Ana Sayfa > Özəl > Əsrin faciəsi -Xocalı soyqırımı !
Əsrin faciəsi -Xocalı soyqırımı !Bu gün, 17:10. Yazar: sevinc1 |
![]() Bu gün XX əsrin ən böyük faciələrindən olan və qan yaddaşımıza çevrilən Xocalı soyqırımının 33-cü ildönümüdür. Erməni vəhşiliyinin bariz nümunəsi olan bu qanlı hadisə müasir tariximizdə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətdir. 33 il əvvəl soyuq fevral gecəsində yüzlərlə günahsız insan, o cümlədən qocalar, qadınlar və uşaqlar yalnız azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla qətlə yetirilmiş və Xocalı şəhəri yer üzündən silinmişdir: Beynəlxalq birliyin sərt qınaq və təzyiqlərinə məruz qalmayan, əksinə bir çox hallarda xarici havadarlarından dəstək alan erməni vəhşiləri cəzasız qalacaqlarını düşünür və getdikcə daha da azğınlaşırdılar. Lakin faşist və vandal xislətli düşmən amansız qətliamlar törətməklə öz mənfur niyyətlərinə çata bilmədi. Azərbaycanlıları qorxutmaq və onların mübarizə əzmini qırmaq məqsədləri puça çıxdı. Xocalı soyqırımı Azərbaycanın tarixində unudulmayan faciədir. İllər keçsə də, Xocalı dəhşətlərini yaddan çıxarmamalıyıq. Çünki bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Mənfur qonşularımızın zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində indiyədək böyük işlər görülüb. Bu qanlı qətliama hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin danılmaz tarixi xidmətləri olub. Hazırda bu istiqamətdə ölkə rəhbərliyi, Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Xocalı soyqırımı qurbanlarının qanlarının töküldüyü doğma torpaqlarımızda bu gün üçrəngli bayrağımız dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər düşmənə ən kəsərli cavab oldu. Döyüş meydanında sarsıdıcı zərbələrlə düşmənin belini qıran qalib Ordumuz əzəli torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdi. Eyni zamanda, 2023-cü ildə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində 24 saatdan az bir müddətdə qanunsuz erməni silahlı birləşmələri təslim oldu. Suverenliyimizin tam bərpa olunması və əli qana bulaşmış terrorçuların bir hissəsinin məhv edilməsi ilə şəhidlərimizin qisası alındı. Hazırda doğma Qarabağımızı, o cümlədən Xocalını azad görməkdən sonsuz sevinc hissi keçiririk. Xocalı qurbanlarının qanlarının töküldüyü doğma torpaqlarımızda müqəddəs üçrəngli bayrağımızın dalğalanması olduqca qürurvericidir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə, o cümlədən Xocalıya Böyük Qayıdış davam edir. Ötən ildə başlayaraq Xocalı şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı mərhələli şəkildə aparılır. Müəyyən edilmiş vaxtlarda köç karvanı ilə Xocalıya çatan ailələrə yeni evlərinin açarları təqdim olunur. Ailələr açarları sevinc hissi ilə təhvil alaraq yeni evlərində məskunlaşır, doğma yurda qovuşmağın sevincini yaşayırlar. Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizi rəhmətlə anırlar. Bu il ikinci dəfədir ki, Xocalı faciəsinin növbəti ildönümü Xocalıda da qeyd edilir. Əminik ki, bu gün bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının ruhu şaddır. Bir daha təsdiq olundu ki, heç bir terror aktı və genosid cinayəti Azərbaycan xalqının qürurunu sındıra bilməz. Bu gün tarixi torpağımız olan Xocalı şəhərinin yenidən qurulması hər bir Azərbaycan vətəndaşına fəxarət hissi yaşadır. İnanırıq ki, bundan sonra Xocalı deyiləndə yalnız qətliam və faciə deyil, qəhrəmanlıq səhifəsi, müasir şəhər, tərəqqi və davamlı inkişaf yada düşəcək. Xocalı tezliklə doğma Azərbaycanımızın ən gözəl və abad guşələrindən birinə çevriləcək. Hüseyn Sadıqov YAP Cəbrayıl rayon təşkilatının Karxulu ƏPT-nin sədr müavini Geri dön |