ana Sayfa > Siyasət > “İğdır-Naxçıvan qaz kəməri həm də dayanıqlı sabitliyə xidmət edəcək”

“İğdır-Naxçıvan qaz kəməri həm də dayanıqlı sabitliyə xidmət edəcək”


Dünən, 14:02. Yazar: sevinc1
“İğdır-Naxçıvan qaz kəməri həm də dayanıqlı sabitliyə xidmət edəcək”

“İğdır-Naxçıvan qaz kəmərinin açılışı regionda yeni iqtisadi perspektiv imkanları yaratmaqla bərabər, həm də bölgədə dayanıqlı sabitliyi gücləndirən addımlardan biridir. Bu səbəbdən, Azərbaycan və Türkiyənin açılış mərasimini etdiyi qaz kəməri region üçün əhəmiyyətli layihələrdən biridir”.

Bu sözləri mətbuata millət vəkili Məşhur Məmmədov deyib.

Məlum olduğu kimi, martın 5-də bu layihənin açılışıdır. Tədbirdə prezidentlərin iştirakı gözlənilir. Deputat Məşhur Məmmədov isə saytımıza açıqlamasında qeyd edib ki, iki qardaş dövlət arasında əməkdaşlıq zirvədədir. Onun fikrincə, Ermənistan bu fürsətləri qaçırmamalıdır: “Ermənistan rəsmiləri arzularını dilə gətirmişdilər ki, Azərbaycan qazını ala bilərik. Bunun üçün ilk növbədə sülh sənədi imzalanmalıdır, diplomatik əlaqələr qurulmalıdır. Buna qədər isə Azərbaycandan Azərbaycana keçid təmin olunmalıdır. Yəni bizim qərb rayonlarından Naxçıvana maneəsiz gediş-gəliş reallaşmalıdır. Əgər Ermənistan bunu başa düşürsə, öhdəliyini yerinə yetirməlidir. Göründüyü kimi, İğdır-Naxçıvan qaz kəməri işə düşür. Ermənistan rəsmiləri dərk etməlidirlər ki, ölkənin iqtisadi blokadadan çıxışı Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdan keçir”.

Deputat əlavə edib ki, bu gün Azərbaycanla Türkiyə hər addımda birgə hərəkət edir: “İki qardaş dövlətin müttəfiqliyi yüksəlişdədir. Bu gün bütün sahələr üzrə əlaqələr inkişaf edir. Bu layihə də olduqca mühüm əhəmiyyətə malikdir. Türkiyə və Azərbaycan bir-birini bütün məsələlərdə müdafiə edir. Qardaşlığımız əbədi və daimidir.

Onu da deməliyəm ki, Türkiyənin əsas qaz tədarükçülərindən olan Azərbaycan, həm də qardaş ölkə vasitəsilə Naxçıvan Muxtar Respublikasının “mavi yanacaq”la təchizatı probleminin həlli üçün yeni fürsət qazanıb”.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.

Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Beləliklə, Türkiyədən Naxçıvana təbii qazın ixracına başlanılacaq.
Geri dön