Ana Sayfa > Özəl > Bu gün Xocalı soyqırımının 33-cü il dönümüdür

Bu gün Xocalı soyqırımının 33-cü il dönümüdür


26-02-2025, 11:30. Yazar: sevinc1
Bu gün Xocalı soyqırımının 33-cü il dönümüdür

Əlbəttə ki, xalq olaraq unuda bilmədiyimiz və hər zaman dərs çıxara biləcəyimiz, dost və düşməni hər zaman ayırıb, onlara qarşı hansı məsafədə durmağımız bu baxımdan çox önəmlidir. Tarixin keşməkeşli dövrlərini yaşayaraq, hər zaman mətinləşən xalqımız bu gün həqiqəti çox gözəl dərk edir. 1992-ci ildə yenicə qurulan gənc bir dövlət və hakimiyyət böhranının baş verdiyi bir zamanı yaşayırdıq. Bu ağır günlərimizdən istifadə edən mənfur qonşumuz Xocalı şəhərinə basqın edərək əli yalın, silahsız mülki əhaliyə qarşı qətl və qarətlər törətmiş, uşaqlara, qadınlara, qocalara belə rəhm etməmişlər.

Ümummilli liderimiz, mərhum Prezidentimiz Heydər Əliyevin 1993-cü ilin oktyabrında xalqın təkidilə Azərbaycanda hakimiyyətə gəlməsi və bu ağır günlərdə bütün iradəsini, siyasətini, elmini bizlərə sərf etməsi və xilaskar kimi dövlətimizin möhkəmləndirilməsi uğrunda çox ağır və keşməkeşli bir yol seçməsi bütün dünya rəhbərlərinə bir nümunə kimi çəkilir. Bu gün Ulu öndər tərəfindən istər siyasi, istər iqtisadi və hərbi sahədə atılan sütunlar, onun siyasi irsininin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən çox böyük məharətlə davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz layiqli qələbə qazanaraq işğal altında qalan torpaqlarımızı azad etmiş və ərazi bütövlüyümüzü təmin etmişdir.

Düşməndən fərqli olaraq heç bir mülki əhaliyə zor işlətməmiş və əksinə olaraq onların tam rahat şəkildə işğal edilən torpaqlarımızdan çıxmalarına şərait yaradılmışdır. Bu fakt bizim düşməndən əsas fərqimizdir, bu fakt Prezidentimizin humanist dəyərlərə və ülvi insani hisslərə, duyğulara malik olduğunun bariz nümunəsidir. Xalq və Prezidentimizin yumruq kimi birləşməsi bundan sonra da vətənimizin gündən-günə daha da çox inkişaf etməsinə şərait yaradacaqdır.

Çox şükür, bu gün Xocalılar əbədi - əzəli dədə-baba torpaqlarına qayıdırlar. Bundan sonra ölkəmizin çiçəklənmə dövrü daha da aktiv şəkildə davam edəcəkdir. İşğaldan azad edilən torpaqlarımıza yenidən həyat qaytaracağıq.

Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Azərbaycan Dövləti!

Samir Həsənov
YAP fəalı
Laçın şəhər 32 saylı tam orta məktəbin tarix müəllimi
Geri dön