Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib
Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilibDünən, 17:51. Yazar: sevinc1 |
![]() Fevralın 28-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İclası açan Milli Məclisin sədri bildirib ki, bildiyiniz kimi, fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirləri keçirilib. Asiya Parlament Assambleyası hazırda Milli Məclisin sədrlik etdiyi 5 beynəlxalq parlament təşkilatından biridir. Digər təşkilatlar isə Türk Dövlətlərinin Parlament Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. Spiker qeyd edib ki, parlament diplomatiyası üçün mühüm platforma olan Asiya Parlament Assambleyasının sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların 35 nümayəndə heyəti, ümumən 280 nəfərdən çox nümayəndə iştirak edirdi. Tədbirdə “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusu ətrafında müzakirələr aparıldı. Müzakirələrdə Asiya Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrləri, sədr müavinləri, üzvləri və Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış etdilər. Onlar regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində Asiya Parlament Assambleyasının mühüm rolu barədə danışdılar. Sahibə Qafarova bildirib ki, o, Asiya Parlament Assambleyasının sədri kimi öz çıxışında ötən dövr ərzində təşkilatın institusional inkişafı istiqamətində Milli Məclis tərəfindən irəli sürülmüş təşəbbüslər haqda danışıb. Sevindirici haldır ki, məhz bizim sədrliyimiz dövründə görülmüş işlər nəticəsində Asiya Parlament Assambleyasının mövcud strukturlarının fəaliyyəti daha da gücləndirilib və bu ərəfədə Oman Sultanlığının Şura Məclisi təşkilata yeni üzv, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi kimi qəbul olunub. Spiker qeyd edib ki, o, öz çıxışında Milli Məclisin sədri kimi, dünyanın qarşılaşdığı problemlərə və onların aradan qaldırılması yollarına Azərbaycanın baxışları barədə fikirlərini bölüşüb. Bugünkü ziddiyyətlərin və gərginliyin əsas mənbəyinin beynəlxalq hüquq normalarına və prinsiplərinə əməl edilməməsi, ikili standartlar və selektiv yanaşmalar, dövlətlərin daxili işlərinə müdaxilə olduğunu qeyd edib. Bildirib ki, bu cür mənfi tendensiyanı aradan qaldırmağın ən etibarlı yolu effektiv və inklüziv çoxtərəfli sistemin gücləndirilməsidir. Spiker Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycanın bu yanaşmanı aydın şəkildə nümayiş etdirdiyini, üzv dövlətlər arasında dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq etdiyini vurğulayıb. Nəzərə çatdırıb ki, ölkəmizin bu istiqamətdə ən mühüm addımlarından biri də COP29-a ev sahibliyi dövründə mühüm qərarların qəbuluna nail olması, müxtəlif maraqlı tərəfləri bir araya gətirməsi və Qlobal Şimal ilə Qlobal Cənubu iqlim dəyişikliyi ilə mübarizə məsələsi ətrafında birləşdirməsi olub. Sahibə Qafarova onu da deyib ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib. Asiya Parlament Assambleyasının qəbul etdiyi Bakı bəyannaməsinin bir bəndində Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilir. Spiker bildirib ki, sessiya çərçivəsində onun 9 ölkənin parlament sədrləri və 2 ölkənin sədr müavinləri ilə ikitərəfli görüşləri olub. Görüşlərdə Parlament Assambleyasının fəaliyyəti, eləcə də parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Həmçinin, Milli Məclisin sədr müavinləri, Milli Məclisin deputatları nümayəndə heyətlərinin rəhbərləri və üzvləri ilə bir sıra görüşlər keçiriblər. Çıxışının sonunda Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin ev sahibliyi və sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir olaraq qarşıya qoyulan bütün hədəflərə nail oldu. Spiker bununla əlaqədar tədbirin təşkilində əməyi olan Milli Məclisin sədr müavinlərinə, deputatlarına, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşlarına bir daha minnətdarlığını bildirib. Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə parlamentin komitə sədri Hicran Hüseynova, deputatlar Şahin Seyidzadə, Sahib Alıyev, Müşfiq Cəfərov, Nizami Səfərov, Pərvanə Vəliyeva, Razi Nurullayev, Tural Gəncəliyev, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Cavanşir Feyziyev, Rəşad Mahmudov, Hikmət Məmmədov çıxış ediblər. Çıxışlarda müasir dünyada baş verən mürəkkəb hadisələr fonunda Azərbaycanın milli maraqlar və praqmatizm üzərində qurulmuş siyasəti ilə seçildiyi bildirilib. Vurğulanıb ki, məhz belə bir dövrdə Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi xalqımızın öz dövlətçiliyinə, Konstitusiyasına və müstəqilliyinə verdiyi önəmin ifadəsidir. