Ana Sayfa > Özəl > Təhlükəsizlik sabitliyin təməlidir.

Təhlükəsizlik sabitliyin təməlidir.


Dünən, 23:50. Yazar: sevinc1
Təhlükəsizlik sabitliyin təməlidir.

Əslində bu mövzu çox mühüm məsələdir. Təhlükəsizlik şəxsiyyətin, cəmiyyətin və dövlətin vacib həyati maraqlarının daxili və xarici təhdidlərdən mühafizə olunması halı kimi başa düşülür. Əsas məqsəd dövlətin vətəndaşlarının konstitusiya və beynəlxalq normalara uyğun olaraq hüquqlarının, azadlıqlarının və sosial müdafiəsinin təmin olunmasıdır. Bizim quru sərhədlərimiz bağlı olsa da xaricdən ölkəmizə qarşı təhlükəli hərəkətlər aparılır. Bu hərəkətlərin qarşısı qətiyyətlə alınır və bizi xarici risklərdən qoruyur. Qələbəmizi həzm edə bilməyən dövlətlər çoxdur. Bizə qarşı təxribat törətməyə hazırdırlar və pozuculuq fəaliyyətini respublikamızda həyata keçirtmək istəyirlər. Amma unutmaq lazım deyil ki, dövlətimizin bu sahədə kifayət qədər peşakar kadrları vardır. Hər hansı bir təxribatın qarşısını almağa hər an ayıq-sayıqdırlar. Milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində son illərdə bir neçə uğurlu əməliyyatlar həyata keçirilmişdir.  Qusarda “Meşə qardaşları" adlı terror qruplaşmasına qarşı keçirilən sonuncu tədbir nəticəsində rayonun Cibir kəndi yaxınlığında meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olmuşlar. Radikal və eksterimist qruplaşmanın başında dayanan şəxs Qədir Hacıyev 2008-2015-ci illərdə həbsdə olmuşdur. 2024-cü ildə havadarlarından məlumat alır ki, radikal fəaliyyətini davam etdirmək lazımdır. Adından da göründüyü kimi meşədə olan heyvanlar – tülkü, çaqqal kimi ətrafına da özü kimi insanları yığır. Məfkurəsi zəif gəncləri din adı altında eksterimist fəaliyyətə cəlb edir. Bu avam, sadəlövh dünyadan xəbəri olmayan insanları əməkdaşlığa rahat cəlb edirlər ki, onlar terror əməllərini həyata keçirsinlər.
Terror əməlləri ilə nə etmək istəyirlər? Əsas məram və məqsədləri 1-ci dövlətə inamsızlıq yaratmaq, 2-ci gənclər arasında radikalizmi yaymaq, 3-cü separatizmi, dini və irqi ayrılığı təbliğ etmək, dini qarşıdurma yaratmaq.
Təhlükəsizlik qanunları qanla yazılır. Daim risklər, təhdidlər, yeni təhlükələr ortaya çıxır. Bu sahədə çalışan mütəxəssislər qabaqlayıcı tədbirlər görürlər. Buna baxmayaraq yenə də bəzi qüvvələr ölkədaxili təsir göstərmək istəyirlər. Sonradan bəlli olur ki, həmin insanlar yad təsirdə olublar.
Niyə bu baş verir? Bunun səbəbləri nədir? Motivasiya nədir? Biz özümüzü necə aparmalıyıq ki, bu sahədə çalışan insanlara dəstək olaq.
