Ana Sayfa > Siyasət > Xocalı soyqırımı-unutmadıq, unutmayacayıq

Xocalı soyqırımı-unutmadıq, unutmayacayıq


Bu gün, 11:47. Yazar: sevinc1
Xocalı soyqırımı-unutmadıq, unutmayacayıq

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Tarix boyu çoxsaylı müharibələr olub. Müharibələr nəticəsində ölkələr, şəhərlər, kəndlər və infrastruktur dağılır, ölum-itim, fəlakət, dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz izlər buraxır.

Elə Xocalı müsibəti kimi!

XX əsr tariximizin qanlı faciələrindən olan Xocalı soyqırımı insanların yaddaşında silinməz izlər qoymuşdur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər tarixin ən dəhşətli faciəsini-soyqırımı həyata keçirdilər. Xatın, Xirosima, Naqasaki kimi insan fəlakətləri törədilmiş ünvanlar sırasına Xocalı soyqırımı da əlavə olunmuşdur. Fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan etdilər. Dağlıq Qarabağ münaşiqəsi fonunda ermənilərin əsas hədəflərindən olan Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Ermənilər dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağılasığmaz vəhşiliklə öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.

Erməni birləşmələrinin vəhşiliyi nəticəsində həmin günlərdə 613 nəfər öldürülüb, 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə qocalar idi. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir.

Qarabağ müharibəsi dağıntıların miqyası baxımından, bəlkə də, ən çox fərqlənən müharibə oldu. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında işğal nəticəsində xarabalığa çevrilmişdir. Ermənilər insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır.

Azərbaycan xalqının haqq səsini hər zaman bütün dünyaya çatdıran xalqımızın Ümummilli Lideri Heydər Əliyev “Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”- deyərək təşəbbüs irəli sürmüş və 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü” haqqında qərar qəbul etmişdir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 20A(III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir. Ona görə əminliklə deyə bilərik ki, Xocalı soyqırımı beynəlxalq cinayətdir. Xocalı soyqırımın dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Xocalı faciəsinin dünya miqyasında tanıdılması, məhz soyqırımı kimi tanınması istiqamətində görülən işlər uzun illərdir ki, davam edir. Bu prosesdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırki tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə hər zaman qəhrəmanlıq və dəyanət nümayiş etdirmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəhbədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və 44 gün çəkən bu əməliyyat, vətən müharibəsi bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, stateji yüksəkliyi düşməndən azad etdi. 44 günlük müharibədə misilsiz igidlik göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə xalqımızın başına gətirilən bütün faciələrin, Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Cənab Ali Baş komandan İlham Əliyevin “dəmir yumruğu” sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Xocalı soyqırımı qurbanlarının xatirələrinin əbədiləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalamışdır.

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 26 fevral Xocalı Soyqırımı yaddaşlarda əbədi qalacaqdır.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri



Geri dön