Ana Sayfa > Gündəm > Sədaqət Qəhrəmanova: Monitorinq və Əlaqələndirmə Qrupunun yaradılması effektiv tədbirlərin həyata keçirilməsinə imkan verəcək

Sədaqət Qəhrəmanova: Monitorinq və Əlaqələndirmə Qrupunun yaradılması effektiv tədbirlərin həyata keçirilməsinə imkan verəcək


Dünən, 14:53. Yazar: sevinc1
Sədaqət Qəhrəmanova: Monitorinq və Əlaqələndirmə Qrupunun yaradılması effektiv tədbirlərin həyata keçirilməsinə imkan verəcək

Məişət zorakılığı ilə mübarizədə dövlət qurumlarının və ictimai təşkilatların birgə fəaliyyəti vacibdir. Bu sahədə ailə, qadın və uşaq siyasəti çərçivəsində aparılan təhlillər və görülən tədbirlər sistemli yanaşma tələb edir. Monitorinq və Əlaqələndirmə Qrupunun yaradılması isə bu istiqamətdə koordinasiyanı gücləndirməyə və daha effektiv tədbirlərin həyata keçirilməsinə imkan verəcək.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Nazirlər Kabinetinin müvafiq qərarı əsasında Komitədə yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə bildirib.

Komitə rəsmisi vurğulayıb ki, hər bir dövlət qurumu məişət zorakılığı ilə mübarizədə üzərinə düşən vəzifələri yerinə yetirməlidir: “Monitorinq qrupunun fəaliyyəti yalnız iclaslarda iştirakla məhdudlaşmır, eyni zamanda, müvafiq sahələr üzrə konkret tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə Səhiyyə Nazirliyinin də xüsusi rolu var. Çünki məişət zorakılığına məruz qalan şəxslər, xüsusilə də qadınlar və uşaqlar müxtəlif xəstəxanalara müraciət edir. Həmin halların qeydiyyata alınması, zərərçəkənlərə psixoloji və tibbi yardımların göstərilməsi, eləcə də onların sosial reabilitasiyasına dəstək verilməsi səhiyyə sisteminin imkanları daxilində vacib məsələlərdən biridir”.

“Məişət zorakılığına qarşı mübarizə kompleks yanaşma tələb edir və bu sahədə aidiyyəti qurumların sıx əməkdaşlığı zəruridir. Gələcəkdə monitorinq qrupunun fəaliyyətinin daha da gücləndirilməsi və geniş miqyasda maarifləndirmə tədbirlərinin aparılması nəzərdə tutulur”, - deyə Sədaqət Qəhrəmanova əlavə edib.
Geri dön