Gəlin ətrafa baxaq. Nə baş verir? Rusiya-Ukrayna qarşıdurması, Suriyada olan proseslər, dini qruplaşmaların törətdiyi terror və s. hadisələrin həyata keçirilməsi göz qabağındadır. İnsanlar arasında xof yaratmamaq üçün xüsusi xidmət orqanları əməliyyat şəraitinə tam nəzarət edir. Dövlət Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyi ilə birgə Qusarda unikal əməliyyat keçirdi. Cinayətkarlar qanunazidd əməlləri ilə bağlı cinayət məcəlləsinin bir sıra maddələri ilə qanun qarşısında cəzaların alacaqlar. Əsas məqsəd ondan ibarətdir ki, radikal dini qurumlardan istifadə edərək xarici xüsusi xidmət orqanları düşüncəsi zəif insanları əməkdaşlığa cəlb edir, dövlətə qarşı inamsızlıq yaradır. Beynəlxalq terror təşkilatları dünyada ən zəif nöqtəni axtarırlar ki, harda dayaq nöqtəsi yarada bilərik ki, fəaliyyətimizi davam etdirə bilək. Terror təzyiq vasitəsidir. Dini fanatizm, dini radikallıq, dini düşmənçilik müstəvisində olan təzyiq vasitəsi ilə Konstitusyon quruluşu dəyişib islam, şəriət quruluşuna keçməyə qədər hədəf nəzərdə tutulur. Təkcə təlaş, təşviş, təzyiq yox. Əməliyyat şəraitinə ciddi nəzarət olunmalıdır. Nəyisə gözdən qaçırmaq olmaz. Son 5-6 ildə istər Cənub istərsə də Şimal bölgəsində ifşa edilmiş dəstələr zərərsizləşdirilmiş və məhkəmə prosesləri həyata keçirilmişdir. Etiraflarda ediblər. Bu işin arxasında bir rayonun bir regionun adamları dayanmır. Yatmış agent prinsipi var. Məqamı gələndə onların nöqtələri basılır və hərəkətə keçirlər. Fanatiklər heç nəyə baxmadan ölümə gedirlər. Çünki, əvvəl onların beynini yuyurlar. Onlara maarifləndirmə, profilaktika təsir edə bilmir. Əslində Qusarda keçirilən əməliyyat bu yola düşə biləcək gənclərə, insanlara effektiv maarifləndirici tədbirdir. Vacib məsələlərdən biri də ideoloji təhlükəsizlikdir. Bu hissədə daim diqqətli olmalıyıq. Bizə qarşı ideoloji təxribatlar davam etsədə, məsələlərin həllində xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. Vətəndaşlar xarici xüsusi xidmət orqanlarının müxtəlif vədlərinə aldanmamalıdır. Ölkəmizdə istənilən ideoloji təxribatın kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər bu bizi sakitləşdirməməlidir. Daim hazır olmalıyıq. Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik. Necə ki, edirik. Xalqda yaxşı görür ki, dostumuz və düşmənimiz kimdir. Qonşu dövlətlərin bizim suverenliyimizə olan münasibəti, bəzi gənclərimizin təsir altına düşməsi hamımızı narahat edir. Əlbəttə Qusar hadisəsi bir tərəfdən bizim müvəffəqiyyətimizdir. Kim belə addımı atsa bu yola düşsə onların aqibəti yaxşı olmayacaq. Lakin digər tərəfdən ürəy ağrıdan məqam ondan ibarətdir ki, necə oldu ki, bizim gənclər təsir altına düşdü. Ola bilərdi bu gənclər təhsil, mədəniyyət, istehsalat və s. sahədə çalışıb, cəmiyyətin ictimai-siyasi həyatında özlərinə məxsus yer tutub ailə başçısı olsunlar. Ümumi qiymət verəndə nəzər salaq neçə nəfəri itirdik? Bəs necə olur bu gənclər təsir altına düşür? Mexanizminə toxunaq. Cəlbetmə prosesində gənclərə xüsusi önəm verilir. Çünki, gənclər daim hərəkətdədir. Gənclər cəmiyyətdə öz yerini tapmağa, özlərini təsdiq etməyə çalışır. Onlara 3 amil təsir edir. Daxili, xarici və şəxsi amillər, parametrlər. Daxili amillər onların həyatlarında, ailədə, iş yerində olan vəziyyət, cəmiyyətdə qazandığı uğurlar və üzləşdiyi müvəffəqiyyətsizliklər. Bəzi hallarda öz günahları üzündən bəzisində haqsızlıqlar, ədalətsizliklər.
