Ana Sayfa > Karusel / Manşet / Siyasət / Özəl > Pakistanla qardaşlıq və əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir

Pakistanla qardaşlıq və əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir


Bu gün, 10:43. Yazar: sevinc1

Pakistanla qardaşlıq və əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi azərbaycan İcması
İdarə Heyətinin sədri


Qloballaşmanın indiki dövründə sabitliyə nail olmaq, təhlükəsizliyi təmin edə bilmək bir qədər çətinləşmişdir. Beynəlxalq hüququn işləmədiyi, güc amilinin önə çıxdığı bir dövrdə etibarlı və dayanıqlı tərəfdaşlara ciddi ehtiyac vardır. Azərbaycan üçün belə tərəfdaşlardan biri də qardaş Pakistan İslam Respublikasıdır. Nüvə ölkəsi olan Pakistanla qardaşlıq münasibətlərinin davamlı olması vacibdir. Cənab İlham Əliyevin həyata keçirdiyi bu siyasət ölkəmizdə əmin-amanlığın davamlı olmasına və təcavüzkar qonşuların əl-qolunu bağlamağa hesablanıb və nəticə də kifayət qədər sevindiricidir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasını Pakistanla qırılmaz şəkildə bağlayan uzun tarixi keçmişə söykənən tarixi, mədəni və etnik bağlardır. Xüsusilə də, Səfəvilər və Əfşarlar sülalələrinin hakimiyyəti dövründə Azərbaycanın bu bölgə ilə çox yaxın siyasi, iqtisadi və mədəni əlaqələri mövcud olmuşdur. Yüz illər öncə mövcud olan Səfəvi-Moğol və Əfşar-Moğol münasibətləri Azərbaycan – Pakistan əlaqələrinin əsasını və təməllərini təşkil edən vacib amillərdəndir. Məhz Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Azərbaycan Respublikasının müstəqilliyinin bütün dövrlərində Pakistan dövləti həmişə Azərbaycan xalqının və dövlətinin yanında olmuş, Azərbaycanın Qarabağ bölgəsinin erməni faşistləri tərəfindən işğal olunması faktını beynəlxalq və regional müstəvidə dəfələrlə pisləmiş, açıq şəkildə Azərbaycanın siyasi və strateji mənafelərini dəstəkləmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanımışdır.
Torpaqlarımızın erməni işğalından azad edilməsi prosesində bizə daim dəstək verən, qardaşlıq yardımını əsirgəməyən Pakistan dövləti və xalqının bu dəstəyi heç vaxt unudulmur.
Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarımızın çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Əsası Ulu Öndər Heydər Əliyev və Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari tərəfindən qoyulmuş yüksək səviyyəli siyasi münasibətlər xalqlarımız arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrsiya prosesinə təkan verən amillər sırasındadır.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanla münasibətlərin inkişaf etdirilməsinə daim diqqətlə yanaşır.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 23-də ölkəmizə rəsmi səfəri də bu proseslərin yüksək səviyyədə davam etməsinin təzahürüdür. Yüksək səviyyəli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı cənab İlham Əliyev bəyanatında demişdir: “Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə etsin.
Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, biz ticari dövriyyəmizin artımını da görəcəyik.”
Göründüyü kimi, ölkəmizin xarici siyasətində mühüm yer tutan Pakistan Respublikası ilə imzalanan sazişlər, qarşıya qoyulan hədəflər strateji məqsədlər güdür və hər iki ölkənin mənafeyinə uyğundur.
Bağlantı və daşımaların müasir dövrdə qlobal əhəmiyyət daşıdığını bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, ölkəmiz həm Şimal-Cənub, həm də Şərq-Qərb daşıma layihələrində yaxından iştirak edir. Bu da regiolnal sabitliyin mühüm meyarlarından biridir və bu sahədə Pakistanla əməkdaşlıq bizim prioritetlərimizdən hesab edilir.
Pakistanın çox inkişaf etmiş müdafiə sənayesinin olduğunu qeyd edən cənab İlham Əliyev bildirib ki, “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik.”
Öz növbəsində cənab Baş nazir Azərbaycan dövlətinin və cənab Prezident İlham Əliyevin Kəşmir məsələsində Pakistanın yanında olduğunu və dəstəyini əsirgəmədiyini yüksək qiymətləndirərək bildirib ki, “Kəşmir əhalisinə dəstəyinizə görə Sizə təşəkkür edirəm. Siz hər zaman heç bir siyasi şərt və ya tərəddüd olmadan Kəşmir məsələsində bizim haqq işimizi dəstəkləmisiniz və bu, Sizi fərqləndirən xüsusiyyətinizdir, sarsılmaz mövqeyinizdir. Biz Pakistan xalqı bunu yüksək qiymətləndiririk.”
İndiki şəraitdə Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq aləmdə, həmçinin regional müstəvidə imkanlarının genişlənməsi deməkdir və təbiidir ki, cənab Prezident İlham Əliyevin bu siyasəti təqdirəlayiqdir.
İnanırıq ki, qardaş ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, keçirilən görüşlər, imzalanmış sazişlər, aparılan müzakirələr dönməz xarakter alan mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaqdır.


Geri dön