Ana Sayfa > Gündəm > Daşınar və daşınmaz əşyaların əldə edilməsi zamanı vicdanlılığın rolu-Aysu Nəbizadə yazır

Daşınar və daşınmaz əşyaların əldə edilməsi zamanı vicdanlılığın rolu-Aysu Nəbizadə yazır


Dünən, 19:41. Yazar: sevinc1
Daşınar və daşınmaz əşyaların əldə edilməsi zamanı vicdanlılığın rolu-Aysu Nəbizadə yazır

Daşınar və daşınmaz əşyalara münasibətdə əldə edən şəxslərin vicdanlılığı müxtəlif meyarlara söykənir. Burada əldə etmə məqamı, hüquqi əsas olmadan əldə etmə, reyetsrdə qeydə alınma məsələləri araşdırılaraq müvafiq nəticəyə gəlinməlidir. Daşınar əşyalarda əldə edənin əldə etmə anında vicdanlı olması kifayət edirsə (istisna hallar nəzərə alınmaqla), daşınmaz əşyalarda məsələ dəyişir. Həmçinin hüquqi əsas olmadan əldə etmə halında qanunla müəyyən olunmuş müddətlərə əməl etməklə əldə edənin mülkiyyətçi hesab olunması reallaşa bilir.

Daşınar əşyalar üçün:

Mülki Məcəllə / Maddə 182. Vicdanlı əldə edən

182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.

Maddənin təhlilindən vicdanlılıq faktının yaranması üçün aşağıdakı nəticələrə gəlinir:

• Özgəninkiləşdirən şəxsin mülkiyyətçi olmadığını bilməməli və bilməli olmamalıdır;
• Əvəzli qaydada əldə edilməlidir;
• Əşya mülkiyyətçinin iradəsinə zidd onun idarəsindən çıxmamalıdır;
• Vicdanlılıq əşya verilənə qədər mövcud olmalıdır.
Məsələn, Uğurun Sənana müvəqqəti istifadə məqsədilə verdiyi telefon Sənan tərəfindən Ceyhuna satılır. Burada Ceyhun Sənanın mülkiyyətçi olmadığını bilməməsi, əvəzli qaydada telefonu əldə etməsi və telefonun Uğurun iradəsi ilə ondan çıxması halları nəzərə alınaraq deyə bilirik ki, Ceyhun əşyanı əldə etmiş olur.

Hesab etsək ki, Uğurun telefonunu Sənan oğurlayaraq Ceyhuna satır, yaxud iradəsi daxilində telefonun mülkiyyətçidən çıxmasından asılı olmayaraq telefon Ceyhuna bağışlansa Ceyhun əşyanın mülkiyyətçisi olmayacaqdır. Ceyhun əşya veriləndə vicdanlı olmasının buna təsiri olmayacaqdır.

Əldə etmə müddəti baxımından:

MM-in 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.

Əgər vicdanlı şəkildə əldə edən amma yuxarıda sadalanan səbəblərə görə (əvəzsiz əldə etmə, oğurlanma) mülkiyyətçi sayılmayan Ceyhun 5 il ərzində sahiblik edərsə, artıq əşyaya mülkiyyəti əldə edəcəkdir. Deməli 182-ci maddəyə uyğun olaraq vicdanlı olsa belə əşyaya mülkiyyət hüququnu əldə edə bilməyən şəxslər 181.4-cü maddəyə uyğun olaraq 5 il vicdanla sahiblik edərsə əldə etmə halı reallaşır. Ceyhun 5 il tamam olmadan əşyanın Sənanın mülkiyyəti olmadığını öyrəndikdə isə avtomatik olaraq vicdanlı da sayılmayacaq və 5 il sonra mülkiyyəti əldə etməyəcəkdir.

Daşınmaz əşyalar üçün:

Daşınmaz əşyaların əldə edilmə əsası hüquqauyğun olmadıqda aydındır ki, əldə edənin adına reyestrdə müvafiq qeyd aparılsa da, bu qeyd əsassız hesab olunacaq. Burada əldə edənin vicdanlı olub-olmaması önəmli deyil. Məsələn etibarsız əqd nəticəsində reyestrdə qeyd aparılsa, əldə edən onsuz da mülkiyyətçi sayılmayacaq və əşya onun əmlakının aktiv hissəsində olmayacaq və keçmiş mülkiyyətçidə qalacaqdır. Keçmiş mülkiyyətçi əsassız qeydiyyatın silinməsini tələb edə biləcək. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Burada da daşınmaz əşyanı əldə edən vicdanlı şəxsdirsə və 10 il ərzində sahiblik edərsə mülkiyyət hüququnu qazanmış olacaq. MM-in 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Yəni burada da daşınar əşyalarda olduğu kimi mülkiyyətçi sayılmayan vicdanlı əldə edən müddətin keçməsi ilə mülkiyyətçi sayılacaq.

Amma əmlakın üçünçü şəxsə özgəninkiləşdirilməsi ilə vəziyyət dəyişəcəkdir. Əgər adına əsassız qeyd olan şəxs əmlakı üçüncü şəxsə özgəninkiləşdirərsə, əldə edən şəxsin vicdanlılığı bir sıra meyarlara əsasən qorunur. Belə ki, üçünçü şəxslə özgəninkiləşdirən arasında etibarlı müqavilə bağlanmışsa və üçüncü şəxs əşyanı əldə edərkən reyestrdə olan qeydə əsaslanıb əldə edirsə və ən əsası özgəninkiləşdirinənin adına qeydiyyatın əsassız olduğunu bilmirsə və ya bilməli deyilsə vicdanlı əldə edən hesab olunur.

Belə ki, MM-in 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

Məsələyə nümunə üzərindən baxaq: Uğurun mülkiyyətində olan əmlak etibarsız əqd nəticəsində əsassız şəkildə Sənanın adına qeydə alınmışdır. Fərz edək ki, Sənan bu qeydin əsassız olduğunu bilməyərək 10 il ərzində əmlaka fasiləsiz olaraq sahiblik edərsə mülkiyyət haqqını əldə edər. Uğur isə əsassız qeydiyyatın çıxarılması barədə iddia qaldıra bilər

Həmçinin Sənan əşyanı Ceyhuna satarsa, Ceyhun o zaman vicdanlı olar ki, o Sənanın mülkiyyətçi olmadığını bilməz və ümumiyyətlə də bilməsi lazım gəlməz. Bu zaman Mmin 149.2-ci maddəsinə uyğun olaraq Ceyhunun qeydiyyatla əlaqədar əldə etdiyi hüququ saxlanılacaq. Uğur isə Ceyhundan o zaman əşyanı geri ala bilər ki, Ceyhunun Seymurun mülkiyyətçi olmadığını bildiyini sübuta yetirə bilsin.

Aysu Nəbizadə,
Hüquqşünas

Geri dön