Xarici dini eksterimist dairələrin, təşkilatların təsiri. Burada məngənə əmələ gəlir. Məngənənin bir tərəfi daxili uğursuzluqlar digər tərəfdə xarici eksterimist qüvvələrin vədləri, ideologiyaları. Vətən bizim evimizdir. Xaricdən gələn təsirlər əsasən yeni dövlət qurmaq, yeni nizam yaratmaq cəhdi, öz şəxsiyyətini təsdiq etmə mativi, tez bir zamanda var-dövlət əldə etmə, cəmiyyətdə özünü təsdiq etmə, hamı tərəfindən tanınma və s. kimi istiqamətlərdə gəncləri tələyə sala bilirlər. İdeoloji təxribatın ən təhlükəli forması dini radikalizm, fanatizmdir. Çünki, din insanlar üçün həssasdır həm də ideologiyadır. İnsanların ora meyllənməyi var. Ən təhlükli də radikal dindarlıqdır. Qusarda baş verən tədbirdə elə bir peşakarlıq göstərildi ki, sanki zərgər dəqiqliyidir. Gecə-gündüz bu istiqamətdə gərgin işləyiblər. Xarici xüsusi xidmət orqanlarının istiqamətləri ayrı-ayrılıqdadır amma əməlləri birdir. Əsas məqsəd Konstitusiyanı dəyişmək. İstədikləri din pərdəsi altında İslam Respublikası yaratmaqdır. 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə dövlətimiz özünü bir daha sübut etdi. Gənclər ilk növbədə milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər. Müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim 30 illik işğal dövrümüz onu göstərdi. Bütün böyük güclər bu işğalı əbədi etmək istəyirdi. Əvvəllər gəncləri oxumaq adı ilə müxtəlif dövlətlərə çıxarırdılar. Orda onları əməkdaşlığa cəlb edir, dövlətimizə qarşı pozuculuq fəaliyyətində istifadə etməyə cəhd edirlər. Gənclərin bu işlərə cəlb edilməsi istiqamətində sosial şəbəkələrdən daha çox istifadə edirlər. Virtal məkanda hər bir gəncin ən həssas nöqtələrindən istifadə edirlər. Ümumiyyətlə mediada, ali və orta ixtisas məktəblərində, sosial şəbəkələrdə bu istiqamətdə aparılan çıxışların, yazılan məqalələrin, diskussiyaların çox böyük faydası var. Əgər maarifləndirmə effekt verməyəndə qanunun sərt üzü həyata keçirilməlidir. Çünki hədəf insanlardır. Gənclərimizlə nəinki tərbiyə işinin gücləndirilməsi, bütün istiqamətlərdə söhbət aparılmalıdır. Vətənpərvərlik və xəlqilik hissinin aşılanması çox vacibdir. Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın milli maraqlarına zərər vura biləcək pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədilə xüsusi fəaliyyət uğurla davam etdirilir.
Kiber hücum. Dövlət orqanlarında baş vermiş kompüter insidentlərinin koordinasiyası və kiber təhlükəsizlik məsələlərini Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi həyata keçirir. 20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiber hücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndiririk. Kibertəhlükəsizliyin ümumilikdə çox mürəkkəb məvhum olması hər kəsə məlumdur. İnternet bu gün digər kommunal xidmətlər ki gündəlik ən vacib ehtiyaclardan birinə çevrilmişdir. İnternet vasitəsilə istifadəçilər istədikləri məlumatları dərhal tapa və ala bilər. Məlumat əldə edə bilmək üçün təəssüf ki istifadəçilər bəzən özləri də bilmədən kiber cinayətkarların qurbanıına çevrilə bilirlər. Xüsusilə azğın düşmənlərimiz və onların havadarlarının Ölkəmizin haqq savaşı zamanı əllərindən gələn mümkün bütün vasitələrlə zərər verməyə çalışırlar. İnformasiya təhlükəsizliyi bir dəryadırsa bizim toxunduğumuz məqamlar bu dəryadan bir damladan da kiçikdir. Odur ki, hər birimizin İnternetin həyatımıza bu qədər inteqrasiya etdiyi dövrdə İnformasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını daim artırmağa çalışaq. Unutmayaq ki, zərərin yarısından dönmək də xeyirdir.
Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır. İnternet məkanında hücum 3 əsas istiqamətdə həyata keçirilir. Birinci istiqamət dövlət qurumlarının rəsmi internet səhifələrinə edilən hücumlardır ki, bunlar da hüquq mühafizə orqanları tərəfindən uğurla dəf edilir. Digər iki istiqamət - sosial şəbəkələr və smartfonlar isə bizim, ölkə vətəndaşlarının məsuliyyətindədir. Vətən müharibəsi zamanı Ermənistan xüsusi xidmət orqanları WhatsApp mobil tətbiqi və sosial şəbəkələrdə yaradılan saxta hesablar və qruplar vasitəsilə əlaqə qurmağa, saxta videolar yaymağa, məlumat toplamağa cəhd edirdilər. Bu zaman müxtəlif psixoloji təsir metodlarından, sevinc, nifrət və ya panikanın yaradılmasından istifadə edilir. Əksəriyyətimiz emosional gərginliyi və ya yüksəlişi digərləri ilə bölüşməyə meyilliyik. Düşmənin də yekun hədəfi məhz budur, müxtəlif vasitələrlə ona lazım olan məlumatı toplamaq və yaymaq. Bəzi sadə qaydalara riayət etməklə düşmənin bu cəhdinin qarşısını ala bilərik. Sosial şəbəkələrdə ölkəmizdə milli zəmində nifrət yaratmağa və yalan məlumatlar yaymağa cəhd edən qrupları həmən şikayət və blok etmək lazımdır. Düşmən tərəfindən yaradılan sosial şəbəkə qruplarının əsas əlaməti məhz ölkəmizdə nifrət və vətəndaş qarşıdurması, dövlətə inamsızlıq yaratmağa yönəlməsidir. Sosial şəbəkələr üzərindən yayılmasına cəhd edilən bütün təxribat xarakterli məlumatlar, şəkillər və videoyazılar bloklanmalıdır. Yəni istifadə etdiyimiz sosial şəbəkədə olan şəxsi məlumatlarımızın yayılmasının və qarşı tərəfin əlinə keçməsinin qarşısını almış oluruq. Ən dürüst və yeganə məlumat mənbəyi rəsmi şəxslər və dövlət qurumlarıdır. Bunu daima yadda saxlamalıyıq!
Bu hadisələrlə paralel gənclər üçün bir məqamıda xüsusi qeyd etməliyəm ki, bu gün doğma yurdumuz I və II Qarabağda, 1993-cü il Lənkəran hadisələrində, Aprel savaşında, 44 günlük Vətən müharibəsində, 23 saat davam edən lokal xarakterli antiterror döyüşlərində igidlik göstərən qəhrəman oğulları-şəhid və qaziləri ilə fəxr edir. Adını tariximizə qızıl hərflərlə yazmış, nəniki doğulub boya-başa çatdığı Lənkəranda bütün dünyaya öz qəhrəmanlığı ilə səs salan, Volqadan Baltikədək şərəfli döyüş yolu keçmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş tank qoşunları general-mayoru Həzi Aslanovu fəxrlə deyə bilərik. Əfsanəvi sərkərdə general Həzi Aslanova ən yüksək qiyməti xalqımızın Ümummilli Lideri Heydər Əliyev verib və qəhrəmanlıqlarla dolu döyüş xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir. Mən vaxtilə Stalinqradda müharibəyə həsr olunmuş abidəni ziyarət edərkən orada adları qızıl hərflərlə yazılmış Sovet İttifaqı Qəhrəmanları arasında Həzi Aslanovun da adını iftixarla oxumuşam. Hələ o vaxt ürəyim dağa döndü, fəxr etdim, ətrafımda olan adamlara sevinclə bildirdim ki, baxın, bu abidədə Azərbaycan oğlunun da adı var. Bunlar hamısı Azərbaycan tarixinin parlaq səhifəsidir".
Həzi Aslanov Azərbaycanımızın cənub bölgəsindən pərvazlanaraq Vətənimizin qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazmışdır. Bu gün Azərbaycanda, həmçinin keçmiş Sovetlər İttifaqının hər bir guşəsində Həzi Aslanovun adı böyük hörmət və ehtiramla xatırlanır. İndi Rusiyanın, Belarusun, Litvanın və digər respublikaların şəhərlərində Həzi Aslanovun abidələri ucalır və adı əbədiləşdirilərək məktəblərə, küçələrə, park və xiyabanlara verilir.
