Ana Sayfa > Ölkə > İqtisadiyyat Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib


Bu gün, 09:00. Yazar: sevinc1
İqtisadiyyat Nazirliyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlər sırasında yer alır.

İqtisadiyyat Nazirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər. Anım tədbirində soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbirdə beynəlxalq hüquq üzrə mütəxəssis, millət vəkili, hüquq elmləri doktoru Nizami Səfərov soyqırımının siyasi və hüquqi aspektləri barədə fikirlərini bölüşüb. Bildirilib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalı zamanı dinc əhaliyə qarşı dəfələrlə soyqırımı törədib. Qeyd olunub ki, miqyasına və ağırlıq dərəcəsinə görə bu cinayətlərin ən dəhşətlisi Xocalı soyqırımıdır. Xocalı soyqırımı ağır nəticələrinə görə 20-ci əsrin bəşəri cinayətləri ilə bir sırada dayanır. Xocalı soyqırımının dünya miqyasında tanınması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub. Ermənistanın münaqişə zamanı törətdiyi hüquq pozuntuları beynəlxalq hüquqa görə həm dövlət, həm də fərdi məsuliyyət yaradır. Bu cinayəti törədənlərin beynəlxalq hüquqla təsbit olunan cəzanı alması ədalətin bərpasına xidmət etməklə yanaşı, analoji cinayətlərin qarşısını almağa yönəlmiş effektli presedent ola bilər.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Azərbaycan xalqı bu soyqırımı və torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Azərbaycan dövləti, xaricdə yaşayan azərbaycanlılar, bir sıra ictimai təşkilatlar, xüsusilə Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtmaq üçün böyük səy göstəriblər və bu işlər indi də davam edir. Dünyanın bir sıra ölkələri dövlət və parlament səviyyəsində Xocalı soyqırımını tanıyıblar. Bu gün qürurla demək olar ki, Xocalı qurbanlarının, Birinci, İkinci Qarabağ müharibələri və antiterror əməliyyatı zamanı şəhid olmuş hərbçilərimizin, mülki şəxslərin qisası döyüş meydanında alınıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti ilə qazanılan Zəfər, Xocalıda Azərbaycan bayrağının dalğalanması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Bildirilib ki, ötən il dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini Xocalıda andı, onların xatirəsini əbədiləşdirmək üçün orada xocalılılarla birgə memorial kompleksin təməli qoyuldu.
Tədbirdə Xocalı soyqırımına dair film nümayiş etdirilib.
Geri dön