Ana Sayfa > Özəl > Xocalı soyqırımı bəşəriyyət tarixinin ən böyük faciəsidir

Xocalı soyqırımı bəşəriyyət tarixinin ən böyük faciəsidir


Bu gün, 10:36. Yazar: sevinc1
Xocalı soyqırımı bəşəriyyət tarixinin ən böyük  faciəsidir

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.
Tarixi həqiqətdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Onlar tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Hələ 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş və onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişlər. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliyə hazır olduğunu bir daha nümayiş etdirdi.
Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımı kimi Azərbaycan xalqının qan yaddaşına yazılmışdır. Ermənilərin məkrli siyasətinin mahiyyətini incəliyinə kimi duyan ulu öndər Heydər Əliyev 1995-ci il fevralın 25-də Təzəpir məscidindəki çıxışında demişdir: "Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi".
Məhz ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi və ulu öndərin rəhbərliyi ilə bu faciəyə düzgün siyasi-hüquqi qiymət verildi, bu dəhşətli hadisənin səbəbkarları və iştirakçıları aydın şəkildə göstərildi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olundu. Ölkə Prezidentinin sərəncamı ilə 26 fevral - Xocalı faciəsi günü elan edildi. Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə faciənin dəqiq siyasi qiyməti verildi, günahkarlar göstərildi. Adı çəkilən fərman, beynəlxalq insan haqları haqqında aktlar, BMT nizamnaməsi, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətli cinayət kimi tanınmasına tam əsas yaradır.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi irsini uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığı ilə bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş ideoloji-intellektual işlər görülür.
2020-cil 27 sentyabr tarixli 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında antiterror əməliyyatları nəticəsində işğal altında olan bütün torpaqlarımız və qan yaddaşımız, tariximizə qanlı hərflərlə yazılmış Xocalımız düşmənin tapdağından azad olundu. Artıq Xocalıda və digər azad olunmuş şəhərlərdə şanlı bayrağımız qürurla dalağalanır. Bütün bu uğurlar təbii ki, Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Məhz İlham Əliyevin ordu quruculuğu sayəsində Silahlı Qüvvələrimiz daha da təkmilləşdi, güclü ordu yaradıldı, müasir silahlar alındı və nəticədə 30 ildən artıq işğal altında olan torpaqlarımız azad edildi.
Bu gün hər bir azərbaycanlı artıq 26 fevralı qalib xalq kimi anır. Çünki igid əsgərlərimiz hər bir xocalının qisasını lazımı şəkildə alıb.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı
Geri dön