Ana Sayfa > Özəl > Xocalı qətliamı qan yaddaşımızdan silinməyəcək

Xocalı qətliamı qan yaddaşımızdan silinməyəcək


Bu gün, 11:36. Yazar: sevinc1
Xocalı qətliamı qan yaddaşımızdan silinməyəcək

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədilik həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Bunun ilkin nəticəsi belə bir faciənin yaşanmasına gətirib çıxardı. Azərbaycanın o dövrkü iqtidarının sonrakı addımları isə elə faciənin özü qədər dəhşətli oldu. Hakimiyyətdə olanlar Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamadı, bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi isə o vaxtkı iqtidarın xalqın dərdinə şərik olmadığını, yalnız öz taleyini düşündüyünü göstərdi.
Yaşanan bu mənzərə belə bir həqiqəti də aydın göstərdi ki, ölkədaxili hakimiyyət mübarizələri dövlət üçün nə qədər təhlükəli və fəlakətli xarakter daşıyır. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə tam biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək məqsədi ilə istifadə etdi.
Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Bu siyasət indi Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.
Sözügedən siyasətin əsası isə məhz ulu öndər tərəfindən qoyulub. Belə ki, 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək ermənilərin törətdikləri əməllərin azərbaycanlılara qarşı törədilmiş soyqırımı olduğunu hüquqi cəhətdən təsbit edib. Bununla bağlı qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da "Xocalı soyqırımı günü" elan olundu. Bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və "Xocalı soyqırımı günü"nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət ünvanlandı. Həmin ilin martın 1-də Heydər Əliyevin bununla bağlı xüsusi fərmanı oldu. Bununla ulu öndərin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edərək faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğuladı.
Bununla yanaşı, ümummilli liderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Geri dön