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda xalqımızın daim mübarizə apardığı və bu yolda baş vermiş Xocalı faciəsinin ildönümünün hər zaman qeyd edildiyi, soyqırım qurbanlarının xatirəsinin yad edildiyi bildirilib. Xocalı soyqırımı ilə bağlı ölkəmizdə müxtəlif vaxtlarda qəbul edilən sənədlərdən, bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən söhbət açılıb. Parlamentin sədri Sahibə Qafarova bu günlərdə Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına 100 müraciətin ünvanlandığını diqqətə çatdırıb. Müzakirələr zamanı bildirilib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qalib olmasına baxmayaraq, ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb. Lakin bu beynəlxalq hüquqi aktın imzalanması prosesinin ciddi maneələrlə üzləşdiyi qeyd edilib. Vurğulanıb ki, Azərbaycan Prezidentinin mövqeyi ondan ibarətdir ki, yalnız Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail olmaq mümkündür. Digər mühüm məqam isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Dövlətimizin Cənubi Qafqaz regionunda davamlı sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olması üçün ardıcıl fəaliyyət göstərdiyi və bu səylərin tezliklə öz müsbət nəticəsini verəcəyi söylənilib. Çıxışlarda, habelə 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrinin Azərbaycana qarşı təxribatların tərkib hissəsi olduğu, bu günlərdə isə Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanat verdiyi və beləliklə, bu ölkənin tarixi saxtakarlığı davam etdirdiyi qeyd olunub. Deputatlar Ermənistan tərəfindən törədilən ekoloji terrordan da bəhs ediblər, bunun Cənubi Qafqaz və Xəzəryanı ölkələrin ətraf mühiti üçün təhdid olduğunu söyləyiblər. Bildirilib ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekosidə görə təzminat ödəməli, region əhalisinin hüquqlarını pozmaqla apardığı dağ-mədən sənayesi işlərini dayandırmalıdır. Millət vəkilləri, həmçinin Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pislədiklərini bildiriblər. Müzakirələrdə bir neçə gün əvvəl ölkəmizin media vasitələrinə xaker hücumlarının baş verdiyi, onların fəaliyyətində çətinliklərin yarandığı nəzərə çatdırılıb. Kibertəhlükəsizlik məsələlərində müttəfiq ölkələrlə əməkdaşlığın, habelə yeni texnologiyalardan istifadə edərək belə hücumlara qarşı lazımi addımların atılmasının vacibliyi qeyd edilib. Deputatlar, habelə bu il Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan MDB İdman Oyunları ilə bağlı zəruri işlərin görüldüyünü söyləyiblər. Səhiyyə sahəsində baş tutan yeniliklərdən, bir sıra digər aktual məsələlərdən söhbət açıblar. Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 16 məsələnin daxil edildiyini və ilk 6 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb. İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş) barədə danışıb. O, sənəddə qeyd olunan dəyişikliklər barədə birinci və ikinci oxunuşlar zamanı məlumat verildiyini deyib, layihənin səsə qoyulmasını xahiş edib. Dəyişikliklərdə "qanunsuz miqrantların saxlanılması" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilməsi təklif olunur. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məsələ barədə bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Spiker Sahibə Qafarova xatırladıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu gün birinci səsvermə keçirilib, altı aydan sonra bu Konstitusiya Qanununun ikinci səsverməsi olacaq. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, əvvəlki iki oxunuşda məsələ barədə geniş məlumat verildiyini, layihəyə dair hər hansı dəyişikliyin edilmədiyini deyib, onun olduğu kimi səsə qoyulmasını xahiş edib. Sənəddə qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur. Habelə aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi nəzərdə tutulur. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihə barədə əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini, müzakirələrdə səsləndirilən təklif və tövsiyələrə işçi qaydada aydınlıq gətirildiyini söyləyib. Layihədə nəzərdə tutulan dəyişiklikdə qeyd olunur ki, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən danışıb. Millət vəkili əvvəlki iki oxunuşda sənəd barədə ətraflı məlumat verildiyini, əlavə təkliflərin daxil olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib. Qanun layihəsində əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənəd haqqında rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, layihə ilə əlaqədar heç bir təklif və iradın daxil olmadığını söyləyib, onun səsə qoyulmasını xahiş edib. Sənədə əsasən, icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək, müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihə barədə hər iki oxunuşda geniş məlumat verildiyini, mətnində heç bir dəyişikliyin edilmədiyini bildirib və onun səsə qoyulmasını xahiş edib. Sənəd sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Spiker Sahibə Qafarova növbəti məsələnin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi olduğunu nəzərə çatdırıb. O, sənədin uyğunlaşdırma xarakteri daşıdığını deyib və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələyə dair məlumat verərək qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edilmiş bu qanun layihəsi konseptual baxımdan məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi və xüsusilə hakimiyyətin bölünməsi prinsipinin ardıcıl olaraq həyata keçirilərək, müvafiq icra hakimiyyəti orqanı ilə məhkəmə hakimiyyəti orqanı arasında səlahiyyətlərin düzgün müəyyən olunmasına xidmət edir. Bildirilib ki, adı çəkilən Qanunda məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlərinin Məhkəmə-Hüquq Şurasına həvalə edilməsi öz əksini tapıb. Onların dairəsinə məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkili, hakimlərin əmək və sosial hüquqlarının təmin olunması, məhkəmələrdə əmək və icra intizamına riayət edilməsi üçün tədbirlərin görülməsi və sair aiddir. Deyilənləri nəzərə alaraq, müzakirəyə təqdim edilən layihədə Mülki Prosessual, Cinayət-Prosessual və İnzibati Prosessual məcəllələrinə müvafiq uyğunlaşdırma xarakterli düzəlişlər təklif edilir. Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının hüquq və vəzifələri kimi müəyyən edilmiş məsələlərin "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunda da əks edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Parlamentin sədri növbəti 5 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, qanunvericilik təşəbbüsü subyektinin sənədə yeni bir maddənin əlavə edilməsi təklifi ilə çıxış etdiyini deyib. Qeyd edilib ki, Qanuna 8-1.3.5-ci maddəsinin əlavə edilməsi tövsiyə olunur. Bu maddədə korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkən dövlət maliyyə nəzarəti tədbirlərinin, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin, yaxud məcburi və ya könüllü auditin nəticələri barədə məlumatların nəzərə alınması təsbit edilir. Sənədlə bağlı müzakirələrdə deputatlar Vüqar Bayramov, Kamal Cəfərov öz fikir və təkliflərini açıqlayıblar. Komitə sədri Arzu Nağıyev səsləndirilən fikirlərə münasibət bildirib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, layihənin müsbət qiymətləndirildiyini, əvvəlki oxunuşda səsləndirilən sualların işçi qaydada cavablandırıldığını söyləyib. Komitə sədri sənədə əlavə heç bir təklifin daxil edilmədiyini deyib və onun səsə qoyulmasını xahiş edib. Layihədə Qanunun 5-ci maddəsinin altıncı hissəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir. Həmçinin bildirilir ki, sözügedən dəyişiklik bu sənəd qüvvəyə mindiyi tarixədək təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şamil olunmur. Deputat Aydın Hüseynov məsələ barədə öz fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, sənədə dair hər hansı rəy və təklifin olmadığı üçün onun olduğu kimi səsə qoyulmasını xahiş edib. Layihə hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda xidmət keçən hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması məqsədilə hazırlanıb. Sənəddə İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar" adlı 40-cı fəslində nəzərdə tutulan inzibati xətaların törədilməsinin qarşısının alınmasına nail olmaq üçün həmin fəsildə nəzərdə tutulan inzibati xətalara görə müəyyən edilmiş sanksiyaların sərtləşdirilməsi təklif edilir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əlavə edilməsi təklif edilən 49.5-ci maddədə isə bu Qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülməsi və bu vəsaitdən istifadə qaydasının müəyyən edilməsi nəzərdə tutulur. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev sənədlə bağlı bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub. İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən bəhs edib. Millət vəkili bildirib ki, layihəyə əsasən, Cinayət Məcəlləsinin 228-ci maddəsinə təklif edilən dəyişiklikdə qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma həmin Məcəllənin qüvvədə olan 228.1-ci maddəsindən çıxarılaraq, bu əməlin ayrıca kriminallaşdırılması təklif edilir. "Xidməti və mülki silah haqqında" Qanuna təklif edilən dəyişiklikdə isə, odlu silah əldə etmək hüququnun 18 yaşdan artırılaraq 21 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına verilməsi nəzərdə tutulur. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələyə dair rəhbərlik etdiyi komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Komitə sədri diqqətə çatdırıb ki, layihədə büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması təklif olunur. Sənəddə, həmçinin "e-mühasibat" informasiya sisteminin təmin etməli olduğu məqsədlər müəyyən edilir. Belə ki, "e-mühasibat" informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçün maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır, həmçinin onların mühasibat uçotuna dair zəruri resurslara çıxışını təmin edir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Milli Məclisin sədri Sahibə Qafarova qalan 4 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, "Lisenziyalar və icazələr haqqında" Qanunun 4.1-ci maddəsinə əsasən lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən qanunlarla müəyyən olunmalıdır. Buna əsasən, təqdim edilən layihə müvafiq qurumun fəaliyyət istiqamətləri üzrə işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmasını nəzərdə tutur. Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə və öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edəcək. Müzakirələr zamanı deputat Nigar Arpadarai çıxış edərək bəzi qeydlərini söyləyib. Parlamentin sədri Sahibə Qafarova qaldırılan məsələyə münasibət bildirib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub. Gündəliyin on dördüncü məsələsi olan "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məlumat verib. Komitə sədri qeyd edib ki, təqdim edilən qanun layihəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026, 2026-2027, 2027-2028-ci tədris illəri üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, komitə sədri Zahid Oruc, deputatlar Vüqar Bayramov, Fariz İsmayılzadə, Bəhruz Məhərrəmov, Elçin Mirzəbəyli, Mehriban Vəliyeva, Sevinc Fətəliyeva və Rizvan Nəbiyev məsələ barədə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib. Növbəti qanun layihəsi - “Feldyeger rabitəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev məlumat verib. O, bildirib ki, layihədə əsas dəyişiklik 3-cü maddə ilə bağlıdır. Belə ki, əlavə olunan yeni 3.2-ci maddədə diplomatik korrespondensiyanın daşınması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi təsbit edilib. Digər dəyişiklik isə sırf texniki xarakterlidir. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Gündəliyin sonuncu məsələsi olan "Konstitusiya Məhkəməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. O, bildirib ki, “Konstitusiya Məhkəməsi haqqında" Qanunun 14.3-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır və Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir. Qüvvədə olan mətndən göründüyü kimi, Konstitusiya Məhkəməsi hakiminin vəzifələrini icra etmə müddəti konkret olaraq göstərilməyib. Maddənin yeni redaksiyasında isə bu qeyri-müəyyənlik aradan qaldırlır. Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılır və Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir. Bundan başqa, layihədə normativ müddəaların dəqiqləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə texniki xarakterli dəyişikliklər də əks olunub. Deputatlar Qüdrət Həsənquliyevin və Rəşad Mahmudovun dəyişikliklər barədə fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb. Geri dön |