Həzi Aslanov haqqında SSRİ Elmlər Akademiyasının müxbir üzvü A.M.Samsonov belə yazıb: "O, özünü cəsur, mətin bir komandir kimi göstərdi. Başqaları tankda lyükü örtüb hücuma keçəndə, Həzi Aslanov "Villis" maşınında oturub gedirdi. O, özünü Allahın saxladığı insan kimi hiss edir, ölümdən qətiyyən qorxmurdu. Vuruşan bölmələrə tez-tez rəhbərlik etməli olur, şəxsi nümunəsi ilə əsgər və zabitləri irəliyə aparırdı. Almanlarla ilk döyüşlərdə sağ qıçı iki yerdən yaralanmasına baxmayaraq, Həzi dəstədən geri qalmırdı. Sonralar mərmi qəlpəsi başını yaralasa da arxaya göndərilməkdən imtina etmişdi". Bu siyahını uzatmaq da olar. Amma düşünürəm ki, məsələ aydındır və geniş oxucu kütləsinə söhbətin nədən getdiyi bəlli olacaq.
Son olaraq qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyi təhlükəsiz bir dönəmdə, günü-gündən inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz harada olmasına baxmayaraq, müstəqil Azərbaycan dövlətinin milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, öz sahələrində uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar. Ölkəmizin milli, siyasi, hərbi və iqtisadi mənafelərinə qarşı kəşfiyyat-pozuculuq niyyətlərinin ifşa edilməsi istiqamətində qətiyyətli mübarizə aparan igidlərimizlə fəxr edirik. Son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyllərlə üzləşmək və s. təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə edilmiş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Çünki Azərbaycanın inkişafına qısqanclıqla yanaşan daxili və xarici qüvvələr vardır. Bizim müstəqil siyasətimizi həzm edə bilməyən belə qüvvələr Azərbaycan ərazisində yeni separatçılıq ocaqları yaratmaq niyyətindən əl çəkmirlər. Onlar gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq gənclərimizin mütləq əksəriyyəti belə yad təsirlərdən uzaq dururlar. Onlar ölkəmizin tərəqqisi, öz gələcəkləri naminə yürüdülən siyasətə dəstək verirlər. Əminəm ki, gənclərimiz Ulu Öndərin dövlətçilik irsini dərindən öyrənməklə onun xalqımızın işıqlı gələcəyinə ünvanlanmış ideallarına sadiq qalacaq, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər. Cəmiyyətdə gözəgörünməz qəhrəmanların fəaliyyəti yüksək qiymətləndirilir. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini qətiyyətlə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada sabit və təhlükəsizlik mühitinə malik müstəqil ölkələrdən birinə çevrilmişdir.
44 günlük II Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmədi. Bu müharibə sözün həqiqi mənasında kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğunu açıqladı. Müharibənin başlandığı ilk andan Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə və Pakistan qədim tarixə söykənən əlaqələrimizin təməlində dostluq və qardaşlıq prinsiplərinin dayandığını bir daha nümayiş etdirdilər. Tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyi bunun bariz nümunəsidir. Hər üç ölkə dünyaya qardaşlığın nümunəsini göstərir. 
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də ölkəmizə rəsmi dövlət səfəri etdi. Tarixi Zəfərimizin reallıqları əsasında Azərbaycan və Türkiyə qardaşlığının, müttəfiqliyinin təsdiqi kimi Şuşa Bəyannaməsinin ardınca, Bakı Bəyannaməsi də imzalandı. Bu sənəd Bakıda bir araya gələn  Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri tərəfindən imzalandı.  Onu da qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşan sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı hazırda ayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri fonunda yeni əlaqələr qurmaqla yanaşı, tərəfdaşları ilə münasibətlərini uğurla davam etdirir. 


Cəmil Quliyev
AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dissertantı, tarix üzrə fəlsəfə doktoru

Geri dön